İkinci dünya savaşından sonra Rusiyanın təsiri ilə İrandakı gəlişmələr Güney Azərbaycan

İkinci dünya savaşından sonra Rusiyanın təsiri ilə İrandakı gəlişmələr

2-ci yazı
Bəzi qəzetlərə görə, Vladimirovun məqaləsi sovet əsgərlərinin İrandan çıxarılması məsələsində İran hökumətinin notasına sovetlərin ilk rəsmi cavabı idi. İran hökumətindən narazı və sovetlərlə isə yaxşı münasibətdə olan qəzetlər Vladimirovun məqaləsini sakit qarşıladılar. Onlara görə, bu məqalə İran hökumətinin SSRİ ilə qeyri-səmimi münasibətinin, Seyid Rzanin antisovet, təxribatçı bəyanatının sonucu idi. Pişəvərinin redaktoru olduğu "Aşir" qəzetindəki bu cümlələr diqqəti çəkir: "Sovet müəssisələri İrandakı durumdan rahatsızdır, indiki İran dövlətinin səmimi, dürüst münasibətindən şübhə edir. "Pravda" baş naziri "İranın məşhur irticaçısı, antisovet münasibətlərin fəal iştirakçısı" adlandırmaqda haqlıdır. Onun baş nazir təyin edilməsi və İranla Sovetlər arasındakı dostluq münasibətləri ziddiyyət təşkil edir. Sovet dairələri İranın daxili işlərindən narahat olmaqda haqlıdır. Süheylinin istefasından sonra İran hökuməti SSRİ ilə qarşılıqlı anlaşmalarını aydınlaşdırmaq üçün kiçik bir addım belə atmamışdı".
İranın digər bir önəmli qəzeti "Keyhan" da "Pravda"nın yazdıqlarına 1943-1944-cü il seçkilərinin demokratik olmadığını ifadə edərək haqlılıq qazandırmaqdadır. "Pravda"nın yazdıqları İran siyasi dairələrini də rahatsız etmişdi. İyun ayında davam edən hökumət böhranına son vermək üçün Məclis dərhal toplanmışdı. Məclis başqanı Təbatəbai millət vəkillərinə vəziyyətin ciddiliyini, Sədr əl-Əşrəf hökumətinə səs verilməsinin zərurətini anlatmışdı. Xalq partiyası qrupundan başqa bütün qruplar hökumətə səs vermiş, bu şəkildə hökumət lazımi səsi toplamışdı. Məmmədrza şah baş nazir Sədr əl-Əşrəfi və onun nazirlərini qəbul edib İrandakı vəziyyəti müzakirə etmişdi. Möhsün Sədr hökumətinin ilk addımlarından biri Azərbaycana diqqəti gücləndirmək üçün sovet əleyhinə olan Möhtəşəmi Təbrizə bələdiyyə başçısı təyin etmək oldu. Bu qərarla İranın məqsədi Azərbaycanda mərkəzi hakimiyyət tərəfdarlarını birləşdirmək, Tehran əleyhinə olan hərəkətləri zəiflətmək idi.
Eyni vaxtda Bakıda da fəaliyyətlər davam etməkdə idi. Bağırov 14 iyunda "Güney Azərbaycanda işləri genişləndirmək üçün sovet səfirinin birinci katibi Dərbənd şəhər partiya komitəsinin keçmiş katibi Əli Əliyev Təbrizə baş konsul təyin edilsin" məzmununda teleqraf göndərmişdi. Bağırov ikinci teleqrafında Malenkovdan Mərkəzi Komitənin təbliğat və təşviqat idarəsinin rəisi G.F.Aleksandrovun qısa bir müddətə Bakıya göndərilməsini xahiş etmişdi.
Hazırlanan planlar içərisində Azərbaycan Demokrat partiyasının və Sovet Azərbaycanı Dostları Cəmiyyətinin qurulması, parçalama hərəkətlərinin həyata keçirilməsi, əyalət qəzetlərinin, mətbuat ornqanlarınm təşkili kimi məsələlər də yer almışdı. Bir müddət sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Moskvada qəbul edilən 6 iyun qərarları çərçivəsində avqust ayından başlayaraq Güney Azərbaycanda yaymaq üçün ərəb əlifbasında aylıq ədəbi-ictimai "Azərbaycan" dərgisinin nəşri qərara alınır. Rəsul Rza dərginin redaktoru, Mehdi Hüseyn redaktor müavini, Səməd Vurğun, Mirzə İbrahimov, Əhəd Yaqubov, Həsən Həsənov, Rza Quliyev redaksiya heyətinin üzvləri olmuşdular. 1 yanvar 1946-cı il tarixinə qədər dərgi üçün 276 min manat həcmində büdcə ayrılmışdı. Sultanova "Azərbaycan" dərgisinin vaxtında çıxarılmasını təmin etmək əmri verilmişdi. Güney Azərbaycanın "Vətən" qəzeti həmin dərginin yayılmasını təşkil etməli idi. Avqustda dərginin ilk sayı yayımlandı.
Burada S.Vurğunun, M.İbrahimovun, C.Cabbarlınm, Məlikülşüəra Baharın, M.Biriyarnn, B.Azəroğlunun, Əli Fitrətin, Yəhya Şeydanın, Mirmehdi Çavuşinin, M.Dilbazinin, Mədinə Ələkbərzadənin, Nigar Rəfibəylinin, S.Rüstəmin, Ə.Vahidin. İ.Əfəndiyevin, Rəsul Rzanın, Əvəz Sadığın yazıları yer almışdı. "Azərbaycan" dərgisi milli mənfəətlər baxımından ən önəmli nəşr orqanı idi. Öncəliklə bu dərginin hər sayında Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni, ədəbi həyatı Güney və Quzeyi ilə birlikdə nəzərə alınmışdı. İkincisi, dərgi sovet Azərbaycanında hökm sürən hakim bolşevik ideologiyasının tələblərini nəzərə alsa da, Azərbaycan xalqının köklü mənfəətləri, taleyi və tarixilə əlaqədar məsələlərə də toxunurdu. Bütöv Vətən, eyni xalq, tək millət kimi ifadələr "Azərbaycan" dərgisinin hər sayında yer alırdı. 1946-cı ildə Güneydə yaşanan olaylar nəticəsində dərginin qapanması hər halda təsadüf deyildi.
Bağırov Moskvadan döndükdən sonra iyun ayı içində İran Xalq Partiyası MK-sının üzvü, İran Məclisinin millət vəkili A.Kambehşi, Xalq partiyasının Təbriz əyalət komitəsinin başçısı S.Padeqani, yazıçı və naşir H.Ə.Şəbüstəri, "Aşir" qəzetinin redaktoru Mir Cəfər Pişəvəri gizli şəkildə Bakıya gətirilmişdi. Burada Azərbaycan Demokrat Partiyasına Pişəvərinin müvəqqəti olaraq başqanlıq etməsi qərarlaşdırılmışdı. Güney Azərbaycandakı işçilərə də xəbər göndərilərək, Tudə partiyasının ADP-yə çevrilməsi üçün bir saat belə dayanmamaları tapşırılmışdı. ADP-nin qurulması üçün bəzi problemlər olduğu kimi güclü bir müxalifət də yaranmış və Xalq partiyası MK-sı bütün vasitələrlə bu işləri pozmağa çalışmışdı. Bakı toplantısında Pişəvəri, Şəbüstəri və Pedaqaniyə onlara qarşı ola biləcək sui-qəsd hərəkətləninə görə Təbrizdən ayrılmamaları da qərarlaşdırılmışdı.
Azərbaycan xalqının ictimai-siyasi, milli tələblərini, ehtiyaclarım təmin etmək və demokratik hərəkata lider olmağa qadir siyasi təşkilatın - ADP-in qurulmasına böyük bir ehtiyac olmuşdu. Pişəvərinin liderliyilə 3 sentyabr 1945-ci il tarixində milli müstəqillik uğrunda demokratik hərəkatın önündə gedən ADP-nin qurulması və 7 sentyabr 1945-ci ildə İran Xalq Partiyası Azərbaycan təşkilatının onunla birləşməsi Azərbaycanın əzabkeş xalqı tərəfindən məmnuniyyətlə, rəğbətlə qarşılanmışdı. ADP-nin üzvləri İranın torpaq bütünlüyü qorunmaqla ölkənin milli və ictimai qanunlarına uyğun olaraq Azərbaycan xalqına Güney Azərbaycanın mədəniyyət təsərrüfatının inkişafı üçün müstəqillik verilməsinin zəruriliyini açıqlayıblar.
İyun ayındakı hadisələr İranda olan İngiltərə, Amerika diplomatik və hərbi dairələri tərəfindən diqqətlə izlənirdi. Təbrizdəki ingilis baş konsulu və Amerika konsulu öz fəaliyyətlərini xeyli gücləndirmişdilər. Sovetlər tərəfindən çox gizli hazırlanan tədbirlərin hamısından ingilislər dərhal xəbər tuturdular. Onlar dəfələrlə Azərbaycandakı vəziyyətlə bağlı hakimiyyət dairələri ilə müzakirələr aparmışdılar. İngiltərə və Amerika siyasi dairələri Güney Azərbaycanda ya müstəqil dövlətin qurulmasını, ya da onun sovet Azərbaycanına bağlanmasını gözləyirdilər. Bunun üçün də 21 iyunda İngiltərə təmsilçiləri müttəfiq əsgərlərinin İrandan çıxarılması məsələsinə aid Potsdam konfransına memorandum təqdim etmişdilər. İyunun 23-də İngiltərənin təşəbbüsü ilə İran məsələsi Potsdam konfransının gündəliyinə salınmışdı. Başqan Trümen Amerikanın öz əsgərlərini İrandan geri çəkməyə hazır olduğunu bəyan etmişdi. Stalin də "Bu hər halda Tehranı azad etmək olar" şəklində bir açıqlama vermişdi. İngiltərə baş naziri isə "Təcili olaraq ordu Tehrandan çıxarılsın, ordunun çıxarılmasının sonrakı mərhələləri isə sentyabr ayında Xarici İşlər Nazirliyinin toplantısında müzakirə edilsin" əmrini vermişdi.
Potsdam konfransında qəbul edilən qərara əsasən müttəfiqlər öz silahlı qüvvələrinin Tehrandan təcili olaraq çıxarılmaları məsələsində razılığa gəlmişlər. Əsgərlərin İrandan çıxarılmasının sonrakı mərhələlərinin müzakirəsi Xarici İşlər Nazirlərinin 1945-ci ilin sentyabrında keçiriləcək London toplantısında müzakirə edilməsi nəzərdə tutulmuşdu. 11 sentyabrda başlanmalı olan toplantıya qədər sovetlər Kremldə qəbul edilən qərarların Güney Azərbaycanda həyata keçirilməsini sürətləndirməli idilər. Bağırovun Təbrizdəki işlərin rəhbərlərinə göndərdiyi teleqrafda hər dəqiqənin də qiymətli olduğunu xatırlatması bununla bağlı idi.
Ba hadisələr zamanı, demək olar ki, Güney Azərbaycanın bütün şəhərlərində toplantılar keçirildiyi kimi, 20-21 noyabrda Təbrizdə çağırılmalı olan Azərbaycan Xalq Konqresinə nümayəndələrin seçilməsi də sürətləndirilmişdi. Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da milli heyət üzvlərini seçmişdi. Azərbaycan Milli Məclisi seçilənə qədər bu heyət Qurucular Məclisnin qərarlarını icra etməli idi. Qurucular Məclisinin qəbul etdiyi, İran şahı Məmmədrza Pəhləviyə, Məclis Başqanı Tabatabaiyə və baş nazir İbrahim Həkimiyə göndərilən bəyannamədə İran dövləti daxilində milli muxtariyyət verilməsi tələb olunmuşdu. Beləliklə, 12 dekabr 1945-ci ildə məclisin açıldığı gün Azərbaycan muxtariyyəti qurulmuşdu. Məclis Azərbaycan hakimiyyətini qurmaq vəzifəsini Pişəvəriyə tapşırmışdı.
Əlbəttə, ağlımıza bu mübarizənin aparıldığı dönəmdə İranın münasibətinin necə olduğu sualı gələ bilər. Bunu belə izah etmək olar. 1945-ci ilin ikinci yarısında Güney Azərbaycanda torpaq sahibləri ilə kəndlilər, fabrik sahibləri ilə işçilər, dövlət dairələri ilə qulluqçular arasında mübarizə şiddətlənmişdi. İranın hakim dairələrinin də Azərbaycandakı milli zülmünə qarşı mübarizə son dərəcə sərtləşmişdi. Azərbaycanda hücumlərın qarşısını almaq və xalqı müstəqilliyə qovuşdurmaq üçün böyük imkan var idi. Belə bir durumda İranın həm irticaçı, həm də liberal dairələri Azərbaycanda xalq hərəkatının yatırılmasına, ya da qarşısının alınmasına çalışırdı. Liberal məfkurəyə sahib olan Bahar heç bir dəlil gösiərmədən İranın mərkəzi dövlətinin digər əyalətlərdən çox Azərbaycanı müdafiə etdiyini iddia edirdi. Ancaq XIV Məclis Başqanı Şiraz millət vəkili Sərdar Fahər Hikmət 25 sentyabrdakı nitqində: "Azərbaycanda öz gələcəkləri üçün mübarizəyə qalxan şəxslərin əlləri və dilləri kəsilsin" demişdi.
Rusiyanın məsələni ilk günlərdəki kimi nəzarətdə saxlamaması, İran torpaqlarının yeraltı sərvətləri, qaynaqlarla zənginliyi, Qərb dövlətlərinin İrana dəstək verməsi nəticəsində Azərbaycan Muxtar Hökuməti uzun ömürlü olmamışdı. İran şahı məsələnin həlli ilə bağlı türk hökumətindin yardım almaq məqsədilə Ankaraya bir heyət göndərsə də, 3 dekabr 1946-cı ildə Azərbaycan Muxtar Hökumətinin ortadan qaldırmaq üçün orduya əmr vermişdi. 12 dekabr 1946-cı il tarixində İran birlikləri Təbrizə girmişdilər.
1945-ci il iyununda Rusiya təirəfindən bir xeyli dəstəklənsə də, daha sonra bu dəstəyin davam etməməsi, Güney Azərbaycanın İranın daxili işi kimi dəyərləndirilməsi nəticəsində böyük güclərin təsirləri ilə ortaya çıxan Güney Azərbaycandakı müstəqillik mübarizəsi uğurla başa çatmamışdı. Bu da bizə göstərir ki, milli qanunlar, milli ordu, milli məclis, milli hökumət tam mənasıyla təşkil edilməsə, uğur qazanmaq mümkün deyil.

Dr. Səbahəddin ŞİMŞİR
Balıkəsir, Türkiyə