Qulam Yəhyanın xatirələri Güney Azərbaycan

Qulam Yəhyanın xatirələri

II yazı

"Xalq Cəbhəsi" qəzetinin sayğılı oxucularına Qulam Yəhyanın xatirələrini təqdim edirik.

Bu zamanlar komsomola daxil oldum. Komsomoldakı fəaliyyətimə görə o zaman Zaqafqaziya komsomol təşkilatı Mərkəzi Komitəsinin üzvü seçildim. Nəhayət, 1925-ci ildə Sov.İKP sıralarına daxil oldum. 1927-1929-cu illərdə iki illik partiya məktəbini oxuyub qurtardıqdan sonra 1931-ci ilə qədər Bakı şəhəri Lenin rayon partiya komitəsində müxtəlif illərdə və 1931-ci ildən həmin rayon partiya komitəsinin kadrlar şöbəsi müdiri və sonra Lenin rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmağa başladım. Sonradan təşərrüfat işlərini nəzəri cəhətdən daha yaxşı öyrənməyim məqsədilə məni 1935-ci ildə Xalq Təsərrüfatı İnstitutuna oxumağa göndərdilər. Mən həm partiya katibi, həm də Xalq Təsərrüfatı İnstitutunda oxuyarkən müxtəlif yerlərdə müxtəlif mövzularda mühazirə və məruzələr oxuyurdum.
Nəhayət, 1937-ci ildə məsləhət oldu ki, İrana gedəm. Orası da qeyd edilməlidir ki, 1927-ci ildə anam və bacılarım və 1932-ci ildə atam artıq İrana getmişdilər. Mən İrana gedərkən yolda İran polisi tərəfindən tutulub, 1939-cu ilə qədər Ərdəbildə zindanda qaldım. Mənim Bakıda tanıdığım adamlardan zindanda var idilər. Onlar məni görüb salamat olmağıma sevinməklə yanaşı tutulduğuma görə çox kədərləndilər. Onlar mənə məsləhət gördülər ki, özümə müəyyən bir sənət uydurum, yoxsa mənim fəhlə və başqa sadə işçi olmağıma və sadəcə, iranlı olduğum üçün İrana gəldiyimə inanmazlar. Axırda belə qərara gəldim ki, özümü həkim kimi təqdim edim. Belə də etdim, istintaq zamanı özümü həkim kimi qələmə verdim. Buna baxmayaraq, məni şallaqlayıb, hökmən nə üçün gəldiyimi etiraf etməyimi tələb etdilər. Fiziki cəhətdən çox qüvvətli olan və mənə şallaq vuran polis nəfəri heç bir haray-dad salmamağımı görüb deyirdi ki, görürsüz şallağa necə dözür, heç səsini də çıxarmır. Ona görə ki, hər bir şallağa bir onluq qızıl alıb. Zindana gətirildiyim ilk günü mənimlə çox mədəni rəftar etdilər. Ancaq ikinci günü öz iç üzlərini büruzə verib, məni tək nəfərlik kameraya saldılar və 6 ay burada qaldıqdan sonra zindanda aclıq elan etdim, xeyli məhbus mənə qoşulduqlarına görə mənim ümumi məhbuslar içərisinə buraxılmağıma icazə verməyə məcbur oldular. Bu zaman məhbusların müalicəsini mənə tapşırmaq istədikdə mən rədd etdim. Ona görə ki, mən tibbi məsələlərə aid bir neçə broşüra oxumaqdan başqa bir şey bilmirdim. Hətta özüm də xəstə olmamışdım ki, müalicə olunmağımdan müəyyən şeylər yadımda qalsın. Çox söhbət və yoldaşlarla məsləhətləşəndən sonra "həkimliyi" qəbul etmək qərarına gəldim. Beləliklə, "həkimliyə" başladım.
Mən zindanda "həkimlik" edərkən Bakıdan gəlmiş bir feldşer "əlim altında" işləyirdi. Mən xəstələri müayinə edib xəstəliklərini müəyyən etdikdən sonra müalicəsini "müavinimə" həvalə edirdim. Bizə təkcə məhbuslar deyil, eyni zamanda həbsxana işçiləri, o cümlədən zabitlər də müraciət edirdilər. Bir hadisə mənim həqiqətən "çox yaxşı" və "bilikli həkim" olmağımı sübut etdi. Bir gün bir nəfəri istintaq zamanı o qədər döymüşdülər ki, özündən getmiş, halsız olmuş və ayaq üstə dura bilmirdi. Döyülmüş məhbusu mənə göstərdilər, mən onu müəyyən "müayinədən keçirdikdən" sonra əvvəla, məhbusların belə döyülməsinə, onlarla belə qeyri-insani rəftar edilmsinə bir "həkim kimi" etiraz etdim və dedim ki, onu həbsxanadan buraxsınlar, 2-3 günə öləcək, qoy gedib ailəsinin yanında ölsün. Mənim belə etiraz və təklifimi eşidən zindan rəisi çox əsəbi halda əmr etdi ki, şəhərdən başqa həkim çağırsınlar və göstəriş verdi ki, bundan sonra mənim hşbsxanadakı xəstələri müalicə etməyimə icazə verməsinlər. Bu xəbər çox surətlə zindana yayıldı. Nəhayət, şəhərdən gəlmiş həkim Fransada aldığı öz xarici diplomuna and içib dedi ki, məhbus özünü yalandan bu hala salıb, onun halı yaxşıdır, heç bir ölüm və ona oxşar əlamət yoxdur. Hər ehtimala qarşı zindan rəisinin əmri ilə xəstəni həbsxana xəstəxanasında müayinə etdilər və ciddi nəzarət altına alıb, imkan dairəsində bütün müalicə vasitələrinin tətbiq edilməsinə baxmayaraq, xəstə sutka yarımdan sonra öldü. Bu hadisədən sonra çoxları məndən üzr istəməli oldular və mənim bir "yaxşı həkim" kimi hətta Fransada təhsil almış təcrübəli həkimdən belə yüksək biliyə malik olduğum "aşkar" oldu, bununla da nüfuzum xeyli yüksəlmiş oldu. Bundan sonra həbsxana məmurlarının demək olar ki, hamısı, o cümlədən rəis də mənimlə hesablaşmaq qərarına gəldilər.
Bu zaman İkinci Dünya müharibəsi ərəfəsi və almanların İranda olması, İranda dəmir və şosse yollarının çəkilməsi fəhlə sinfinin yaranıb artmasına səbəb olması ilə yanaşı, bu zaman SSRİ-dən çoxlu mühacirlərin İrana gəlməsi və onların əsas hissəsinin Azərbaycanda zorla saxlanılması Azərbaycanda narazıların, mərkəzi dövlət əleyhinə olanların, bir sözlə, mövcud quruluş əleyhinə olanların sayı çox surətlə artırdı. Bunun qarşılığında Mərkəzi Hakimə heyəti, yerli feodalların və qismən yaranmaqda (Azşrbaycanda çox zəif olsa da) olan xırda burjuaziyanın kömək və göstərişləri əsasında bütün "şübhəli" adamları həbs edirdilər.
Bir qayda olaraq şübhəli adamların çoxunu, bəlkə hamısını "bolşevik" adlandırırdılar. Söz yox ki, zindanda "bolşevik"lərdən başqaları da var idilər. Onların bir hissəsi oğru, xuliqan və bir qismi də tayfa ağsaqqalları, torpaq sahibləri və müxtəlif kiçik feodal, qolçomaq, kəndxuda və başqaları idilər ki, onlar da özlərindən "böyük", "güclü" rəqibləri tərəfindən həbs edilmişdilər. Beləliklə, zindandakı məhbuslar ilk növbədə iki hissəyə - bolşeviklərə və qeyri-bolşeviklərə bölünürdülər. Bu bölgüdən sonra bolşeviklər "günahları" və keçmiş "dərəcələrinə" görə təbəqələrə bölündüyü halda qalanlar sərvətlərinə görə dəstələrə bölünürdülər. Mən həbsxanada qaldığım müddətin ilk dövrlərindən birincilərin başçısı hesab olunurdum. Bu da mənim bütün məhbuslar arasında, xüsusilə "bolşeviklərə" mənsub olanlar içərisində məşhurlaşmağıma səbəb oldu. Müəyyən müddət içərisində məhbuslar arasında, xüsusilə "bolşeviklərə" mənsub olanlar içərisində möhkəm ittifaq yaradıldı ki, nəticədə həbsxanada bəzi hərəkətlərə, birinci növbədə zindan işçilərinin bəd rəftarları əleyhinə etirazlar başlandı. Hər halda belə bir "yeniliyin" mənbəyinin haradan olduğu heç kəs üçün gizli deyildi. Bütün bunlar zindana gələnlərin və zindanla əlaqədar olanların nəzər-diqqətlərini çox tez bir zamanda özünə cəlb edib, "bolşevik", "Rusiya", "kommunist" və başqa bu kimi sözlərin həqiqi mənasını başa düşməyə başladılar. Yəni ümumi məhbuslar içərisinə buraxıldıqdan bir neçə gün sonra bir nəfər dünyagörmüş, təmkinli, ağsaqqal adamla bir otaqda yerləşdirdilər. Mən otaqda bütün qayda-qanunu gözləyir, adi qaydalara əməl etməklə yanaşı özümdən yaşlılarla müraciət qaydalarına tam əməl etməyə çalışırdım. Mənim görüşümə gələn olmadığına görə zindanın cirəsilə dolanırdım. Bu cirə ya yanmış, ya da yarım bişmiş, yarım səngahdan ibarət idi. Mənimlə bir otaqda olan adama hər gün evdən cürbəcür yeməklər gəlir və bütün günü armudu stəkanda lumusu da yanında müxtəlif mürəbbələrlə çay içir və mənə də təkidlə təklif edirdi ki, onunla yeyib-içim. Mən isə cavabında deyirdim ki, ömrümdə çay içməmişəm və belə xorəklərdən də xoşum gəlməz. Bu hadisədən bir qədər keçdikdən sonra atamgilə xəbər çatdı ki, mən Ərdəbil zindanındayam, onlar Ərdəbilə gəldilər, mənə bir sıra yemək şeyləri ilə birlikdə imkanları dairəsində pul da gətirdilər.
O zamandan mən də çayçıdan çay və qəlyan sifariə etməyə başladıqda otaq qonşum daim mənə çox təəccüblə baxıb, dözümlülük və iradəmə həsəd aparırdı. Atam Ərdəbildə mənimlə görüşən günü növbəti "kötək seansını" qəbul etdiyim üçün halım yaxşı deyildi və çalışırdım ki, bu vəziyyəti atam hiss etməsin. Görüş otağında atam mənə təklif edirdi ki, onlarla bir qədər oturum. Ancaq o, bilmirdi ki, mən hələ bir ay da bundan sonra yerə otura bilməyəcəm. Ona görə də atama dedim ki, yaxşı olardı ki, o mənə bazardan süd alıb gətirsin. "Belə "seanslar" tez-tez olur və hər seansdan sonra bu işlərin "ustaları" yumurta sarısı, döyülmüş ət və sairə ilə müalicəyə başlayırdılar. Bu seanslar cədvəl üzrə olarkən qabaqcadan hazırlıq görüb, dediyim müalicə vasitələrini qabaqcadan hazırlamaq mümkün olduğu halda, bəzən bu "seanslar" fövqəladə keçirilir və belə hallarda vəziyyət daha pis olurdu. Xüsusilə, döyülmüş yerlərə yapışmış çirkli paltarın qoparılması "seansların" əzabından daha bədtər olurdu. Mən güman etmirəm ki, bu seansları qəbul etmiş adamlar ömürlərinin axırına qədər yaddan çıxara bilsinlər.
Mənim təklifim müəyyən edilmədən iki il yarım zindanda qalandan sonra bizim kəndlilər Ərdəbildə yaşayan kənd sahibi Hacı Tağıxanın bayram görüşünə gələrkən ondan bütün kəndlilərimiz adından xahiş etmişdilər ki, mənim zindandan buraxılmağım üçün yardım etsin. O da söz vermiədi ki, kömək edəcək. O zaman artıq bilirdim ki, məni Həmədana sürgün etmək istəyirlər. Ancaq Hacı Tağının işə qarışması nəticəsində kəndimizə sürgün etdilər və qərara alındı ki, kənddən heç yerə getməyim. Bu haqda məndən iltizam da aldılar. Kənddə müəyyən işlə başımı qarışdırmaq məqsədilə atam və başqa qohumlarımın birgə səyləri nəticəsində bir kənd dükanı acdılar ki, mən orada yavaş-yavaş alverlə məşğul olum.
Mən alver etməyi bacarmadığım üçün tez bir zamanda dükanın "mayası" yox oldu. Kənddə başqa məşğuliyyətim olmadığı üçün qərara gəldim ki, gedib Miyanada dəmiryolunda fəhlə işləyim. Buna anam və başqa qohumlarım razı olmadılar. Ancaq kənddə qalmaq mənim üçün çox çətin idi. Hər halda bir gün hamıdan xəbərsiz yola çıxıb Miyanaya getdim, orada tanışlarımdan gördüm, nəhayət Qızılüzən çayı üzərində tikilməkdə olan dəmir yol körpüsündə fəhləlik etməyə başladım. Uzun müddət fiziki işdən ayrıldığım üçün fəhlə işləmək mənim üçün bir qədər çətin olsa da, fəhlə yoldaşlarımla işə başladım. Burada işləyənlər içərisində məni Bakıdan tanıyanlardan başqa bizim kəndimizdən də olanlar var idi. Onlar mənim halıma acıyırdılar. Lap işin ilk günü əlim qabarla dolmuşdu. Ancaq işləmək lazım idi.
Yoldaşlarımdan çoxu vəziyyətimi görüb, təklif etdilər ki, mən işləməyim, onlar mənim işimi də yerinə yetirərlər. Hər halda mən buna razı olmadım. Bir gün işlədiyim yerin yaxınlığında körpünün qoyulacağı bünövrəsindən su çəkən nasosun matoru işə düşmədi. O sahənin mühəndisi və sahə rəisi hər ikisi xarici (alman) idilər.