Biz doğma dildə dərs oxuyaq… Güney Azərbaycan

Biz doğma dildə dərs oxuyaq…

1899-cu ildə Quzey Azərbaycanın Gədəbəy bölgəsində anadan olmuş, atası Güney Azərbaycandan olduğu üçün 1938-ci ildə Təbrizə getmiş, 1946-cı ildə Azərbaycanda azadlıq hərəkatı boğulduqdan sonra Tehrana köçməyə məcbur olmuş Fəxrəddin Məhzunun şeirlərində Sabir ritmi, vəzni, obraz və ifadələri kifayət qədərdir. Məhzun Sabirin poeziya enerjisini yeni dövr üçün ən yaxşı səfərbər edən şairlərdən biridir. Onun bir çox şeirləri kimi "Qızı neylirsən əmoğlu" şeiri bunu deməyə bizə əsas verir:

Keçmiş daha sinnin, qızı neylirsən əmoğlu!?
Ömrün yayı keçmiş, buzu neylirsən, əmoğlu!?
Bəsdir sənə qırx yaşlı sənəm, öz babın olsun.
Ceyran kimi qara gözü neylirsən, əmoğlu!?

Sabir ədəbi məktəbinin siyasi-publisistik arsenalın bütün spesi¬fik forma-üslub, poetika-sənətkarlıq imkanlarından bəhrələnən şairlərdən 1924-cü ildə Təbrizdə doğulmuş Müzəffər Dirəfşinin yaradıcılığı da satirik poeziyanın-klassik realizmin obrazları, xarakter və tipləri şəklində öz ifadəsini tapıb:

Gördün necə millət sözün axırda yeritdi,
Təsis eyləyibən məclisini məqsədə yetdi.
Ay məşdi-filani, düzü lap öz aramızdır,
Mən bilmirəm insanlığa naqis haramızdır,
Şayəd ki, ürəkdə olan artıq yaramızdır,
Min şükr ola Allaha, bu tarixi payızdır,
Kim şad eyləyib milləti əlhəq diriltdi,
Gördün necə millət sözün axırda yeritdi.

Sabir kimi mövcud ictimai mühitə, cəmiyyətə qarşı çıxarkən 1950-1980-ci il Güney Azərbaycan şairlərinin vahid ideya proqramlarındakı amallar da Sabirin istəkləri ilə üst-üstə düşür: ictimai ədalət, xalqın azadlığı, milli müstəqillik! Bu amallar siyasi aydınlıq kəsb edir və Güney Azərbaycanda tarixi inkişafın növbəti mərhələsinin təşəkkülü üçün obyektiv ictimai zəmin formalaşdırır. Bu isə XXI əsr Azərbaycan ədəbiyyatında bədii təfəkkürün fəal və intensiv inkişafının fasiləsizliyini təmin edir.
1950-1980-ci illərdə yazıb-yaradan güneyli şairlər isə artıq bu ənənəni səylə davam etdirərək, dil, bədii üslub və ifadə tərzinin mövzu ilə tam uyğunluğuna nail ola biliblər. Bu illər ərzində forma axtarışlarını xüsusilə geniş ölçülərdə əks etdirən ən böyük hadisə şübhəsiz ki, zərurətdən doğduğuna görə tez-tez hallandırdığımız Şəhriyarın "Heydərbabaya salam" poemasıdır. Bu əsər müasir şeirin milli ədəbi fikrə və keçmişə daha çox istinad etdiyi tendensiyanı əks etdirir. Xalq şeirinə və klassik poeziyanın dərinliklərinə aparıb çıxaran xətlər xalq yaradıcılığı, eyni zamanda Nizami, Füzuli, Hafiz ənənələrindən bəhrələnmək təşəbbüsləri
bu əsərdə Azərbaycan xalqının düşüncə tərzini, eyni zamanda Şərq koloritini xüsusilə gücləndirib. Əsərdə "Heydərbaba" bizim yüksək ideallarımızın mənşəyi kimi, kök, əcdad və "baba" kimi tərənnüm olunur. Əsər Heydərbabaya müraciət, Azərbaycan xalqı haqqında müasir konsepsiya ilə səsləşdiyini əks etdirən məqamlar üzərində qurulub. Ustad Şəhriyar vəznlərə, poetik fiqurlara olduqca kamil bir şəkildə bələd olduğu üçün burda üsluba və texnikaya aid forma problemindən daha geniş mənada-bütünlüklə xalqın mənəvi mədəniyyətinin, bədii inkişafının tarixinə fərdi əlavə məzmununda başa düşülən yeniliyi ənənədən kənarda axtarmayıb, özü də ənənəyə təslim olmağı yox, onu inkişaf etdirməyi nəzərdə tutub. Məlum məsələdir ki, şeirdə hazır hökmlər və kəlamlar axtarışları üstələyir.
Bəzi şairlər bir çox sadə həqiqətləri qələmə alırlar. Belə şeirlər bizi dərindən düşündürə bilmir. Əsl sənətkar qələmindən çıxmış şeir məhz ondan ötrüdür ki, oxucunun görüb duya bilmədiklərini ona çatdırsın, eyni zamanda onun kim olduğunu, yeddi arxa dö¬nənini, əcdadını, soykökünü, adət-ənənələrini, bayram və məra¬simlərini, milli dəyərlərini, tarixini, mədəniyyətini onun gözü qarşısında güzgü kimi əks etdirməkdən əlavə yeni bir söz desin. Hamının
bildiyi mövzularla oxucusunu yormasın. Bu cəhət eyni dərəcədə poetika, forma sahəsinə də aiddir. Poetik formalaların qiyməti, yeri, əhəmiyyəti, onlardan necə, nə dərəcədə, harada, hansı məqamda, hansı mövzuda istifadə edilməsi ilə ölçülür. Müxtəlif mövzular üçün həmişə eyni poetik formanı təsdiq eləmək olmaz. Ustad sənətkarın "Heydərbabaya salam" adlanan misilsiz poeması ümumtürk bədii təfəkkürünün inkişafı tarixində yeni tipli mərhələyə yol açdı. Belə ki, onun bu qiyməti ölçüyə gəlməyən ləlindən sonra tək İranda deyil, demək olar ki, bütün müsəlman Şərqində Şəhriyar məktəbinin davamçıları yetişməyə başladı. Yenicə əllərinə qələm alan şairlər xalq şeirindən, klassik poeziyayadan qidalanmaqla yanaşı, Şəhriyar poeziyasından bəhrələnməyə başladılar. Buna səbəb kimi isə bir çox amilləri gös¬tərmək olar. Ali məqsədinin ən yaxşı tərənnümü üsulunu tapmaq üçün Şəhriyar bütün vasitələrdən, xüsusən xalq şeirinin və klassik poeziyanın müxtəlif bədii formalarından istifadə edib. Ustad sənətkar bu poemada varlığı əsas predmet kimi götürüb, xalqın həyat və yaşayış tərzini, məişətini özünəməxsus ümumiləşdirmə yolu ilə, olduqca əlvan boyalarla əks etdirib.
"Heydərbabaya salam" epoxanın Heydərbaba
ilə vəhdəti ideyası ifadə edilib. Daha doğrusu, Heydərbabaya müraciət ustad sənətkar tərəfindən xalqın tərcümeyi-halının ifadəsi kimi seçilib. Belə dioloq formasının özü poeziyada maraqlı hadisədir. Belə forma mövzunun ideya-bədii şərhi üçün birbaşa tərənnüm üsulundan daha geniş epik imkan yaradır. Təsadüfü deyil ki, təkcə İranda və Güney Azərbaycanda deyil, Türkiyədə, İraqda (Kərkükdə) və bir sıra başqa Türkdilli ölkələrdə Şəhriyarın "Heydərbabaya salam" poemasına onlarla şair nəzirə yazılıb. Bu isə bu əsərin bədii tutumunun olduqca böyük miqyaslı olması ilə yanaşı, dövrünün ən yüksək ideya-əxlaqi və humanist sifətlərini özündə təcəssüm etdirməsindən, eyni zamanda ustad şairin bədii fəhminin fövqəladə dərəcədə yüksək olmasından irəli gəlir. Ümumiyyətlə, poema janrına yeni nəfəs, yeni üslub, yeni naxışlar gətirmiş şairin "Şeir və hikmət" poemasında da bütünlüklə fəlsəfi şəhri ilə yanaşı, emosiya və fakt, pomantika və həqiqət, anilik və əbədiyyət bir yerdə, vəhdətdədir. Ölüm, həyat, mübarizə və ölməzlik haqqında şair ən adi ifadələrlə danışa bilir, heç bir artıq sözə, gurultu və ritorikaya, zahiri bəzəyə yol vermədən mövzunu fəlsəfi səviyyəyə qaldıra bilir. Poemada dil, ibarə və ifadələr sistemi də yenidir, qeyri-standartdır. Lakin gur poetik nəfəs burada poetika ünsürlərindən çox poetik ehtiras və təfəkkürə məxsusdur:

Hanı yer üzündə elə bir insan,
Şəhriyar, sən ona arxalanasan,
Qəlbi hünər dolu, özü mərd olsun,
Səhər nəsimi tək könlünə dolsun.
Silsin ürəyindən qəmi, qüssəni,
Qolundan yapışıb qaldırsın səni.
Son qoysun ömründə bu müsibətə,
Qədir-qiymət versin şeirə, sənətə.
Əlindən yapışıb qəlbinə girsin,
Sənin ulağını çaydan keçirsin.
Məni qorxutmayır acından ölmək,
Qorxuram faydasız yanam bir şam tək.

1950-1980-ci illərdə Güney Azərbaycan şairləri tərəfindən qələmə alınan poemalar yalnız ideya-fikir sahəsində yox, klassik poeziyanın və folklor dəryasının ənənə, bəhr, üslub, forma sərvəti ilə yaradıcı şəkildə bəhlənməyin parlaq nümunələridir. Onlar ictimai-siyasi hadisələri ən bitkin epik lövhələrlə təhlil etmək üçün poemanın imkanlarından olduqca peşəkarcasına istifadə ediblər. Sönməz "İsanın son şamı" poemasında estetik ideal seçib. Məlum məsələdir ki, süjet sənətkar tərəfindn özbaşına yaradılır və bütünlüklə onun yaradıcılıq fantaziyası ilə müəyyən olunur. Əslində süjetin mənbəyi real aləmdə baş verən proseslərdir. Bir qayda olaraq süjet qəhrəmanların ictimai-tarixi şəraitdən kənarda deyil, əksinə, həmin şəraitlə əlaqədə göstərilməsinə xidmət edir. Sönməzin "İsanın son şamı" poemasında süjetin bədiiliyi, dina¬mikliyi və konkretliyi hadislərin reallıq və aydınlığı, faktların səciyyəviliyi, surətlərin tipikliyi ilə şərtlənir. Xristianların müqəddəs kitabı olan "İncil"ə görə İsa Məsih Yudanın (Yuhuda və yaxud Yəhuda) başçılığı ilə təqib olunub və insanlığa sığmayan işgəncələrlə çarmıxa çəkilib.
Şübhəsiz ki, məhşur rəssam Leanardo Davinçi Həzrəti İsanın tablosunu "İncil"dəki, həm də yuxarıda qeyd olunduğu kimi, xristian, özü də xristian dininin katolik məzhəbinə qail olan saxtakar keşişlər tərəfindən uydurulan "İncil"dəki ayələr əsasında işləyib. Lakin bunun o qədər də əhəmiyyəti yoxdur. Çünki Sönməz bu tabloda Həzrəti İsanın nəcibliyinin, məsumluğunun bədii boyalarla ecazkar bir şəkildə əks olunduğunu, eyni zamanda Yuhudanın timsalında iyrənc adamla¬rın riyakarlığı və alçağlığını gözəl bir rəsm əsəri tək qarşımızda canlandıra bilib. Burda səhnələrin inandırıcılığı və konfliktin dərinliyi olduqca obrazlı bir şəkildə özünü büruzə verir.
Aşıq poeziyasının həmişə zəmanə ilə bağlı olması, həyatdan qidalanması, bizim dövrlərə gəldikcə həyatı daha geniş planda müxtəlif cəhətlərdən əks etməsi, çox kamil, bitkin bədii ifadə vasitələri yaratması onun poetik gücünü göstərir. Xüsusən bunu bədii dilin zənginliyində, bədii boyaların rəngarəngliyində, dolğunluğunda görürük. "Koroğlu", "Qaçaq Nəbi" kimi dastanlarda elə parçalar, elə qoşmalar var, onlar insanın duyğularını, hisslərini çox güclü bədii şəkildə əks etdirir. Lakin quru ənənəçiliyə uyan, məhəbbəti, həsrəti, nisgili mücərrəd şəkildə deyilmiş sözlər və ifadələrlə təsvir edən, yerli-yersiz nəsihətçiliyə qapılan, dərin və hikmətli fəlsəfi fikirlərdən məhrum olan adi qoşmalar, bayatılar, gəraylılar aşıq poeziyasında az deyil.
Ədəbi-bədii dilin inkişafı üçün eksprementlər eləyən Şəhriyarla yanaşı 1950-1980-ci illərdə Məhzun, Səhənd, Həbib Sahir, Savalan, Yəhya Şeyda, Abbas Bariz və başqaları yeni formalar meydana gətiriblər. Onlar bir tərəfdən mövcud ifadə tərzini yaşadır, normativ dil-üslub zövqünü gözləyir, həm də ictimai məzmun ifadə edirdilər:

Anayasa yazıb ki, biz,
Doğma dildə dərs oxuyaq,
Doğrudan insan sayılıb,
Dilimizdə təməl qoyaq (Savalan).

Vüqar Əhməd,
Professor