Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsi məhv edir Layihə

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsi məhv edir

Beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədilir

II yazı

...Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır. Garabagh.net saytının məlumatına görə, işğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" konvensiyasının pozulmasıdır. Azərbaycanın tələbi əsasında ATƏT iki dəfə işğal altındakı ərazilərdəki vəziyyəti öyrənmək üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin vəziyyəti də qismən araşdırılıb. Bununla belə, Ermənistan YUNESKO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. Azərbaycanın Mədəniyyət Nazirliyi bir il əvvəl işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq YUNESKO-ya tədim edib.
İşğal altındakı Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrinin əksəriyyəti SSRİ dövründə sənədləşdirilməmiş qalıb ki, bu da sovet hakimiyyətinin Azərbaycana qarşı qərəzli siyasətinin bir hissəsi idi. İşğala qədər isə Azərbaycan tərəfi bu ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli abidə qeydə almışdı. Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə tarixi abidə isə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz adlarına rəsmiləşdirmək üçün fürsət əldə ediblər.
Son illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən Şuşa şəhəri ətrafında 500-dən çox abidə "erməni abidəsi" kimi qeydiyyata alınıb. 2010-cu ildə işğal altındakı ərazilərə səfər edən isveçrəli jurnalist, "Wochenzeitung" və "Neues Deutschland" nəşrlərinin əməkdaşı Andre Vedmer də tarixi abidə və qəbiristanlıqların acınacaqlı vəziyyətinin şahidi olub. Vidmer Azərbaycanın Şuşa və Ağdamdakı bir çox mədəniyyət abidələrinin məhv edildiyini və ya ciddi zədələndiyini təsdiqləyib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun topladığı faktlara əsasən işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid tarixi abidələr xüsusi amansızlıqla dağıdılır. Çünki bu abidələrin üzərində müsəlman epiqrafiyası ilə yazılar olduğundan onları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Bura qəbirüstü abidələr, türbələr və məscidlər daxildir. İnstitutun araşdırmalarına görə 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 18 il ərzində işğal altındakı ərazilərdə dağıdılan tarix-mədəniyyət abidələrinin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur.
Ermənilər işğal edilmiş ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadır. Məqsəd ermənilərin Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi faktları ört-basdır etmək, ermənilərin guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı işğal altındakı Ağdam rayonu ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Onların qarşısında mifik "Böyük Ermənistan" dövlətinin paytaxtı "Tiqranakert"in izlərini tapmaq vəzifəsi qoyulub. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını Şahbulaq yaylağına ezam edib. Qısa müddətdən sonra arxeoloqlar uydurma "Tiqranakert" şəhərinin qalıqlarını aşkar etdikləri barədə xəbər yayıblar. Lakin çox keçmədən onların bu "kəşfi" biabırçı faktla üzləşib, məlum olub ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər və onları "tarixi dəlillər" kimi təqdim ediblər. Qazıntılarda iştirak edən xarici ölkə arxeoloqları bu biabırçı faktdan sonra ekspedisiyanı tərk ediblər.
Buna baxmayaraq erməni arxeoloqlarının Şahbulaq yaylaqlarında, tikintisi 1751-1752-ci illərdə başa çatan və Qarabağ xanlarının iqamətgahı olan Qıfıl xan sarayı kompleksi ərazisində qazıntı işlərini hələ də davam etdirməkdədir. Ermənilərin apardıqları qazıntılar nəticəsində Qıfıl xan sarayı tarixi abidəsinin böyük ölçüdə dağıdıldığı bildirilir.
Ermənilər həmçinin işğal altındakı Füzuli rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən biri olaraq tanınan Azıx mağarasında, Xocavənd və Ağdərə rayonları ərazisində də arxelloji qazıntılar aparırlar. Azıx mağarasında arxeoloji qazıntılar 2001-ci ildən başlayıb. Qeyd edək ki, bu mağaranı ilk dəfə 60-cı illərdə Azərbaycan alimləri kəşf ediblər və orada qədim insan sümüklərini tapıblar. Bu sümüklər indiyədək tapılmış ən qədim insan sümükləri hesab edilir. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi arayışına görə, hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Füzuli, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və azərbaycanlılara aid digər milli abidələr məhv edilir. Nazirliyin topladığı faktlara görə erməni işğalçıları həmçinin Şuşa tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini, Natəvanın saray kompleksini, milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları dağıdıblar.
Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Azərbaycan Mədəniyyət Nazirliyinin statistikasına görə, işğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun Tarix muzeyi, Şuşa rayonunun Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), daş abidələr muzeyi və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb.
Erməni işğalı nəticəsində eksponatları ilə birlikdə talan olunan, məhv edilən muzeylər sırasında, şübhəsiz ki, ən unikalı Ağdam Çörək Muzeyi sayılır. Ağdamda Çörək Muzeyi ilə yanaşı Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası da fəaliyyət göstərib. Erməni işğalı zamanı təkcə Şuşada 8 muzey dağıdılıb, talan edilib. Bunlardan yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Şuşa şəhərinin Tarixi Muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarix Muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin eksponatları talan edilib. Ermənilər Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün əxlaq normalarına , beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdi. Sonradan həmin abidələri çox çətinliklə Bakıya gətirmək mümkün olub .

Əli