Seçkilərin KİV-də işıqlandırılması Layihə

Seçkilərin KİV-də işıqlandırılması

Seçkilərin azad, demokratik və şəffaf keçirilməsində KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir
Azərbaycanda keçirilən seçkilərdə həm MSK, həm də müvafiq beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biri KİV-lərin seçkilərdə iştirakı, bu prosesdə MSK və digər seçki subyektləri ilə əlaqələrin qurulmasıdır. Bu da təsadüfi deyil. Artıq müasir demokratik dövlət idarəçiliyinin təcrübəsi tam şəkildə təsdiqləmişdir ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. KİV-lər yalnız seçki təbliğatını həyata keçirən orqan deyil, eyni zamanda, seçki mühitinin aşkarlığını təmin edən qurumlardır. KİV-lər sərbəst şəkildə seçkinin aşkarlığını təmin edə, müşahidə missiyasını həyata keçirə, namizədlərarası yarışı təşkil edə və keçirilən seçkilərin imicini formalaşdıra bilər. Elə buna görə də Azərbaycan hökuməti, eləcə də MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə seçkilər zamanı mətbuatın iştirakı təmin edilir, seçkilərin əsas subyektləri olan namizədlərin seçki kampaniyalarında onların mətbuatdan istifadə imkanlarına geniş şərait yaradılır.
BDU-nun müəllimi Pərvanə İbrahimova bildirib ki, Seçki Kampaniyası və media arasındakı qarşılıqlı əlaqə, yaxud da seçki kompaniyasındakı medianın rolu hər seçki mövsümündə ən çox gündəmə gətirilən mövzulardandır. Seçki kampaniyası aparılarkən namizədlərin mediaya böyük ehtiyacı olur. Müxtəlif maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən dəstəklənən müxtəlif informasiya vasitələri isə bu avantajı namizədlərə verməkdədir. Media vasitələrinin çoxalması və rəngarəngliyi isə rəqabətin yaranmasına şərait yaradır. Pulsuz və ya pullu siyasi reklamın verilməsinin tənzimlənməsi yolları mübahisə predmetinə çevrilir. Ədalətli və balanslı işıqlandırma prinsiplərinə riayət edilməsinin təmin olunması yolları müzakirə edilir: "Özünütənzimləmə və cavabdehlik vasitəsilə, yoxsa qanunvericilik norması və sonrakı nəzarət vasitəsilə? Halbuki plüralizm, redaksiyanın müstəqilliyi və jurnalist peşəkarlığı hamı tərəfindən qəbul olunmuş ilkin zəruri şərtlərdir. Eyni zamanda, mətbuat azadlığının sərhədləri barədə geniş konsensus vardır. Məsələn, seçki kampaniyasında namizədlərin opponentlərini təhqir etməsi, digər namizəd və partiyalara qarşı neqativ kampaniya aparılması yolverilməzdir. Seçki kampaniyasının aparılması ilə bağlı etika məsələlərinin tərtib edilməsi, redaksiyanın fəaliyyəti jurnalistlərin və kütləvi informasiya vasitələrinin iştirakı və razılığı ilə həyata keçirilməlidir. Çünki nəticə etibarı ilə etika məcəlləsi ünvanlandığı insanlar tərəfindən qəbul edilmirsə, əhəmiyyətsiz olur".
Onun sözlərinə görə, müstəqil mediaya ümumi nəzər salsaq, 20 illik tarixi olan mətbuatın bu günkü vəziyyətini qənaətbəxş hesab etmək olar. Qəzetlərdə seçkilərin işıqlandırılması elektron mətbuat və televiziyaya nisbətdə daha ədalətli olmalıdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, ölkədə fərqli siyasi strukturları müdafiə edən mətbuat fəaliyyət göstərir. Bu da təbii ki qüvvələr nisbətini tənzimləyir. Azərbaycanda söz azadlığı dedikdə də, əsasən mətbuat azadlığı nəzərdə tutulur. Mətbuat azadlığı adətən, ölkənin mətbuat qanunları ilə tənzimlənir. Bəzi ölkələrdə informasiya haqqında və məlumat əldə etmək haqqında qanunlar var. Bu qanunlar isə nəinki bir-birini inkar etmir, hətta bir-birinin sərhədlərini müəyyənləşdirir. Bütün bu proseslərdə ən önəmli məsələ isə seçicilərin mənafeyi və maraqlarına xidmət etməkdən ibarətdir. Vətəndaşların təlabatını nəzərə almaq, məhz onların arzuladığı tərzdə işıqlandırma medianın reytinqinə birbaşa təsir edən amillərdəndir.
O da bildirilib ki, medianın seçki dövründəki hüquq və öhdəlikləri İnsan Hüquqları Bəyannaməsinin 19 və 21-ci maddələrindən törəyir. Bu maddələr hər bir insanın ifadə və məlumat azadlığını, həmçinin öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad secilən nümayəndələr vasitəsilə istirak etmək hüququnu təmin edir. Bu hüquqlar həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasında (Məddə 10 və Protokol 1, Maddə 3) və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunub. İnsan Hüquqları üzrə Avropa Konvensiyasını həyata keçirərkən Avropa İnsan Hüquqları Məhkəməsi siyasi hesabatvermə və seçkilərdə medianın rolu ilə bağlı mühüm qərarları vermişdir. Cəmiyyəti məlumatla təmin etmək üçün media azadlığı mövcud olmalıdır. Mətbuat azadlığı cəmiyyətin öz siyasi liderlərinin ideya və yanaşmaları haqqında fikrini formalaşdırmaq üçün ən yaxşı vasitələrdən biridir. Xüsusilə də, bu, siyasi xadimlərə ictimai fikri əks etdirmək və şərh etmək imkanı verir; hər kəsə azad siyasi debatlarda iştirak etmək hüququ verir ki, bu da demokratik cəmiyyət konseptinin əsasını təşkil edir. 1999-cu ildə Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlər üçün tövsiyə hazırladı. Bu tövsiyədə üzv dövlətlərin yayım mediası tərəfindən "ədalətli, balanslı və qərəzsiz" işıqlandırma və bütün medianın redaktə müstəqilliyinin təmin edilməsi üçün tədbirlər irəli sürülür. Özəl çap mediası "istənilən siyasi seçimi ifadə etmək hüququ"na malik olmalıdır, dövlət tərəfindən idarə olunan çap mediası isə ədalətli və balanslaşdırılmış olmalı və "hər hansı siyasi partiya və ya namizədə qarşı ayrı-seçkilik etməməlidir".
Həm dövlət, həm də özəl teleradio təşkilatları seçki təşviqatlarını ədalətli, balanslaşdırılmış və qərəzsiz şəkildə işıqlandırmalı, öz proqramlarında dövlət məmurlarına "imtiyazlı münasibət" göstərməməlidirlər. Tövsiyədə həmçinin medianı seçki dövründə hökumət müdaxiləsindən qoruyan, həmçinin jurnalistləri və digər media heyətini "hücum, hədə və digər qeyri-qanuni təzyiqlərdən" qoruyan tədbirlər əks etdirilmişdir. Bir sözlə, istər Avropa, istərsə də beynəlxalq səviyyədə seçkilərin mətbuatda işıqlandrılması ilə bağlı ətraflı və geniş standartlar mövcuddur. Bu standartlar Azərbaycan qanunvericiliyində də öz əksini tapır.
P.İbrahimova qeyd edib ki, Azərbaycanda media sahəsini və seçkiqabağı təşviqatı tənzimləyən və seçkilərin mətbuat tərəfindən azad işıqlandırılmasına müəyyən təminat verən bir neçə hüquqi sənəd mövcuddur: "Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycanın kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
"Teleradio yayım haqqında" qanunun 3-cü maddəsi teleradio fəaliyyətin fundamental prinsiplərini - ideoloji və siyasi plüralizm, tarazlılıq və obyektivlik prinsiplərini təsbit edir. "İctimai teleradio yayım haqqında" qanunun 4-cü maddəsinə uyğun olaraq, ictimai teleradio yayım prinsiplərinə müstəqillik, obyektivlik, qərəzsizlik, məlumatın dəqiqliyi kimi prinsiplər daxildir. Seçki Məcəlləsinin 11.1 maddəsində qeyd edilir ki, dövlət vətəndaşlar, siyasi partiyalar, referendum üzrə təşviqat qrupları tərəfindən azad seçkiqabağı təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir.
Seçki Məcəlləsinin 77-ci maddəsi seçkiqabağı təşviqat zamanı kütləvi informasiya maddələrinin əsas vəzifələrindən bəhs edir. İctimai teleradio təşkilatları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır. Azərbaycan ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatları, habelə dövri nəşrlərin redaksiyaları birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar".
Seçki Məcəlləsində də bu prosesdə KİV-lərin təmsilçilərinə bir sıra üstünlüklər verilib. KİV-lər MSK-da və aşağı seçki komissiyalarında akkreditə olunmadan proses ərzində bütün mərhələlərdə istənilən məntəqədə seçkiləri müşahidə etmək, onlara lazım olan bütün məlumatları almaq hüququna malikdirlər. Seçki Məcəlləsi namizədlərin KİV-lərdə təbliğ olunması baxımından kifayət qədər dolğun sənəddir. KİV-lərdə namizədlər üçün ödənişsiz imkanlar yaradılmışdır ki, bu da seçki prosesinə göstərilən diqqətin nəticəsidir. Eyni zamanda, Seçki Məcəlləsində ödənişli efir vaxtlarının və dövri nəşrlərdəki ödənişli səhifələrin əldə edilməsinə də heç bir məhdudiyyət qoyulmur: "Demokratik ölkələrdə cəmiyyətin seçkilərə hazırlanması prosesi seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri sayılır. Cəmiyyətin bütün təbəqələri, maraqlı qurumlar, seçkiyə qatılan siyasi institutlar, namizədlər, seçici blokları və MSK öz fəaliyyətlərində bu prinsipləri əsas götürür ki, Azərbaycanın demokratik inkişafının təsdiqi kimi bu fakt da beynəlxalq təşkilatların hesabatlarında öz əksinin tapır. Azərbaycan hökuməti seçkilərdə KİV-lərin iştirakını məhdudlaşdıran heç bir inzibati resursdan, qərardan və digər tədbirdən istifadə etməmişdir. Seçki Məcəlləsində, MSK-nın təlimatlarında namizədlərin KİV-lərdə çıxışı ilə bağlı göstərilmiş bütün müddəalara lazımi səviyyədə əməl edilmişdir. Əlbəttə, burada Azərbaycan dövləti özəl mətbuatın adından öhdəlik götürə bilməz. Lakin onu əminliklə söyləyə bilərik ki, özəl mətbuatın seçkidə iştirakı üçün heç bir məhdudlaşdırıcı tədbirlər həyata keçirilməmişdir. İctimai Televiziyada bütün namizədlərin azad təbliğat aparması üçün bərabər şərait yaradılmış, digər televiziyalarda da seçki təşviqatının aparılmasına lazımi dəstək verilmişdir".

Cavid