“Azərbaycan”  qəzetinin səhifələrində  - 89-cu yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 89-cu yazı

Rza Azəri: Şanlı qızıl əsgərin Azərbaycan millətinə hədiyyəsi ya radio stansiyamızın rəsmi açılışı

Cümə günü, 1946-cı il aprel ayının 26-da qəhrəman Azərbaycan millətinin ən təntənəli günlərindən birisi və bəlkə böyük bir bayramı idi. Əbədi olaraq qəlblərimizin ən dərin güşələrində böyük və müqəddəs xatirələr buraxan bizim ölkəmizi canavar faşist sürülərinin işğalından qoruyub xilas edən, o yolu ilə bizim də üzümüzə bütün məzlum millətlərin üzünə olduğu kimi azadlıq və səadət cənnətinin qapılarını açan, həmişə böyük bir ehtiram və təzimlə yad ediləcək olan qəhrəman və sevimli Qızıl ordunun Azərbaycan millətinə yadigar olaraq hədiyyə elədiyi ən son sistem radio stansiyasının milli dövlətimiz tərəfindən dövlət teatrı salonunda rəsmi açılış günü idi.
Səhnənin önündə mikrofon, yəni səsi qəbul edib stansiya vasitəsi ilə göndərən aparat qoyulmuşdu. Sevimli Baş nazirimiz cənab Pişəvərinin tərəfindən radionun rəsmi açılışını hörmətli Milli Məclisimizin rəisi cənab Hacı Mirzəli Şəbüstəri şəxsən ifa edəcəklərdi. Hamı səbrsizliklə rəsmi açılışın gedişini görmək intizarında idi. Saat 17.30-dur. Bu sırada səhnənin pərdəsi yavaş-yavaş açılır. Səhnənin mənzərəsi çox diqqətəlayiqdir. Ən öndə mizlər üstündəki güldanlarda əlvan güllər düzülüb. Güllərin arxasında cənab Şəbüstəri və kürd qardaşlarımızın sevimli rəhbəri cənab Qazi Məhəmməd və sair möhtərəm şəxslərdən bir neçə nəfəri stullarda otururdular. Onların da arxasında 40-a qədər qadınlı-kişili dövlət teatrının aktrisa və aktyorları ayaq üzərində nizam ilə düzülmüşlər. Səhnə önündə dövlət orkestri heyəti cənab C.Cahangirovun rəhbərliyi altında hazır idilər. Bu sırada hörmətli Baş nazirimiz xüsusi lojalarına daxil olduqda Azərbaycan milli marşı oxunub çalınmağa başladığından hamı ayağa qalxmışdı. Başı açıq, tam ehtiram və sükut ilə marşa qulaq asmağa başladılar. Marş qurtardıqda alqış tufanı qopdu. Ura və alqış səsləri salonu hərəkətə gətirmişdi. Keçən 25 illik mənhus dövr ilə indiki dörd aylıq azadlıq dövrümüzün bariz fərqləri kino lenti kimi bir-bir gözümüzün önündən gəlib keçirdilər.
1926 və ya 1927-ci il idi. Bu səhnə yeni düzəlmişdi. Rza xan, o kobud məxluq yeni şah elan olunmuşdu. Təbrizə bizim qanımızı sormaq üçün “ət-daş” eləməyə gəlmişdi. Bu səhnənin rəsmi açılışını o vaxtın valisi ifa edəndə o hiyləgər, qəsbkar, zalım hökmdar həmin lojada oturmuşdu ki, bu gün Azərbaycanlının qanını şüşəyə tutan hiyləgərlərin yerində Azərbaycanın öz mərd və aslan oğlu oturmuş, millətin səadətinə baxıb gülür və ləzzət aparırdı. Bu təntənəli mərasimdə ixtiyarsız hər kəsin gözündən sevinc yaşları axırdı. Çünki bu qara buludlar dağılıb, qaranlıq günlər gedib, işıqlı azadlıq günəşinə və günlərinə çatmışıq. Radio heyətinin müdiri cənab Mirqasım Çeşmazər aparat qarşısında “Danışır Təbriz” deyə rəsmi açılışını bildirdi.
Cənab Şəbüstəri öz açılış nitqini oxuduqdan sonra və nitqinin neçə yerində xüsusilə “Qızıl ordunun hədiyyəsidir” dedikdə alqış tufanı qopurdu və Pişəvəri adı da hər dəfə qeyd olunanda ura səsi və alqış tufanı salonu lərzəyə gətirirdi.
Sonra kürd qardaşlarımızın hörmətli rəhbəri cənab Qazi Məhəmməd kürd dilində ittifaqımıza, qardaşlığımıza və Azərbaycanın tərəqqisinə aid olan nitqi ilə neçə dəfələr alqışlandılar. Sonra cənab Şəbüstərinin nitqinin fars, rus və fransızca olan tərcümələri, cənab Qazi Məhəmmədin nitqinin fars dilində tərcüməsi mikrofon qarşısında oxundu. Bu rəsmi açılış qurtardıqdan sonra 5 dəqiqə tənəffüs elan edildi.
Tənəffüsdən sonra konsert hissəsi başlandı. Konsert hissəsində də bəstəkar cənab C.Cahangirovun özlərinin bəstələdikləri, yəni nota çəkdikləri solosu, cənab Dəbbaqinin ifası, Hüseyn Cavanın aşıq havaları və milli mahnıları, dövlət teatrının aktyor heyətinin xorla oxuduqları fədai marşları çox şiddətli, gurultulu alqışlar və ura səsləri ilə dəfələrlə qarşılandılar.
Radio stansiyasının açılışına həsr olunmuş bu təntələli rəsmi yığıncaın qurtarması təqribən saat 19.30-da elan edildikdən sonra rəsmi dəvət olunanların radio stansiyası və studiyasına yaxından tamaşa etmək üçün studiyaya gəlmələri xahiş olundu. İqtisad nazirliyinin yanında olan studiyanın bütün salonları ali bir tərzdə xalçalar və mebellərlə döşənib hər yeri bəzənmiş və bütün salonlarda masaların üzərinə hər cür şirni qoyulmuşdu. Çağırılan qonaqları orada Baş nazirimiz cənab Pişəvəri və Milli Məclisin rəisi cənab Şəbüstəri qəbul edirdilər. Bir az sonra avtomobillərlə Nizamiyyə xiyabanında stansiyaya baxmaqdan ötrü yola düşdülər. Stansiyada masaların üzəri şirni ilə dolu idi. Orada radiostansiya aparatları üzrə cavan elektrik-mühəndis cənab Dəxili tamaşa edənlərə hər bir xüsusda izahat verirdi. “Bu radio Amerika malıdır, hər bir tərəfə, 2500 km məsafəyə qədər səs göndərir. Özü də təzə, 1943-cü ilin sistemidir”, - deyə bəzi faydalı izahat verirdi. Xülasə, bu təntənəli gün çox böyük sevinc və şadlıqla başa çatdı. Bu mərasimdə Tehrandan gələn əziz qonaqlarımızdan ibarət bir heyət də iştirak etmişdilər. Bundan sonra milli dövlətimizin rəhbərliyi altında böyük tərəqqilərə nail olub daha da xoş və daha da təntənəli günlər görəcəyimizi xalqımıza müjdə veririk.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***

Azərbaycan Milli radio stansiyasının rəsmi açılışı

Kürd qardaşlarımızın möhtərəm rəhbəri cənab Qazi Məhəmmədin radionun rəsmi açılışı münasibəti ilə söylədiyi nitqi

İndi ki, Azərbaycan Milli Hökumətinin radio stansiyası rəsmən açılır, Azərbaycanın bütün rəşid və azadlıqsevər millətinə ürəyimizin dərin güşəsindən gələn təbrik və salamlarımızı bildirirəm. Çünki bizim üçün bir vaxt müəyyən olunub ki, Kürdüstan tərəfindən də radioda danışılsın. Bu radionun açılışı münasibətilə kürd millətini də təbrik etməyi lazım bildim.
Bu iki nəcib millətin azadlığı ələ gətirmələrinə səbəb olan bu dostluq və birliyin gündən-günə daha da möhkəm olmasına ümid edirəm. İttifaq və qardaşlıq sayəsində ələ gətirdiyimiz azadlığın mühafizəsi üçün mərdliklə çalışacağıq. Bir-birimizə münasibətdə hər cür yardımı və köməyi əsirgəməyib hələ da qalmaqda olan ictimai və mədəni nöqsanları bir-birimizin köməkliyi ilə aradan qaldırıb tam sürətlə səadət və xoşbəxtlik mənzilinə tərəf gedək. Səy və ciddiyət etməliyik ki, dünyanın mütərəqqi millətlərindən geri qalmayıb sahibsizlikdən bu iki millətin düçar olduğu yoxsulluq və fəlakəti sənaye və elm vəsiləsi ilə dəf edək. Xülasə, bu iki milləti birlikdə işləməyə və qardaşlığa çağıraq. Fürsətdən istifadə edərək bu məsələni onların yadına salıram ki, bugünkü dünya elm və mədəniyyət sayəsində yeri-göyü fəth edib və indi ulduzların sirlərini kəşf eləməklə məşğuldur. Deməli, sizin nicat yolunuz yalnız elm və mədəniyyətə sahib olmaqdadır. Bu halda hər nəyiniz varsa, özünüzü savadlandırmaq, elm və maarifinizi genişləndirmək yolunda xərc edin və əmin olun ki, özünüzün qədim arzunuza yetişəcəksiniz. Kürd millətini bu məsələdən xəbərdar etmək istəyirəm ki, Təbrizə gəldiyim bu neçə gündə Azərbaycanın möhtərəm başçıları ilə birlikdə hərbi hissələri, məktəbləri və fabrikləri görməyə getmişəm. Azərbaycan milləti öz tərəqqi və səadəti yolunda böyük addımlar atıb və layiqli tərəqqilərin ona nəsib olduğunu müşahidə etmişəm.
Təbrizdə və Azərbaycanın sair şəhər və kəndlərində maddi və mənəvi nöqsanları aradan qaldırmaq üçün ictimai və iqtisadi sahələrdə böyük hərəkətlər görünməkdədir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946

***

Azərbaycan Milli radio stansiyasının rəsmi açılışı

Cümə günü 26.04.1946-cı il tarixində axşam saat 5.30-da Azərbaycan milli radio stansiyası rəsmi surətdə açıldı. Bu təntənəli açılış mərasimi xalqımızın odlu alqışları içərisində dövlət teatrında təşkil olundu. Milli hökumətimizin Baş naziri cənab Pişəvərinin xəstəliyi olduğuna görə radio Milli Məclis rəisi cənab Şəbüstərinin vasirəsilə açıldı. Aşağıda cənab Şəbüstərinin açılış münasibəilə söylədiyi nitq dərc olunur. Bu nitq 4 başqa dildə, kürd, fars, rus, fransız dillərində də bütün dünyaya verildi. Mərasimin proqramı xalqımızın sevincli və gurultulu alqışları ilə saat 8-də sona yetişdi.
Əziz həmvətənər və hörmətli eşidənlər!
Azərbaycan Milli Hökumətinin yeni bir parlaq nailiyyətini sizə xəbər verməklə özümü çox xöşbəxt hesab edirəm. Millətlər ömründə çox qısa sayılan 4 aylıq bir müddətdə Azərbaycan Milli Hökumətinin müxtəlif həyati sahələrdə əldə etdiyi nailiyyətlər qəhrəman xalqımızın iftixarla dolu tarixində qızıl xətt ilə yazılacaqdır. Misli görünməmiş bir əmniyyət yatamaq, iqtisadi böhranların qabağını almaq, işsizlik əleyhinə müvəffəqiyyətlə mübarizə aparmaq, həqiqi xalq maarifini genişləndirmək, səhiyyəni təmim vermək, pulsuz və əvəzsiz olaraq kəndlilər arasında xalisə yerlərinin (dövlət torpaqlarının – red.) bölünməsini əməli etmək, azadlığı və milli dövlətimizi müdafiə etmək üçün qüdrətli milli qoşun yaratmaq Milli hökumətimizin bu qısa müddətdə əldə etdiyi nailiyyətlərin bir hissəsini təşkil edə bilər.
Habelə milli radio stansiyasının təsis edilib işə salınması Milli hökumətin böyük dəyərə malik olan işlərindəndir. Mən çox şadam ki, bu gün milli radiomuzun rəsmi açılış mərasimi xalqımızın müxtəlif təbəqələrinin hüzurunda əmələ gəlir, Azərbaycan milli radiosunun təsisi ilə xalqımızın həyatında yeni bir mərhələ başlanır. Çünki bu radio xalq maarifini genişlənməkdə, ictiami rəyi işıqlandırmaqda, təlim və tərbiyə yolu ilə millətimizin əsasını möhkəmləndirməkdə və bütün təbəqələri ölkənin və və dünyanın vəziyyəti ilə tanış etməkdə böyük bir rol oynayacaqdır. Biz bu qüdrətli silahdan layiqincə istifadə edərək ana dilimizdə səsimizi bütün azad və mədəni dünyanın qulağına çatdırıb bütün dünyaya öz milli istəklərimizi və müvəffəqiyyətlərimizi elan etmək üçün imkan əldə edəcəyik.
Yeri gəlmişkən, iftixar və şərəflə öz vətənlərinə dönən qəhrəman Qızıl ordunya Azərbaycan xalqına hədiyyə etdiyi bu unudulmaz yadigara görə səmimi qəlbdən təşəkkür etməyi lazım bilirəm. Qəhrəman Qızıl ordu bəşəriyyət xilaskarı və demokratiya hamisinə layiq olan tərzdə tarixi missiyasını şərəflə yerinə yetirib nəinki yalnız öz vətənini qəhrəmancasına müdafiə etdi, eyni zamanda faşist istilaçılarının əli ilə aradan getməkdə olan dünya mədəniyyətini də xilas etdi.
Qəhrəman Qızıl ordu İranın istiqlaliyyətini hifz etdi və misli görünməmiş qəhrəmanlıqlar sayəsində faşist işğalçılarının əziz vətənimizə qədəm qoymasına mane oldu. İndi ki, xilaskar qızıl ordu məmləkətimizi tərk etməkdədir, onlara ürəkdən “xoş gəldiniz” deyərək öz səmimi və pak duyğularımızı təqdim edib və nəcib sovet xalqlarının səadətini arzu edirəm.
Qızıl ordunun yadigarı olan Təbriz radio stansiyası azadlıq, demokraya, müdafiə, nicat və mətanət nümunəsi olan sovet xalqlarının qəhrəman oğullarının xatirələrini əbədi olaraq Azərbaycan xalqıın ürəyində hifz edəcəkdir. Bir dəfə daha Təbriz radio stansiyasının rəsmi açılışı münasibətilə qəhrəman və rəşid Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 184, 28.04.1946
***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə