İranda azərbaycanlı jurnalist aclıq aksiyasını dayandırıb Güney Azərbaycan

İranda azərbaycanlı jurnalist aclıq aksiyasını dayandırıb

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı jurnalist 15 gündür keçirdiyi aclıq aksiyasını dayandırıb.
APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Səid Mətinpur bu addımı mayın 1-də təkadamlıq kameradan ümumi korpusa geri qaytarılmasından sonra atıb. Azərbaycanlı jurnalist aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində baş vermiş toqquşmadan sonra məmurlar tərəfindən döyülməsinə və təkadamlıq kameraya salınmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Xatırladaq ki, S.Mətinpur Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb və girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib. Bu günlərdə mərkəzi qərargahı Parisdə yerləşən "Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalist hüquqlarını müdafiə təşkilatı S.Mətinpuru "informasiya qəhrəmanı" elan edib.