Erməniləşdirmə siyasəti Layihə

Erməniləşdirmə siyasəti

Tarixi faktlar ermənilərin Qafqaza gəlmə olduğunu isbatlayır

II yazı

Hələ ermənilər 1917-ci il Ümumqafqaz səviyyəsində keçirdikləri bir çox toplantılarda gürcülərə və azərbaycanlılara qarşı ərazi iddialarını açıq-aşkar səsləndirməyə başladılar. Həmin ildə erməni millətçiləri Tiflisdə keçirilən kəndli deputatların qurultayında "köçərilər" (elatlar) haqqında məsələni qaldıraraq Cənubu Qafqazın, inzibati cəhətdən yenidən bölüşdürülməsi təklifi ilə çıxış etdilər və Yelizavetpol (Gəncə) quberniyasının iki inzibati vahidə ayrılması ideyasını ortaya atdılar. Bu təkliflərdə ermənilər ilk olaraq Yelizavetpol qəzasının dağlıq hissəsinin və Qarabağ, o cümlədən, Zəngəzurun da daxil edildiyi Qanri quberniyasının yaradılmasını təklif etdilər. Beləliklə, erməni daşnaqları Cənubi Qafqafqazın, ilk növbədə Gəncə quberniyasının yeni inzibati bölgüsü barədə səs-küy salmaqla əslində, "Böyük Ermənistan"nın xəritəsinin konturlarını çəkmiş oldular. 1917-ci ilin oktyabrında Tiflisdə keçirilən "Ümummilli erməni konfransı"ndakı əhval-ruhiyyə və səslənən fikirlər də çox tezliklə erməni-gürcü və erməni-azərbayanlı münasibətlərini xeyli gərginləşdirdi. Erməni tarixçilərindən O. Minasyan və başqaları bunun səbəblərini gürcü mətbuatının, ələlxüsus da, türklər və azərbayanlıların üstünə atsalar da, Cənubi Qafqazdakı siyasi-hərbi qarşıdurmanın əsas baiskarlarının erməni daşnaqları olmaları elə həmin dövrdə faktlar və sənədlərlə sübut edilmişdir. Lakin bolşeviklərin millətlərin huquq bərabərliyinə dair aldadıcı siyasəti, 1917-ci ilin dekabrında Leninin ermənilərin planlarının reallaşmasına şərait yaradan tədbirləri (S.Şaumyanın Qafqazın Fövqəladə Komissarı təyin olunması) onları daha da fəallaşdırdı.
Bu dövrdə Cənubu Qafqazdakı daxili və xarici siyasət, o cümlədən, sərhədlər məsələsi 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində keçirilən bir sıra danışıq və müqavilələr də (Ərzincan,
Trabzon, Brest-Litovsk, Batum) mühüm yerlərdən birini tuturdu. Lakin ermənilər əldə edilən sazişlərə məhəl qoymayaraq xeyli silahlı qüvvə ilə Azərbaycan torpaqlarında, xüsusilə də İrəvan, Zəngəzur və Naxçıvan bölgələrində terror və zorakılığa başladılar. 1917-ci ilin dekabrından başlayaraq, erməni silahlı dəstələri Umudlu, Qaralar, Sırxavənd, Buruc, Çıraqlı və s. kəndlərə hücumlar edərək əhalini daşnaqlara tabe olmağa məcbur edirdilər. Azərbaycanlılardan müxtəlif vergilərin toplanması, əhalinin mal-qarasının oğurlanması bu vaxtdan sonra müntəzəm hal alır. 1917-ci ilin dekabrında erməni silahlı quldur dəstələri İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağın bir sıra kəndlərinə soxularaq sakinlərin evlərində keşikçilər qoymaqla yanaşı, onlardan tabe olmağı tələb edirdilər.
II Dünya müharibəsi dövründə Mikoyan başda olmaqla erməni daşnaq liderləri "Böyük Ermənistan" uğrunda ikibaşlı fəaliyyət göstərmişlər. Bir tərəfdən onlar Hitlerin qələbə çalacağına inanıb ona Zaqafqaziyada iki dövlətin - erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi planını cızırdılar. Hər iki halda azərbaycanlıların Zaqafqaziyadan Orta Asiyaya və Sibirə deportasiyasına cəhdlər edilirdi.
Sonrakı planın ilk addımı müttəfiqlərin Tehran konfransında (28.XI-01.XII.1943) özünü büruzə verdi. Ermənilər konfransda xaricdəki ermənilərin Sovet Ermənistanına köçürülməsi razılığına nail oldular. Məqsəd Türkiyədən torpaq qoparmaq və Ermənistandakı azərbaycanlıları xarici ermənilərin Sovet Ermənistanına köçü ilə əlaqədar deportasiya etmək idi. Məqsədin birinciliyinə nail olmaq üçün ermənilər Sovet hökumətinə təsir göstərdilər.
Sovet hökuməti Türkiyə Respublikasına nota verib (1945) yuxarıda adı qeyd edilən ərazini (26,4 kv.km.) və boğazlara nəzarəti tələb etdi. Bu vəziyyətdə az qala Sovet İttifaqı və Türkiyə arasında III Dünya müharibəsi təhlükəsi yaranacaqdı. Böyük təhlükəni görən Stalin tələbindən imtina etdi. Beləliklə, ermənilərin bu məqsədi də puça çıxdı. Türkiyədən torpaq qoparmaq müşkül məsələyə çevrildikdən sonra ermənilər Sovet Azərbaycanın üstünə düşdülər. 1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q.Arutyunov İ.Stalinə məktubunda Qarabağın Ermənistan SSR-yə verilməsini xahiş etdi. Stalin həmin məktubu K.M.Malenkovun üstünə, Malenkov isə öz növbəsində Azərbaycan rəhbərliyinə göndərdi. Mircəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti cəhdi də puça endirildi.
Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili haqqında qərar verdi. İlk təbliğatın nəticəsində 130 min erməninin Ermənistana köçürülməsi müəyyən edildi. Köçə xarici erməni təşkilatları ("Hnçaq", "Ramkavar" partiyaları, Ümumerməni Xeyriyyə İttifaqı) 1 milyon dollar pul xərclədilər. İlk axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) gəldi. Sovet Ermənistanında hökumət onların yerləşdirilməsini siyasi məqsəd üçün gecikdirirdi. Onlar həftələrlə dəmiryol stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki, köçkünləri yerləşdirmək üçün şərait yoxdur. Ermənistan hökuməti çıxış yolunu Azərbaycanlıların kütləvi köçürülməsində tapdılar. Moskva isə erməni avantürasına rəvac verdi. Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr 1947-ci ildə "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR Nazirlər Soveti isə 2 fevral 1948-ci ildə köçürülmə haqqında müvafiq qərar qəbul etdi. SSRİ Nazirlər Sovetinin yuxarıdakı qərarına aydınlıq gətirmək üçün 10 mart 1948-ci ildə yenidən ikinci qərar verildi. Çünki əvvəlki qərarda giriş və izahat yox idi. Lakin həm SSRİ hökumətinin, həm də Azərbaycan hökumətinin qərarları qeyri-obyektiv olaraq, real həqiqət və şəraitə uyğun gəlmirdi.
1947-ci il 23 dekabr tarixli qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük" prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Beləliklə, Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin növbəti deportasiyası başladı. Bu deportasiya son iki əsrdə Qərbi Azərbaycandan əhalinin soyqırımı və deportasiyası üzrə VII (1828,1856,1878,1905-1907,1918-1920,1937-1938,1948-1953) idi. Bu soyqırımı və deportasiya nəticəsində 150 000 azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına və çətinliklə digər rayonlara səpələndi. Nəticədə 50.000 əhali məhv oldu. 50.000 əhali isə Stalin öldükdən sonra dağıdılmış doğma yurdlarına qayıdıb, alaçıqlarda yaşamaqla köhnə yurd-yuvalarını bərpa edə bildilər. Bu hadisə də soyqırımının növbəti bir mərhələsi idi.
1948-1953-cü illər üzrə "könüllü" köçürülmə üç mərhələ üzrə həyata keçirilməli idi: I mərhələ 1948-1950, II mərhələ 1951-1952-ci illər, III mərhələ 1953-cü il. Birinci mərhələnin ilkin nəticələri uğursuzluqlara uğradı. Muğana köçürülən əhalinin əksəriyyəti, xüsusən qocalar və uşaqlar kütləvi surətdə hava və məişət şəraitinin pis olması ucbatından müxtəlif yoluxucu xəstəliklərə tutuldular və kütləvi ölüm halları baş verdi. Bu hadisədən xəbər tutan köçürülməmiş əhali çıxılmaz vəziyyətdə qaldı. İmkansız əhali Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək arzularını bildirsə də, buna nail ola bilmədilər.
Lakin çox çətinliklə Pəmbək mahalının Barana (Noyemberyan) rayonunun bəzi kəndləri - Ləmbəli, Körpülü və s. Azərbaycan SSR-nin Qazax rayonunda məskunlaşmasına icazə aldılar.
Lakin əhalini Ceyran Çöldə çadırlarda və vaqonlarda yerləşdirdilər. Bir çox köçkünlər torpağı qazıb qoyun yatağı kimi evlər düzəltdilərsə, yaşayış mühiti çox acınacaqlı idi. Hökumət qəsəbənin salınması üçün aciz idi. İmkansız əhali Qazaxın və Borçalının kəndlərinə dağıldılar. Geri, öz kəndinə qayıdanlar da oldu. Lakin dövlət onların evlərini inventarlaşdırıb xaricdən gələn ermənilərə verirdi. Hətta boş evlərə də sahibini buraxmırdılar. Noyemberyan rayonunun Ləmbəli kəndinin əhalisi Stalinin ölümünə qədər kəndin ətraf ərazilərində gecəqonduları tikib orada yaşadılar. Yalnız Xruşşovdan cavab məktubu gəldikdən sonra Ləmbəli camaatı boş olan evlərində yerləşə bildilər.
Borçalı kəndlərinə dağılmış azərbaycanlıların isə taleyi daha acınacaqlı oldu. 1951-ci ilin payızında onları vaqonlarla Qazaxıstana sürkün elədilər. Köçürülmə ilə əlaqədar olaraq Azərbaycan SSR-nin o zamankı rəhbərləri (M.C.Bağırov, T.Quliyev, N.Heydərov) çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki o dövrdə Azərbaycan xalqının iqtisadi-mədəni həyat səviyyəsi Zaqafqaziya respublikaları içərisində qat-qat aşağı səviyyədə idi. Az vaxt içərisində 100.000 əhalini yerləşdirmək asan problem deyildir. Bu "xalqlar atası" Stalinin iradəsi idi.
N. Xruşşovun da hakimiyyətinin son illərində "Böyük Ermənistan" ideyası Mikoyanın təşəbbüsü ilə Sovet idarə aparatının gündəliyinə çıxarıldı. Xruşşovun aqrar siyasətindən - SSRİ-nin iqtisadi regionlara bölünməsi siyasətindən istifadə edən Mikoyan təklif etdi ki, Ermənistan SSR-də və Naxçıvan MSSR-də iqtisadiyyatının əlverişli inkişafı üçün Naxçıvan MSSR-nin Ermənistan SSR-ə birləşdirilməsi vacibdir. Xruşşov təklifi Azərbaycan ziyalılarının müzakirəsinə verdi və nəticədə bu iş baş tutmadı.

Cavid