Azərbaycanın İrandakı səfiri: “Urmiya gölündəki böhran qlobal bir böhrandır” Güney Azərbaycan

Azərbaycanın İrandakı səfiri: “Urmiya gölündəki böhran qlobal bir böhrandır”

Azərbaycanın İrandakı səfiri Urmiya gölündəki ekoloji fəlakətdən danışıb. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Cavanşir Axundov bildirib ki, bu problem bölgənin ekoloji mühitinə kompensasiyası mümkün olmayan zərərlər vurulmasına gətirib çıxaracaq: "Urmiya gölündəki böhran qlobal bir böhrandır. Biz ümid edirik ki, məsləhətləşmə, planlaşdırma və xüsusi proqramların icrası ilə bu gölün problemi də həll olunacaq".
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.