Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyət Layihə

Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyət

Ermənilər torpaqlarımızda qeyri-qanuni məskunlaşma aparırlar

Ermənistan ya birbaşa öz silahlı qüvvələri, ya da onun hərbi, yaxud digər dəstəyi sayəsində mövcud olan separatçı rejim vasitəsilə Dağlıq Qarabağ və digər işğal etdiyi ərazilərə nəzarəti həyata keçirir. Ermənistan hərbi təcavüzün əlverişli nəticələrindən yararlanaraq, hazırkı status quo vəziyyətini qoruyub-saxlamağa çalışır. Belə fəaliyyətə, digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsini misal gətirmək olar. Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya mənbəyinə əsasən, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülüb. Faktlar sübut edir ki, bütün bu fəaliyyət işğal olunmuş ərazilərin ilhaqı məqsədilə mütəşəkkil qaydada həyata keçirilir. İşğal olunmuş ərazilərindəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində müzakirəsini xahiş etdi. Bu təşəbbüs Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, tam və hərtərəfli nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi. 29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məclisində müzakirə olunması Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı. ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar-5 fevral 2005-ci il tarixlərində işğal olunmuş ərazilərə səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu.
Missiya işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salınması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri öz növbəsində faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğuladı və müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırdı. Faktaraşdırıcı missiyanın məruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olub. 7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar Azərbaycanın təklif etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı (A/RES/60/285) qətnamə qəbul etdi. BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə bağlı təcili əməliyyatların həyata keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların bölgənin ətraf mühitinə qısa və uzunmüddətli təsirinin qiymətləndirilməsinə və aradan qaldırılmasına çağırdı. Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığa hazır olduğunu vurğulayaraq, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırdı. ATƏT-in 4-12 oktyabr 2006-cı il tarixlərində həyata keçirdiyi faktaraşdırıcı missiyası yanğınların zərər çəkmiş ərazilərin ətraf mühitinə qısa və uzunmüddətli ziyanını dəyərləndirdi və "yanğınların ətraf mühit və iqtisadiyyata zərər verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını" təsdiq etdi.
14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul etdi. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, bütün erməni qoşunlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Baş Məclis, eyni zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa imkan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin təmin edilməsinin zəruriliyini dilə gətirdi. Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işğal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bilməyəcəyini də qeyd etdi. Bütün bunlara baxmayaraq, digər hərbi işğal hallarında olduğu kimi, Ermənistan işğal olunmuş ərazilərdə "seçkilər" və "referendumlar" keçirərək, işğal etdiyi ərazilərdə baş verənlərlə bağlı öz rolunu ört-basdır etməyə çalışır.
ATƏT çərçivəsində uzun sürən vasitəçilik səylərinin heç də həmişə ardıcıl olmamasına və nəticə verməməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə konstruktiv həllinə tərəfdar olmaqda davam edir. Azərbaycan hökumətinin məqsədi bütün işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cənubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar olmasına nail olmaqdır. Nizamlama prosesinin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycan daxilində statusunu işləyib-hazırlamaq, onun modelini və hüquqi çərçivəsini müəyyən etməkdir. Azərbaycan tərəfi inanır ki, hər hansı statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azərbaycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivəsində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır. Münaqişə tərəflərinin Dağlıq Qarabağın Azərbaycan daxilində özünüidarə statusunun müzakirələrinə başlaması mərhələsinə çatması üçün bir sıra mühüm addımlar atılmalıdır. Birinci, münaqişənin həlli kontekstindən hərbi işğal amili kənarlaşdırılmalıdır. Tutarlı səbəblər olmadan ərazilərin geri qaytarılmasının gecikdirilməsi onsuz da çətin olan nizamlama prosesini mürəkkəbləşdirə bilər. İkinci, bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət bərpa olunmalıdır.
Məlum məsələdir ki, Dağlıq Qarabağın statusu yalnız və yalnız erməni və azərbaycanlı icmalarının yanaşı yaşayışı şəraitində və hər iki icmanın birbaşa iştirakı ilə müəyyən oluna bilər. Üçüncü, Dağlıq Qarabağın yeni özünüidarə statusu işlənib-hazırlananadək Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni icmasının yerli hakimiyyət orqanları arasında qarşılıqlı əlaqə yaradılmalıdır. Dördüncü, bölgə iqtisadi cəhətdən inkişaf etdirilməli və bərpa olunmalıdır. Bu, həyatı normallaşdırma prosesi və iki icmanın dinc yanaşı yaşaması və əməkdaşlığının bərpası üçün mühüm addımdır. Beşinci, iki icma arasında humanitar sahədə əməkdaşlıq, təhsil və dözümlülük kimi xüsusi proqramlar həyata keçirilməlidir. Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh sazişinin yerinə yetirilməsinə gəldikdə, o, həmin sazişlə hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər, eləcə də böyük dövlətlər və beynəlxalq təşkilatlar da daxil olmaqla, müvafiq beynəlxalq zəmanətlərlə təmin edilməlidir. Aydındır ki, sülh prosesinin müvəffəqiyyəti həmçinin tərəflərin konstruktiv yanaşmasından, eləcə də beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəal yardımından asılıdır.
Bununla belə, Ermənistanın məsələ ilə bağlı tutduğu mövqe üzündən nəzərəçarpan müsbət dəyişikliyə ümid etmək çox çətindir. Əslində münaqişənin lap başlanğıcından Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi güc yolu ilə ərazi ələ keçirmək və işğal edilən ərazilərin demoqrafik tərkibini dəyişmək olmuşdur. Məhz birtərəfli ayrılmaya nail olmaq məqsədilə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi işğal olunmuş rayonlar üzərində nəzarəti saxlamaq istəyir, azərbaycanlı köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını alır və beləliklə də hər iki icmanın fikirlərinin bərabər əsasda nəzərdən keçirilməsini əngəlləyir. Aydındır ki, Ermənistanın məsələyə bu cür yanaşması münaqişənin həlli üçün möhkəm təməl rolunu oynaya bilməz. Vəziyyətin bu cür saxlanılması qanunun aliliyi və insan hüquqlarının pozulmasının nəticələrini qəbul etmək, yaxud başqa sözlə desək, zorakılığın ədalət üzərində qələbə çalması demək olardı. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, ərazi bütövlüyü məsələsində əsla güzəştə getməyəcək və beləliklə də münaqişənin Ermənistan tərəfinin zorla qəbul etdirməyə çalışdığı "fait accompli", yəni baş tutmuş fakt anlayışı əsasında həllini qəbul etməyəcək.

Cavid