İranlı diplomatın saytı rəsmi Tehranın uddialarını əsassız saydı Güney Azərbaycan

İranlı diplomatın saytı rəsmi Tehranın uddialarını əsassız saydı

İran xarici işlər nazirinin keçmiş müavininin rəsmi saytında dərc edilən araşdırma məqaləsində Azərbaycanla bağlı maraqlı məqamlar yer alıb.
Yazıda Dağlıq Qarabağın azadlığı uğrunda aparılan döyüşdə Azərbaycan tərəfinin muzdlu döyüşçülərin xidmətindən istifadə etməsi ilə bağlı ittihamların əsassız olduğu bildirilir.
17 müxtəlif səbəbə görə 44 günlük müharibədə Azərbaycan tərəfinin başqa xarici silahlı birləşmələrin yardımından istifadə etməyə ehtiyacının olmadığı vurğulanır.
"Üstün durumda olan Azərbaycan ordusunun muzdlu silahlıların xidmətindən istifadə etməsi barədə deyilənlər reallığa uyğun deyil" - məqalə müəllifi yazır.
Qafqaz məsələləri üzrə mütəxəssis və məqalənin müəllifi Əlirza Əlizadə daha sonra yazır: “Rusiya qüvvələri müharibədən dərhal sonra sülhməramlı qismində Qarabağ bölgəsində yerləşib. Lakin bu günə kimi muzdluların hərbi əməliyyatlarda iştirakı ilə bağlı hər hansı bir fakt ortaya qoya bilməyib".
Məqalə müəllifi hesab edir ki, bu, sadəcə Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətini pərdələmək, Türkiyənin Azərbaycana verdiyi dəstəyi qeyri-qanuni göstərmək üçün genişmiqyaslı bir psixoloji əməliyyatdır: “Eyni zamanda bu Ermənistanın Azərbaycan Respublikasına təzyiq göstərərək güzəştlər əldə etməsi üçün bir vasitədir".
Əlirza Əlizadə Suriya, Livan, İraq, Türkiyə və hətta Avropadan yüzlərlə muzdlu və PKK silahlılarının Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdüyünü vurğulayır.
“Azərbaycanın muzdluların xidmətindən istifadə etməsi barədə deyilənlər Ermənistanın yalan üzərində qurulmuş təbliğat müharibəsinin tərkib hissəsidir. Bunu öz əməllərini gizlətmək məqsədi ilə həyata keçirirlər”, - deyə məqalə müəllifi yazır.
Əlizadə Azərbaycana qarşı bu iddianı qaldıranların müharibə bitdikdən sonra mövqelərindən geri çəkildiklərini, öncəki bəyanatlarını təkzib etdiklərini yazır. O, Azərbaycan prezidentinin mətbuat konfransında iranlı jurnalistin bu iddialarla bağlı sual verməsini də yersiz adlandırır.
Qeyd edək ki, Azərbaycan Respublikasının muzdluların xidmətindən istifadə etməsi ilə bağlı iddialar İran prezidenti, xarici işlər naziri və hökumətin yüksək rütbəli diplomatları tərəfindən səsləndirilmişdi.

İndiki dönəmdə İran diplomatiyasında etibarlı qaynaqlardan hesab edilən “Diplomasiye İrani” saytında bu məqalənin dərc edilməsi İran hökumətinin iddialarına heç bir fakt tapmadığını və mövqeyindən geri çəkildiyini göstərir.