Təbriz Universitetində etiraz aksiyası Güney Azərbaycan

Təbriz Universitetində etiraz aksiyası

Güney Azərbaycanın Təbriz şəhərində Şəhid Mədəni Azərbaycan Universitetində etiraz aksiyası keçirilib.
APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, buna səbəb həmin ali təhsil müəssisəsinin islami cameəsinin "Tribun" dərgisində "Babək Xürrəmdin - saxta qəhrəman", "Səttarxan və pantürkist", "Pantürkizm və geylər", "Pantürkist və sionizm" kimi təhqiramiz yazıların dərc edilməsidir.
Bu cür məqalələrin 2006-cı il 22 may hadisələrinin 8-ci ildönümü ərəfəsində dərc edilməsi təsadüfi xarakter daşımır. Ona görə də tələbələr Azərbaycan xalqı və onun qəhrəmanlarının təhqir edilməsinə etiraz olaraq universitetdə toplaşıblar, "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!" kimi milli şüarlar səsləndirib, "Tribun" dərgisinin bağlanmasını tələb ediblər.
Qeyd edək ki, 2006-cı il mayında da "İran" adlı rəsmi qəzetdə azərbaycanlıların hamam böcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olmuşdu. İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və digər şəhərlərində keçirilən aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməkdən belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.