“Azərbaycan” qəzetinin səhifələrində- 28-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində- 28-ci yazı

ADF orqanı olan "Azərbaycan" qəzetində elan
Bu yaxın günlərdə Təbrizdəki Sovet mədəniyyət evi binasında Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran Cəmiyyəti Təbriz şöbəsinin orqanı olan “Şəfəq” dərgisinin oxucularının konfransı çağrılacaqdır. “Şəfəq” dərgisi oxucularından xahiş olunur ki, dərgi haqqında öz fikirlərini söyləmək üçün konfransa hazırlaşsınlar.
“Şəfəq” dərgisinin redaksiya heyəti.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 132, 22.02.1946

***
Fəthi Xoşginabinin xatirə dəftərindəki "Züleyxa" hekayəsindən bir parça:
“Zöhhak qala”sı Azərbaycanın tarixi yerlərindən biridir.
Qaranqu çayıının kənarında uca və geniş bir dağ vardır ki, oraya bəzi yerlərdən qalxmaq qeyri-mümkündür. Bu dağın üstündə düz bir yer var ki, hər tərəfdən dərin və qorxulu dərələrlə əhatə olunmuşdur. Bu geniş yerin üstündə çox qədimdə olan su quyularının, çeşmələrin izləri indi də qalır. Məlum olur ki, ora yaşamağa qabil bir yer imiş.
Bu böyük dağın üstündə, adamların yuxarı çıxa biləcəyi mümkün olan yerlərində uca və qalın divarlar çəkilibdir. Bu divarlar əhəng ilə böyük yonma daşlardan çox möhkəm bir şəkildə düzəlib və zaman boyunca da xarab olmayıblar.
Divarlarda bəzi dəliklər düzəlmişdir ki, mən oraya qaranlıq olduğu üçün gedə bilmədim və oraya gedənlərin də heç biri girə bilməmişlər. Bu hasar boyunca daşdan qazılmış at axurları, külünglərin uclarının izləri də qalır. Bu divarlar tarixi və heyrətamiz bir divarlardır. O cür çətin və sıldırım dərələrdə və dağlarda o möhkəmlikdə fəna olmayan divarları düzəldən qüdrəti təcəssüm etməkdə acizəm.
Dağın üstündəki düzəngahlıq bir yerdi. Neçə yerdə möhkəm binaların izləri qalır və Qaranqu çayına tərəf baxan bir yerdə bir tağ təqribən abad halda qalır və onun yalnız bir divarı uçmuşdur. Bu tağ yağışın, tufanların, küləklərin dəhşətli təsirindən qurtarıb və indi isə ona qulluq göstərilməsini istəyir. Bu tarixi bina bəşəriyyətin qüdrətindən bir nümunədir”.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 132, 22.02.1946
***
Aşıq Hüseyn Cavan
Gətirir
Gözəl ildir, gözəl aydır
Bizə xoş bahar gətirir.
Ana yurdum deyib gülür,
Mənə iftixar gətirir.
Gülür insan, gülür topraq
Quru ağac açır yapraq
Hər tərəfə atır budaq
Şirin-şirin bar gətirir.
Qış çəkilir, qar əriyir
Xalqım günəşə yeriyir
Vətənimi gül bürüyür
Bülbülə vüqar gətirir.
Yanır ölkəmin çırağı
Düşüb hər yana sorağı
Coşur həqiqət bulağı
Bizə bir nübar gətirir.
Cavan Hüseyn, sazın çalsan,
Şirin ləhcə, xoş iqbalsan
Azad gündən ilham alsan,
Sənə kömək yar gətirir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 132, 22.02.1946

***
Məhəmməd Əzmi: "Uşaq baxımı"
Keçən məqaləmizdə “Əhalimizi çoxaltmaq və nəslimizi qüvvətləndirmək” sərlövhəsi ilə bunun isbatına çalışdıq ki, nəslin artması millətlərin həyatında mühüm bir məsələdir və orada dövlətimizin öhdəsinə düşən vəzifələri qeyd etdik. İndi də istəyirik, bu barədə ata-anaların öhdəsinə düşən vəzifələri qeyd edək.
Bu həqiqətdir ki, milləti əmələ gətirən fərdlərdır və fərdləri bəsləyən və onları yetişdirib cəmiyyətə təhvil verən ailələrdir. Odur ki, buradan yaxşı məlum olur ki, cəmiyyətdə ailənin mövqeyi nə dərəcədə mühümdür.
Bü gün sağlam nəsil yetişdirmək və uşaqlarımzı yaxşı bəsləmək və onların səhhətini qorumaq bizim ən mühüm vəzifələrimizdəndir. Halbuki ata-anaların yüzdə doxsanının bu işə diqqəti yoxdur və bu diqqətsizlik və baxımsızlıq nəticəsindədir ki, uşaqlarımzın çoxusu südəmərlik dövründə tələf olub gedirlər.
Bədənin sağlamlığı həqiqətdə böyük bir nemətdir. Məşhur filosof Herbert Spenser: “Sağlamlığı qorumaq bir vəzifədir” deyir və sağlamlıq qanunlarını pozmağı maddi günahlardan sayır. Aydındır ki, insan uşaqlıq mərhələsində bu vəzifənin icrasına qadir olmadığından onun heç bir öhdəliyi yoxdur. Bu mərhələdə sağlamlığın qorunması ata-anaların öhdəsindədir.
Həqiqətən sağlamlıq üsullarını gözləməyə uşaqlıq zamanından, hətta oğuşdan əvvəl, yəni ana bətnində olan zamandan başlamaq lazımdır ki, faydasız olmasın. Yoxsa, yalnız böyük yaşlarda sağlamlıq qaydalarına riayət etmək bir bina yıxıldıqdan və xarabalığa döndükdən sonra onun təmirinə çalışmağa bənzəyir. Odur ki, bugünkü dünyada gigiyenanın bir şöbəsi və həm də mühüm bir şöbəsi uşaqlarımzın sağlamlığını öyrədən hissədir.
“Uşaqların gigiyenası” yalnız uşaqların səhhətinə diqqət etməyi öyrətməklə qalmaz, eyni zamanda uşaqların böyümələri üçün lazım olan vasitələri də təmin etməyə çalışar. Uşaq böyütmək bu gün bir fənn olubdur. Gərək ata-analar və tərbiyəçilər yaxşıca bu fənnə bələd olsunlar. Məsələn, bu gün uşağa süd vermək bir sıra qaydalara tabedir. Biz gərək bunu bilək ki, süd dövründə uşağa gündə neçə dəfə süd verilsin və hər dəfədə neçə dəqiqiə süd verilsin və bu dövrdə ana südündən başqa ayrı şeyləri vermənin yolu nədir və habelə süddən nə vaxt açılsın və süddən açıldıqdan sonra yeni yeməyə düşdükdə hansı yeməklər gərək verilsin. Çünki kiçik uşağın həzm cihazının işləməsi böyük adama nisbətən başqadır.
Uşaq böyütmə nədənsə bizdə hələ də layiq olduğu mövqeyi ala bilməmişdir. Bu işi icra etmək ictimaiyyət və tərbiyə elmləri mütəxəssisləri ilə bərbər həkimlər və ata-anaların vəzifəsidir.
Həyat mübarizəsində müvəffəq ola bilmək üçün əvvəla sağlam olmaq şərtdir. Bu mübarizədə müvəffəqiyyət qazanan millətlər ancaq fərdləri sağlam olanlardır. Belə xəyal olunmasın ki, müharibənin nəticəsini yalnız qoşunun artıqlığı və cəsarəti təmin edər. Bundan daha mühüm bir səbəb də var: fikri mübarizədə qazana bilmək! Bunun üçün yaxşı bir vücuda malik olmaq lazımdır. “Sağlam fikir sağlam vücudda ola bilər” məsəlini uşaqlarımzın sağlamlığından ötrü gərək heç vaxt unutmayaq.
Biz uşaq baxımında gərək uşaqlıq dövrlərini tanıyaq və o dövrlərin xüsusiyyətlərinə bələd olaq ki, yaxşılıqla vəzifəmizi yerinə yetirə bilək. Doğulmaqdan həddi-büluğa qədər olan zaman “uşaqlıq dövrü” adlanar ki, bu dövrün dalısı cavanlıq, sonra ahıllıq və ən sonda qocalıqdır. Biz uşaqlığı 4 dövrə ayıracağıq:
1. Uşaq ana bətnindən dünyaya qədəm qoyduğu, yəni doğulduğu vaxt. “Təzə doğulan” adını alan və bu dövrdə göbəyinin quruyub düşməsinə qədər, yəni doğulandan etibarən onun 4 gün sonraya qədər olan dövrü.
2. “Süd uşağı” dövrü. Bu da 2 yaşın əvvələrinə qədər davam edər. Bu dövrdə uşaq əvvəla yalnız süd əmər, sonra xaricdən bəzi yeməklər da verilir və nəhayət məmədən kəsilir. Bu dövrdə uşaq süd dişlərini tamamlayır.
Ana südü ilə bəslənənlərə məmə uşağı və heyvan südü ilə bəslənnlərə əmzik uşağı deyilir ki, hər ikisinə birdən süd uşağı deyirik. Birinci və ikinci dövrdə yaşayan uşaqlara “bəbə” və ya “bəbək” də deyilir ki, biz bu iki istilahdan sonuncusunu tutub və gələn bəhslərdə onu işlədəcəyik.
3. “Tifuliyyət” (tifillik – red.) və ya “uşaqlıq” dövrü. Bu dövr 6 yaşa qədər sürər və böyümə nöqtey-nəzərindən xüsusi bir təsviri yoxdur. Uşaq bu dövrdə durmadan qaçar və oynayar.
4. ”Səbavət” (yeniyetməlik – red.) və ya “məktəb uşağı” dövrü. Bütün dişlərin çıxmağa başlamasından həddi-büluğa, yəni 14-15 yaşlarna qədər olan dövrdür. Həddi-büluğ zamanında bədəndə bir növ maddi və ruhi dəyişikliklr olur və bədən kamilləşər və uşaqlıq dövrü bununla sona yetir. Uşaqlarda görünən ən mühüm və ümumi bir hal bədənin durub dincəlmədən böyüməsidir. Bu təkamül prosesi tədrici, yalnız davamlıdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 132, 22.02.1946.

***
Azərbaycan xalqının gözləntiləri
Radioların verdiyi xəbərlərə görə indi Sovet İttifaqının mərkəzi olan Moskvada bir İran heyəti ilə Sovet hökuməti arasında iki ölkənin münasibətləri haqqında danışıqlar getməkdədir. Azərbaycan xalqı bu müzakirələri böyük diqqətlə izləyir. Çünki bu müzakirələr bir tərəfdən Azərbaycan xalqının ictimai, iqtisadi və mədəni hüququnun illər boyu qəsb etmiş bir hökumətin nümayəndələri və başqa tərəfdən dünyada bütün xalqların azadlığına tərəfdar olan bir hökumət arasında davam edir.
Ehtimal edildiyinə görə İran nümayəndə heyəti bu müzakirələrdə Azərbaycan xalqının müqəddəratına aid olan məsələləri də irəli sürməyə, milli və müqəddəs bir hərəkat nəticəsində öz müqəddəratını əlinə almış olan 5 milyonluq bir milləti yenidən əsarət zənciri altına almağa çalışacaqdır. Biz Azərbaycana aid olan bu kimi tələblərin əsil mahiyyətindən xəbərdar olduğumza görədir ki, Moskvaya çox diqqətlə baxırıq və ümid edirik ki, dünyanın demokratik dövlətləri və xüsusilə böyük qonşumuz olan Sovet dövləti öz müqəddəratını əlinə almış, Milli Məclisini qurmuş, Milli Hökumətini yaratmış və öz azadlığını bütün dünyaya elan etmiş olan 5 milyonluq Azərbaycan xalqının arzusunun əksinə getməyəcəkdir.
Bundan əlavə, Azərbaycan xalqı dünyada kiçik xalqların hüquq müdafiəçisi kimi tanınmış olan Sovet İttifaqından Azərbaycana aid olan məsələlərdə və müzakirələrdə azadlığa layiq və yaralı bir xalqın da mənafeyini unutmayacağına ümid etməkdədir. Biz bu ümidin çox dəyərli və haqlı olmağına inanmaq istəyirik. Bizim böyük dost və qonşumuz olan Sovet İttifaqı Azərbaycan xalqının qanuni ibtidai hüququnun tapdalanmasına imkan verməyəcəkdir. Hər halda, Azərbaycan xalqı aldığı azadlığı hər qiymətə olursa olsun, qoruyacaq və saxlayacaqdır.
Buna görə xalqımız bu xəbəri eşitdikdən sonra daha artıq diqqət və həyəcan ilə firqəmizin və Milli Hökumətimizin ətrafına toplanır və özünün yetirdiyi cavanları azadlığı müdafiə etməkdən ötrü xalq qoşunlarına göndərir, vətən fədailərinin ehtiyaclarını təmin etmək üçün böyük fədakarlıqlar göstərməkdə israr edir.
Azərbaycanlı artıq öz taleyini müəyyən və öz hədəfini təyin etmişdir. Təkrar edirik ki, bu yolda ölmək var, dönmək yoxdur!
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 132, 22 fevral 1946-cı il
***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.