“Azərbaycan” qəzetinin səhifələrində - 17-ci yazı  Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 17-ci yazı 

TASS agentliyinin binasında

Bazar günü cənab Mədudovun verdiyi bir ziyafətdə Yuqoslaviya mətbuat attaşesi cənab Pavel Myoviç ilə Azərbaycan mətbuat işçiləri tanış olmuşlar. Bu ziyafət məclisi saat 18-dən saat 23-ə qədər çox səmimi və isti bir mühitdə davam etmişdir. Ziyafətdə Azərbaycan Milli Hökumətinin Maarif naziri cənab Biriya, “Vətən yolunda” qəzetinin məsul redoktoru Rza Quliyev, VOKS nümayəndəsi Şərifov, “Azərbaycan ulduzu” və “Yeni Şərq” qəzetlərinin məsul redaktorları da iştirak etmişlər. Şam süfrəsi başında cənab Miyoviç tərəfindən Azərbaycan milli hərəkatı barəsində səmimiyyətlə Yuqoslaviya dövləti adından bir nitq söylənildi.
Ona cavab olaraq qəzetmiizin məsul redaktoru tərəfindən cavab verildi və ziyafətin axırınadək cənab Quliyev, Hilal Nasiri, cənab Milani və cənab Biriya tərəfindən də nitqlər söylənildi. Məclisin sonunda cənab Miyoviç Azərbaycanda gördükləri və duyduqları xalq həyəcanları barəsində verilmiş suallara cavab verdilər. Həmin cavabların mətni sabahkı nömrəmizdə veriləcəkdir. Məclis çox səmimi bir şəraitdə sona çatdı və iştirakçılar tanışlıq üçün yaratdıqları bu münasib şəraitə görə cənab Mədudova təşəkkür etdilər.

* * *

1. TASS (ТАСС - Телеграфное Агентство Советского Союза) - Sovet İttifaqı Teleqraf Agentliyi.
2. VOKS (ВОКС - Всесоюзное Общество Культурных Связей) - Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyəti.

"Azərbaycan" qəzeti. ADF orqanı,, Təbriz, say 124, 12.1946

* * *

Azərbaycan Milli Hökumətinin (1945-1946) Baş naziri S.C.Pişəvərinin Təbriz kollecinin salonunda söylədiyi nitqin məzmunu
Mən danışmaq məqsədilə buraya gəlməmişdim. Amma bacılarımızın və qızlarımızın burada göstərdikləri ləyaqət və yaradıcılıq məni məcbur elədi ki, onlara minnətdarlığımı ifadə edim. Burada Milli Hökumətə təşəkkür elədilər. Mən deməliyəm ki, Milli Hökumət xalqımızdan başqa bir şey deyil. İndi ki, siz tərif və təşəkkür elədiniz, mən də Milli Hökumət adından sizlərə səmimiyyətlə təşəkkür edirəm.
Bütün xanımlar və cənablar hiss ediblər ki, bizim yolumuz səadətə doğrudur. Mən iki il əvvəl məzunlar bayramında iştirak edirdim. Burada danışılan sözlər quru və tutuquşu deyimləri kimi idi, Azərbaycan dilində danışmağa icazə verilmirdi və o dil ilə danışmaq bir eyib kimi nəzərə gəlirdi. Onda mən çox alçaldım və sıxıntı hiss etdim. İndi isə görürəm ki, bizim firqəmizin və fədakar qadınlarımızın zəhməti sayəsində o mövhümat pərdəsi, çürümüş zəncir və şeytan toru dağılıb.
Xanımlarımız bizim millətimizin mütərəqqi və istedadlı olduğunu göstərdilər. Həqiqətən, bu neçə ayın içərisində millətin əxlaqı büsbütün dəyişib.Biz deyirik ki, xalqın qapılarını sındıranlar bəlkə qorxu nəticəsində öz yerlərində oturmuşlar, bəs cibə girənlər ki, qorxmurlar, onlar niyə yerlərində oturublar?
Bu göstərir ki, xalqımızın içərisində mənəvi bir inqilab və əxlaqi bir dəyişiklik əmələ gəlib. Mən bir nəfər əcnəbi ilə danışırdım, o deyirdi ki, mən əvvəllər kəndliləri ağır yük altında əzilmiş kimi başıaşağı və kədərli görmüşdüm. Amma indi həmin kəndlilər paltarları cırıq və köhnə olduğuna baxmayaraq, başlarını uca tutub özlərini müstəqil insan hesab edirlər. Buradan anlaşılır ki, millətimiz öz şəxsiyyətinə əl aparıbdır, öz şəxsiyyətini anlamışdır, bu milləti artıq təhqir etmək olmaz.
Milli Hökumətimiz qısa zamanda çox cəsarətli işlər görmüşdür. Bizim ilk müraciətnaməmiz beş ay bundan əvvəl nəşr olmuşdu. Firqəmizdə çox az adamlar vardı ki, Azərbaycan dilinə bu gün xalqımızın göstərdiyi qədər bağlı olsun. Amma biz bu məsələni qəhrəmanlıqla həll edib dilimizi əsarətdən xilas etdik. Götürdüyümüz cəsur qədəmlərdən biri də xanımlara tam mənası ilə azadlıq və bütün sahələrdə iştirak etmək hüququ verməkdən ibarətdir. Bir dəfə ciddi qərar qəbul edib dedik: “Qoy onlar da seçkilərdə rəy versinlər, vəkil olsunlar və bəlkə, gələcəkdə onlardan nazirimiz də oldu”.
Xanımlar da öz ləyaqətlərini göstərdilər. Təbrizdə seçkilərdə xanımlarımızdan 4000 nəfərə yaxını rəy verdi. Bu vasitə ilə azərbaycanlının ləyaqətli bir millət olduğu dünyaya isbat edildi. Xalqımız qəhrəman xalqdır. Əgər indi İran hökuməti varsa, onu yaradan Azərbaycanın qızılbaş ordusu olmuşdur. Bu ölkəni beş-altı şeyx Azərbaycan kəndlilərinin zoru ilə yaratmışdır. Azərbaycan böyük bir qüdrətdir, fəqət ona təkan vermək lazımdır. Bu təkanı Azərbaycan Demokrat Firqəsi verdi. Biz indi İranın başqa yerlərində də böyük ehtiram qazanmışıq. Onlar öz qəzetlərində yazırlar: “Qoy demokrat başçıları gəlib bizi də əsarətdən qurtarsınlar”.
Amma biz deyirik ki, yox, siz özünüzə nicat verin, biz də sizə kömək edək. Amma bizim sizə heç ehtiyacımız yoxdur. Bilməlisiniz ki, bizim milli azadlığımızı tanımasanız da, biz özümüz sizsiz yaşaya bilərik.
Neçə ay bundan qabaq keçən hökumət qarnıyırtıq kazımlara göstəriş verirdi ki, məktəblərin qabağında dursun və çadrasız gəzən müəllimələrə və tələbələrə əziyyət eləsinlər. Bizim Hökumətimiz qarnıyırtıq kazımları cəzalandırdı və Tehran mürtəce qəzetləri onu vətənpərəst adlandırdılar. İndi bizim öz milli dövlətimizin sayəsində hər kəs azad bir surətdə yaşamaq imkanına malik olmuşdur.
Biz özümüzü bütün dünyaya tanıtdırdıq, bütün dünyada elə bir radio yoxdur ki, gündə beş-altı kəlmə də olsun, Azərbaycan barəsində danışmasın. Bu adı biz ucalara qaldırmağa müvəffəq olmuşuq.
Biz bu günlərdə böyük bir işə başlamışıq, o da milli qoşun yaratmaq üçündür.
Biz müharibə etmək istəmirik. Gördünüz ki, qan tökmədən bu böyüklükdə inqilab yaratdıq. Əgər azadlığımızı ayaqlamaq istəsələr, elə zənn edirəm ki, sizlər də bizimlə bərabər ayağa qalxıb, öz millətinizi və hakimiyyətinizi müdafiə etmək yolunda mübarizə edəcəksiniz (şiddətli, uzun sürən alqışlar).
Mən təsdiq edirəm ki, maarifsiz bir millət yaşaya bilməz. Dünya bilik, maarif və elm üstündə dolanır. Biz gərək özgə millətlər kimi tərəqqi eləyək, buna görə vergilər yığılıb məktəblərə verilməlidir. Bunların hamısı hakimiyyət öz əlimizdə olduğu halda əməli ola bilər. Əks halda, keçən dövrdə azad yaşamağa, bir yerə yığışmağa, məclis qurmağa, məsciddə belə hüzr mərasimi təşkil etməyə imkan vermədiyi kimi özgələr gələr, bizim işlədiklərimizi və zəhmətimizin nəticəsini aparar, özünə park və mənzil düzəldər.
Biz gərək hökumətə meydan verək ki, maarif və sair sahələrdə millət öz istedadını göstərsin ki, hamı ondan istifadə edə bilsin. İndi bizim universitet məsələmiz mühüm bir məsələdir. Onu gərək təsis edək və fəqət bu vasitə ilə bizim ləyaqətli müəllimlərimiz, mühəndislərimiz, həkimlərimiz ola bilər. Bunu Milli Hökumətimiz öz əlimizdə olsa, edə biləcəyik.
Bizim Milli Hökumətimiz xalqdan ayrı deyil, göydəndüşmə deyil, öz atalarımız və qardaşlarımızdır. İndi hər yerin qapısı hamının üzünə açıqdır. Bizim Azərbaycanımız çox sərvətli və varlı bir ölkədir. Onun tərəqqi etməyə böyük imkanları var, indiyə qədər bu imkanlardan istifadə etməyə yol verməmişlər. Biz gərək teatra əhəmiyyət verək. Ona görə də Milli Hökumət qurulan kimi teatrı gücləndirməyə başladı. İndi Azərbaycanın teatrını genişləndirmək üçün hökumət yaxşı büdcə ayırmışdır. Diri millətlər müharibənin ən çətin vaxtlarında belə sevinmək və şad olmaqdan çəkinməməlidirlər. Biz həmişə ağlamışıq.
Qoy bundan sonra ağlamaq yerinə, xalqın üzü gülsün. İndi millətimiz birləşib. Görün, beş ayın içərisində Təbrizdə irimiqyaslı heç bir pis hadisə baş verməmişdir. Bu qorxudan deyil, əksinə, səmimiyyətdən və imandandır. Bizim müəllimlərimiz və maarif işçilərimiz gərək kiçik və məsum balalarımıza vətən məhəbbəti və azadlıq eşqini aşılasınlar ki, tərəqqi eləyək. Biz buna əminik. Siz var qüvvənizlə çalışın, dövlət də var qüvvəsilə sizə imkan verəcəkdir (gurultulu alqışlar).
Mən Tehrandan bir miqdar məktub almışam. İnsanlar öz məktublarında yazırlar: “Siz hərəkət edən kimi Tehranın daxilində böyük inqilab yaranacaqdır”.
Bizi bu işə mərkəzi hökumət məcbur edir. Nəticədə bütün İran xalqları əsarətdən xilas olacaq. Amma bilməlisiz ki, böyük arzuları dağınıq qüvvə ilə yerinə yetirmək olmaz. Bizim gərək topumuz, təyyarəmiz və hər cür silahımız olsun. Biz evimizin palazını satıb, tank, top və təyyarə almalıyıq. İranda azadlıq Azərbaycan azadlığından asılıdır.
S.C.Pişəvəri
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 124, 12.02.1946

* * *

Ülgüc ilə dil kəsmək

“Azərbaycan” qəzetinin 119-cu nömrəsində cənab Qəhrəman Qəhrəmanzadənin keçmiş dövrlərdən bəhs edən məqaləsini evdə ucadan oxuyurdum, ev əhli də qulaq asırdı. Söz bir yerə çatanda ev əhlindən biri dərin bir ah çəkib dedi: “Əlhəmdulillah”.
Mən məqaləni oxuyub qurtarandan sonra onun “Əlhəmdulillah” deməsinin səbəbini soruşdum. Cavabında dedi ki, mən uşaq ikən “Şahduxt” mədrəsəsində oxuyurdum. Müəllim ana dilində danışmağı və sual verməyi bizə bərk qadağan etmişdi. Gündə anam mənə bir qran (rial – red.) nahar pulu verərdi. Mədrəsəyə getməyimin birinci ili olduğundan məcbur qalıb, ana dilimdə danışardım. Ona görə də hər gün nahar pulumu cərimə verərdim. Ana dilimizdə danışmağın hər kəlməsinin iki şahı cəriməsi var idi. Burada mənə iki cür zülm olardı.
Birincisi, mənə ana dilimizdə danışmağın qadağan olması. İkincisi də nahar pulumu cərimə verdiyimdən ac qalmağım. Bundan başqa müəllim bizi sıraya düzüb və deyirdi: “Eşitsəm ki, evinizdə də ana dilinizdə danışırsız, ona görə də bu ülgüc ilə dilinizi kəsəcəm”. Ona görə də müəllimin qorxusundan hətta yolda da gedəndə öz yoldaşlarımız ilə danışa bilməzdik. Ona görə də “Əlhəmdulillah” dedim ki, indi Azərbaycan Demokrat Firqəsi bizi əsarətdən qurtarıb və bundan sonra öz ana dilimizdə təhsil almağımızı təmin edib.
Ona görə də ürəkdən deyirəm: “Yaşasın bizə azadlıq verən Azərbaycan Demokrat Firqəsi!”
Məhəmməd Əmini, Basmınc, 11.02.1946

* * *

Qəhrəman xalqım eşitsin

Xalqımız lazımdır artıq huşiyar olsun gərək
Himmətü səyü hünərdə payidar olsun gərək.
Qəlbdən atsın kənara həsrətü əfsusunu
Eyləsin məhfuz qeyrətlə vətən namusunu
Zalımın kəssin kökündən rişeye mənhusunu
Ta ədalət yurdumuzda bərqərar olsun gərək.
Qurmuşuq himmətlə gərçi bir əsasi möhtərəm
Qeyddən azad olubdur ictimaü dil, qələm.
Bir daha lazımdır atmaq ciddü cəhd ilə qədəm
Şanımız ta yer yüzündə aşikar olsun gərək.
Eylərəm təsdiq xilqətim qəhrəmandır, qəhrəman.
İlk dəfə verdilər iman üzilə imtahan
Çox cəsarətlə yenə ərz eylərəm ta hər zaman
Şir kimi qardaşlarım düşmən şikar olsun gərək.
Eyləmək lazımdır artıq indi qəflətdən həzər
Çün edər qəflət igidlər zəhmətin nagəh hədər
Azərilərdən uzun illər boyunda müxtəsər
Bu fəaliyyət, bu himmət yadigar olsun gərək.
Biz gərək daim olaq mihən yolunda canfəşan
Iftixar ilə edək uğrunda qurban baş və can
Səy edək dönsün behişti ədənə Azərbaycan
Yurdumuz bir keşvəri sahibi vüqar olsun gərək.
Az qalıbdır qardaşım, olsun nişan tirə hədəf
Qalibiyyət vaxtıdır, qoyma bu vaxt olsun tələf.
İndi lazımdır gedək sürətlə məqsuda tərəf
Hər cavan öz mətləbində kamkar olsun gərək.

Süleyman Əmini, Sarab şəhəri, 11 fevral 1946-cı il

* * *

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.