S.C.PİŞƏVƏRİ TEHRAN-TƏBRİZ DANIŞIQLARINDA Güney Azərbaycan

S.C.PİŞƏVƏRİ TEHRAN-TƏBRİZ DANIŞIQLARINDA

Azərbaycan məsələsini nizamlamaq üçün Qəvamül-səltənə hökuməti AMH-nin başçısı S.C.Pişəvəriyə 1946-cı ilin aprelində müraciət etdi. Bu müraciətdə Azərbaycan xalqının ünvanına çoxlu xoş sözlər deyilsə də (Tehran həmişə xoş təriflər deməklə Azərbaycanı öz əsarətində saxlamışdı) məsələ aydın idi: Molla Nəsrəddin demiş: "Dava yorğan davası idi". Qəvamül-səltənənin bütün cidd-cəhdləri Azərbaycandakı hərəkatı yatırtmaq və onu yenidən Tehranın əsarətinə salmaq idi. Tehranla danışıqlar stolu arxasında oturmağa razılıq almaq üçün 1946-cı il aprelin 22-də Tehrandan gəlmiş ilk elçini Pişəvəri qəbul etdi. Tehrandan gəlmi nümayəndəliyə Fətəli İpəkçian başçılıq edirdi. O, azərbaycanlı idi və Məclisə Azərbaycandan deputat seçilmişdi. S.C.Pişəvərini yaxşı tanıyırdı və ona hörmət bəsləyirdi. F.İpəkçian danışıqlar aparmaq üçün Qəvamın siyasi məsələlər üzrə müavini Müzəffər Firuzun başçı təyin olunduğunu bildirdi. F.İpəkçian da həmin nümayəndəliyə daxil olan 7 nəfərdən biri idi. İpəkçian danışıqlara razılıq verməyi S.C.Pişəvəridən xahiş etməklə yanaşı ona hörmət bəslədiyini bəyan etmiş və hətta bəzi məsələlərdə xeyirxahlığını təzahür etdirmişdi.
Sənədlərdən bəlli olur ki, F.İpəkçian milli ruhiyyəli adam olmuşdu. O, XV Məclis açılana qədər milli qoşunun və fədai dəstələrinin saxlanılmasını məsləhət görmüş, danışıqlar üçün Təbrizə gələcək nümayəndələrin Azərbaycana münasibətini açıqlamış, Tehranda azərbaycançı qüvvələrin getdikcə artdığını və bəzi yarı məxfi fikirləri şəxsi söhbətində Pişəvəriyə bildirmişdi.
İpəkçianla görüşdən sonra S.C.Pişəvəri mərkəzi dövlətlə danışıqlara razılıq vermişdi. İpəkçian Təbrizdə olarkən gizli bir məsələnin üstünü açmışdı. Onun dediyinə görə, Təbrizə gələnədək o, Tehrandakı sovet səfiri İvan Sadçikovun görüşündə iştirak etmişdi. Bu görüş zamanı məlum olmuşdu ki, Qəvamül-səltənə ilə səfir arasında Azərbaycan məsələsinə aid gizli razılıq əldə olunmuşdu.
Beləliklə, Azərbaycan Milli hökumətinin və Azərbaycan xalqının taleyi onlardan gizli sadçikovlarla qəvamlar arasındakı sövdələşmədə artıq həll olunmuşdu. Şimali İrandakı qara qızılın parıltısı altında dönüklük edən Kreml rəhbərliyi Azərbaycandakı hərəkatı söndürməkdə İranın şahənşah dövlətinə dolayısı ilə yardım göstərmişdi. Azərbaycandakı hərəkatın müqəddəratını həll etmək üçün Tehranla danışıqlar aparmaq məqsədilə 1946-cı il aprelin 28-də S.C.Pişəvəri başda olmaqla Azərbaycan nümayəndəliyi Tehrana gəldi. Qeyd etmək lazımdır ki, S.C.Pişəvəri nümayəndəliyə başçılıq etməyə və Tehrana getməyə meyilli deyildi. O, qan təzyiqinin yüksək olduğunu əsas gətirib Tehrana getməkdən qəti boyun qaçırdısa da, son anda razılıq verməyə məcbur olmuşdu. Tehrana gedəcək nümayəndə heyətinin tərkibi aprelin 22-də baş nazir S.C.Pişəvərinin sədarəti altında keçən iclasda müəyyənləşmişdi. Nümayəndə heyətinə əvvəlcə doktor S.Cavid daxil olsa da, S.C.Pişəvərinin təklifi ilə o, Təbrizdə qalmalı oldu və daxili işlər naziri vəzifəsi ilə yanaşı baş nazirin səlahiyyətləri də müvəqqəti olaraq ona etibar edildi.
Qəvam dövləti danışıqların əhəmiyyətini azaltmaq üçün onun Tehranda yox, Kərəcdə aparılmasını təklif etmişdi. S.C.Pişəvəri bu haqda qəti etirazını F.İpəkçian vasitəsi ilə mərkəzə çatdırdıqdan sonra Qəvam danışıqların Tehranda aparılmasına razı olmuşdu. Danışıqlar aparmaq üçün Tehrana gedən Azərbaycan nümayəndəliyi Təbrizdəki təyyarə meydanında böyük izdihamla yola salınmışdı. 1946-cı il aprelin 29-da Tehranda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə rejim nümayəndələri arasında danışıqlar başlandı. Danışıqlarda mərkəzi dövlət tərəfindən baş nazirin siyasi məsələlər üzrə müavini Müzəffər Firuz, hərbi müavini, şahın çox yaxın adamı, general Hidayət, general Məhəmmədəli Müqəddəm, Musəvizadə (baş nazir dəftərxanasının məsulu) və mühəndis Xosrov Hidayət iştirak edirdilər. İki həftəyə qədər davam edən danışıqlarda Tehran hələ aprelin 21-də elan etdiyi və Azərbaycan rəhbərliyinə təqdim olunan 7 maddədən ibarət təkliflərindən əl götürmədiyi kimi, Azərbaycan nümayəndəliyi də 33 maddədən ibarət irəli sürdüklərindən geri çəkilmədi.
Azərbaycan nümayəndəliyinin tələblərini Əhməd Qəvam 1946-cı il mayın 13-də radio ilə çıxışında şərh edib. Həmin çıxışdan məlum olur ki, S.C.PişəvəriAzərbaycana baş valinin (Ostandarın) təyin olunmasında Əyalət Əncüməni şurası ilə məsləhətləşməni, ordu, polis və jandarm rəislərinin təyinatında isə Azərbaycan Əyalət şurasının təqdimatının hökumət tərəfindən təsdiqini irəli sürmüşdü. Azərbaycanda keçirilmiş torpaq islahatı nəticələrinin dövlət tərəfındən qəbul olunması təklif edilmişdi. Əslində Azərbaycan nümayəndələrinin irəli sürdüyü təkliflərin və tələblərin miqyası daha geniş idi. Azərbaycan nümayəndəliyi təklif edirdi ki, əvvəlcə Azərbaycanın muxtariyyatı və ADF dövlət tərəfindən rəsmən tanınsın, hərəkat iştirakçılarının təqib olunmaması haqda dövlət zəmanət versin, Azərbaycanın ərazi bütövlüyü saxlanılsın, fədai dəstələrindən, qoşun və zabitlərdən Azərbaycanda əmniyyətin və təhlükəsizliyin qorunub saxlanılmasında dövlət tərəfindən istifadə olunsun, 5-ci sinfə qədər təhsil ana dilində aparılsın və yuxarı siniflərdə fars dili ilə yanaşı Azərbaycan dilindən də istifadə olunsun, xalisə torpaqların kəndlilərin ixtiyarında qalması, kəndlilərə verilmiş mülkədar torpaqlarının bir qisminin pulunun hissə-hissə ödənilməsi, seçkilərin azad və demokratik keçirilməsi və qadınlara verilmiş seçki hüququnun saxlanılması, Azərbaycandan götürülmüş gəlirin 75%-nin Azərbaycanda qalması və onun Azərbaycanın iqtisadi dirçəlişinə, şəhər, rayon və kəndlərin abadlaşdırılmasına, yolların, körpülərin, artezian quyuların və su mənbələrinin təmizlənməsinə sərf olunması və s. və i.a. Azərbaycan nümayəndəliyinin təkliflərində səsləndirilən və qeyd olunan əsas maddələr idi.
Qəvamül-səltənə hökuməti nümayəndəsinin danışıqların ikinci görüşündə irəli sürdüyü təkliflərə gəldikdə bu təkliflərin qısa məzmunu belə idi: bir sıra sahələrin başçıları (kənd təsərrüfatı, ticarət, sənət, daxili nəqliyyat, maarif, səhiyyə, milis, ədliyyə, prokurorluq və maliyyə işləri üzrə) Azərbaycan əyalət və vilayət əncümənləri tərəfindən seçiləcək, lakin onlar Tehran dövlətinin təsdiqindən sonra legitim ola bilər; Azərbaycan valisi dövlət tərəfindən təyin olunur və bu təyinat Əyalət Əncüməninin nəzərinə çatdırılır. Hərbi və jandarm qüvvələri başçılarının təyinatı dövlətin səlahiyyətində qalır. Dövlət dili fars dilidir, məhəlli idarə və dəftərxanalarda fars dili ilə yanaşı türk dili də işlədilə bilər və ibtidai siniflərdə dərslər Azərbaycan dilində aparılacaq; xəzinəyə daxil olan gəlirin bir hissəsi Azərbaycan şəhərlərinin abadlığına, maarif, səhiyyə işlərinə sərf olunacaq; demokratik təsisatların, həmkarlar ittifaqının fəaliyyəti azaddır; milli hərəkatda iştirak edənlər hər cür cəza və təqibdən azaddırlar; Məclisdə azərbaycanlı deputatların sayca artırılması məsələsinə 15-ci məclisdə baxılacaq və s.
Qəvamül-səltənə hökuməti tərəfindən bağlanılması təklif olunan sazişin mətnindəki maddələrin çoxunun hiyləgərcəsinə yazıldığını və Azərbaycan "fəth" olunandan sonra bunlara əməl olunmayacağını Azərbaycan nümayəndəliyi dərk edirdi. Bunu S.C.Pişəvəri Tehrandakı danışıqlardan qayıtdıqdan sonra Təbriz radiosu ilə çıxışında bir daha bildirmişdi. Danışıqlar zamanı mərkəzi dövlətin nümayəndəliyi müxtəlif bəhanələrlə Azərbaycan nümayəndəliyinin irəli sürdüyü təkliflərin demək olar ki, çoxunu və əsaslarını qəbul etmədi. Buna görə də danışıqlar nəticəsiz qurtardı. Tərəflər arasında prinsipial məsələlərdə ciddi fərqlərin mövcudluğu məlum oldu. Bu vəziyyət nə mərkəzi dövləti və nə də Tehranrandakı sovet səfiri Sadçikovunvu təmin
etmədi.Azərbaycan nümayəndələrini qəbul edən Sadçikovun Stalindən S.C.Pişəvəriyə ünvanlanmış teleqrafi Pişəvəriyə göstərməsi də danışıqlarda nəticələrin dəyişilməsinə kömək etmədi. Azərbaycan nümayəndəliyi 1946-cı il mayın 13-də (Sovet qoşunları Güney Azərbaycanı tam tərk etdikdən 4 gün sonra) Təbrizə döndü. Tehranda ikən Stalindən məktub alan S.C.Pişəvəri "Məzlumların atası"nın xəyanətini açıq-aydın bir daha başa düşsə də, artıq gec idi, iş-işdən keçmiş, Azərbaycandakı hərəkata Sovetlərin xəyanət möhürü vurulmuşdu.
Stalin Pişəvəriyə məktubunda Pişəvərini həm İran daxilində, həm də beynəlxalq aləmdə vəziyyəti düzgün qiymətləndirməməkdə ittiham edir, "Azərbaycanın inqilabi tələblərinə nail olmağı" ona günah sayır, onu İranda dərin inqilabi böhranın olmamasına, fəhlələrin sayca azlığına, kəndlilərin qeyri-fəal olduğuna və beynəlxalq vəziyyətin İrandakı inqilabi situasiyanın xeyrinə olmamasına inandırmağa çalışırdı. Bütün ölkələrin inqilabi çevriliş vaxtı Rusiyanı təqlid etməyini mütləqləşdirən Stalin məktubunda yazır: "...deməli, İranda belə bir şərait yoxdur ki, Leninin 1905 və 1917-ci illərdəki taktikasını yürütməyə imkan versin". Stalin Sovet qoşunlarının İrandan mümkün qədər bir az gec çıxarılmasını Avropa və Asiyada sovetlərin "xilaskarlıq siyasətinin əsaslarını" sarsıda biləcəyini və buna görə də qoşunların İrandan çıxarılması zərurətini məktubda xatırladır. Stalinə görə İranda inqilabi şəraitin olması üçün, İran hansı ölkə ilə isə uğursuz müharibə vəziyyətində olmalıdır. Elə bir vəziyyət olmadığı üçün Azərbaycandakı hərəkatı davam etdirməyin və dərinləşdirməyin məqsədə uyğunluğu yoxdur və buna əsasən sovet qoşunları oradan çıxarılmalıdır. Stalin öz məktubunda bir vaxtlar irticaçı adam kimi tanıdığı baş nazir Qəvamı demokratik islahatlara tərəfdar adam kimi səciyyələndirir və onun "İranın demokrat elementləri arasında dayaq axtardığı" qeyd olunur.
S.C.Pişəvərinin Tehran danışıqlarında özünü sərt aparması, Sovet səfirinin "məsləhətlərinə" kifayət qədər əməl etməməsi Sovetlərin Pişəvəriyə inamını xeyli azaltdı. "S.C.Pişəvərinin bir sıra mətləbləri açıq söyləməsi, Gilan hadisələrini xatırlatması, Sovet siyasətinə artıq inanmadığı Stalini bir qədər narahat etmişdi". Əslində Stalinin Pişəvəriyə məktub ünvanlandırmasının bir səbəbi də bu idi. Sovetlərin S.C.Pişəvəridə kommunist məsləkinə inamının tədricən itməsi və onun zindanda tünd gedən kommunistlərlə məlum mübahisə və ixtilafları, istintaq sorğusunda sovet kommunistləri əleyhinə dedikləri sovet kəşfiyyatı orqanlarına çatdırılmamış deyildi. Buna görə 1946-cı ilin mayından başlayaraq Pişəvəri İrandakı Sovet xəfiyyəsinin nəzarətinə alınır. Onun hətta evdə və iş yerində danışıqlarının gizli qeydə alınması faktları mövcuddur. Pişəvərinin müavini olmuş Nüsrətulla Cahanşahlu Əfşar 2001-ci ildə çap etdirdiyi xatirələrində yazır: "Mən Pişəvərinin iş otağında Tehrandakı danışıqlar zamanı Sovet səfirinin mövqeyindən narazılığımı bildirərkən Pişəvəri barmağı ilə dodaqlarını qapamaqla mənə susmağa, mövzunu dəyişməyə işarə etdi. Sonra biz həyətdə gəzişərkən o, iş otağına, hətta evinə səs yazma aparatının qoyulmasını güman etdiyini bildirdi". Xatirələrdən bəlli olur ki, S.C.Pişəvəri 1946-cı ilin mart-aprel ayından artıq sovet kəşfıyyatının bilavasitə nəzarətində idi və bütün hərəkətləri izlənilirdi.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri