Bu sözü mən deyirəm, heç kim inanmır yenə də… Güney Azərbaycan

Bu sözü mən deyirəm, heç kim inanmır yenə də…

Həddad düzü düz, əyrini əyri yazırdı…

Mirzə Ələkbər Sabir Azərbaycan poeziyasında yeni bir məktəb, yeni bir yol yaradıb. Sabirin açdığı bu olduqca işıqlı cığır istər-istəməz qələm götürüb şeir yazmağa başlayan insanları inamla addımlamağa sövq edib. Sabir məktəbinin şagirdləri istər Şimali Azərbaycanda, istərsə də Cənubi Azərbaycanda kifayət qədər olub, indi də var. Lakin onu da etiraf etmək lazımdır ki, Cənubi Azərbaycanda Sabir məktəbinin "əlaçı" şagirdləri Şimaldakından da çox olub. Həmin şagirdlər Sabirin misilsiz yaradıcılığından bəhrələnərək eynilə Sabir kimi öz əsərlərində mənalı, səciyyəli və kiçik ştrixlərlə böyük tiplər yaradıblar. Lakin Sabirin bir məziyyəti də onların yaradıcılığına sirayət edib ki, bu da dahi şairin tələb olunan anda şeirlərində atalar sözlərindən, zərbi-məsəllərdən, hikmətli kəlamlardan mahiranə bir şəkildə istifadə etməsidir. Bu da öz növbəsində şairin bütün bədii irsinin xalq həyatının, xalq adət-ənənələrinin içində ehtiva olunmasıdır. Sabirin bir misrası, bir ifadəsi belə xalq həyatından ayrı olmayıb ki, məhz bu cür keyfiyyətlər dahi şairi xalqa hədsiz dərəcədə sevdirib. Sabir əsərlərini oxucusuna elə bil şəkildə təqdim edib ki, sanki onlardakı tiplərin əlvan boyalarla rəsmini çəkib. Elə məhz bundan ötrü də Sabir oxucusu üçün anlaşılmayan heç nə qalmayıb. Dahi şair əsərlərindəki şəxslərin mənəvi aləmi haqqında elə təsəvvür yaradıb ki, hətta oxumağı təzə öyrənən azyaşlı məktəbli belə onları çox asanlıqla qavrayıb mənimsəyə bilir. Yuxarıda qeyd olunduğu kimi bütün bu keyfiyyətlər Sabir ənənəsini davam etdirən şairlərin çətin işini xeyli asanlaşdırıb, onlar Sabir üslubunun, Sabir ənənəsinin işığı altında mükəmməl əsərlər yaratmağa qadir olublar. Həddad da məhz belələrindəndir:

Xoşa o günlərə saqi ki, bərbəriyyət idi,
O bərbəriyyət qurban olum ki, nemət idi.
Nə yaxşı günlər idi, saqiya, keçən günlər,
Hamı inanmış idi, pakdil cəmaət idi.
Nə varlı-yoxsul arasında dükgüdük var idi,
Kasıb nəcib idi, dövlətdi badəyanət idi.
Nə yoxsulun ürəyi qan olurdu baxdıqca,
Nə əqniyalarımız böylə bimürüvvət idi.
Nə iddia var idi, nə təkəbbürü hiylə,
Şikəstnəfslik onda bu xəlqə adət idi.
Biri geyirdi qədək don, biri də şal güləcə,
Və leyk, bir-birinə işləri məhəbbət idi.
Nə mersi-çersi qanardıq, beistilahi-cədid,
Nə xəlqi-zahiri xoş, batini xəbasət idi.
Nə fırlı baş var idi bizdə, nə matıxlı dodaq,
O vaxt ziynətimiz qeyrətü-şərafət idi.
Nə banuvani-vətən onda bihicab idilər,
Nə mərdumani zaman vərşikəsti-qeyrət idi.
Nə onda qız kimi ziynət edərdi oğlanlar,
Nə onda millətimiz böylə əhli-ziynət idi.
Amerika eynəyi, poz dəsmalı, fokul-kravat
Kaput, matik yox idi, misli-bədvi xilqət idi.
Cibinə ayna-daraq qoymaz idi oğlanlar,
O vaxt ayna-daraq çünki mali-övrət idi.
Kişi çörək qazanıb nəvadə saxlardı,
Qızına, oğluna, arvadına müsəllət idi.
Ona itaət edir hər nə əmri olsa idi,
Evində hər kişi bir müxtədir hökumət idi.
Elə kişi, elə arvad elə oğul var idi,
Biri-birinə vəfadaru basədaqət idi.
İti qılıncımız var idi, qəvi qolumuz,
Tamam millətə qalib olan bu millət idi.

Bu şeirdə Həddadın "saqi"yə müraciəti, bir çox klassik şairlərimizin yaradıcılığında izlədiyimiz kimi özü-özünə müraciətidir. Məlumdur ki, "saqi" obrazı klassik şairlərimizin günahsız bir aləmdə, "piri-xərabati"də yaratdıqları obrazdır. Bu "saqi" behiştdəki saqiyə bənzəyir və şairlərə qıcqırmış üzümdən deyil, Haqqın şərbətindən hazırlanmış şərab paylayır. Şair burda "saqi" deyəndə özünü nəzərdə tutur və onu acıdan, ağrıdan məsələləri özü-özünə danışır.
Xalq öz sənətkarlarının həqiqətdə kim olduğunu kitablardan, informasiya vasitələrindən, qəzetlərdən, jurnallardan, televiziya kanallarından, internet saytlarından öyrənməyə başladı. Həddad isə bizdən çox uzaqda deyildi. Əlimizi məcazi mənada ona toxundura bilirdik. O, bir çox müasirləri kimi Leninə, kommunist partiyasına, komsomola şeirlər ithaf eləmirdi, əksinə, sözaltı mənalarla Lenini, Stalini qırmanclayırdı.
Göründüyü kimi Həddad ustadı Sabir demişkən düzü düz, əyrini əyri yazırdı və əsərlərində irfani rəmzlərdən istifadə eləyirdi. Yuxarıda qeyd olunduğu kimi klassiklərimizin, Nizami Gəncəvidən tutmuş üzü bu yana öz əsərlərini Minacatla, tövhidlə, nətlə, eyni zamanda "saqinamə" ilə başladığı da hamıya məlumdur. Həddad da bu gözəl ənənəni davam etdirib və "Budur təməddün əgər" şeirini "saqi"yə müraciətlə başlayıb.
Həddad bu şeirdə Sabiranə tərzdə inkişafı, müasirliyi yalnız üz-gözünü boyamaqda, cibində ayna-daraq gəzdirməkdə, "mersi" söyləməkdə, qız kimi ziynət etməkdə, böyüyə ağ olmaqda, valideyni saymamaqda, Amerikadan, Avropadan axıb gələn iyrənc görüntülərin təsiri altında şəhvət əsiri olmaqda, həyatın mənasını seksdə görməkdə qavrayanları öldürücü satira atəşinə tutmaqla, ifşa etməklə yanaşı, xalq adət-ənənələri içərisində cilvələnən milli dəyərlərimizi və bu dəyərlərin nə qədər nəcib işlər olduğunu bütün təfərrüatı, mənalı poetik ifadələrlə, olduqca aydın bir şəkildə gözümüzün önündə canlandırır. Şair Amerikaya, Avropaya baxıb yaxşını deyil, yalnız pisi götürən səfeh cavanları satira qamçısı ilə döyəcləməklə yanaşı, yeddi arxa-dönənimizin, əcdadımızın, nənələrimizin, babalarımızın kim olduğunu, nə qədər yüksək mənəvi keyfiyyətlərə, nəcib sifətlərə malik olduğunu bizə gözəl bir şəkildə xatırtladır, bu da şairin böyük bir istedad malik olmasından, eyni zamanda xalqını, millətini keçmişlərdə olduğu kimi pak, təmiz, saf, yüksək əxlaqlı, əməlisaleh görmək istəməsindən irəli gəlir.
Həddad bu şeirdə xalq həyatının rəsmini çəkir və gözümüz önündə qeyrəti, namusu, düzgünlüyü, mərdliyi, halallığı özünə həyat şüarı seçmiş xalqın yüksək mənəvi keyfiyyətlərini, nəcib sifətlərini nəhəng bir tablo kimi təqdim edir: "Şikəstnəfslik xalqa adət idi?!"- deyərkən xalqın nəfsinin sahibi olmasının, nəfsini iradəsinə tabe etməsinin adət şəklini almasını bəyan edir ki, biz burda xalqın tək şikəstnəfsliyini deyil, saleh əməlləri adət eləməsini bütün varlığımızla duyuruq.
Yuxarıda qeyd olunduğu kimi Həddad mənəviyyatları çirklənmiş və möhürlənmiş, şeytana uymuş, Qərbin şirindən şirin görünən, əslində acıdan da acı zəhərilə ruhən zəhərlənmiş və bu zəhərin təsirilə uçurumun kənarında asılıb qalanları qırmanclayarkən elə müxtəlif bədii üsullardan istifadə edir ki, onun qələmi altında rənglər parlaq, eyni zamanda bir-birinə bənzəməyən bir şəkildə dəyişir:

Xabi-qəflətdə yatan millət oyanmır yenə də,
Uca yerdən yıxılıb, sanki durammır yenə də.
Yatır şəbpərətək gündüzü axşama kimi,
Gecələr ovci-səadətdə uçanmır yenə də.
Nə ümid ilə yaşar dəhrdə insan görəsən?
Rahi ümmidi tapanmır bular indi yenə də.
"Qərni-bistumdi" deyir, bomba atomdan danışır,
Öz mədarın itirib, yaxşı dolanmır yenə də.
Hamı zənciri-əsarətdən özün etdi xilas,
Bu yazıq millət o zənciri açammır yenə də.
Bu tilsimati-cəhalətdə hələ qalmalıyıq,
Sahiri-əsr bu cadunu pozanmır yenə də.
Başının börkünə möhtacdı biganələrə,
Niyə balidələnir, bircə usanmır yenə də.
Sapı yox, iynəsi yox, ta tikə öz şalvarını,
Gör nə biçarədir, öz halına yanmır yenə də.
İstilahın dəyişib "çox sağ ola" "mersi" deyir,
Sanki biganəpərsdi özü danmır yenə də.
Bizə əsbabi-tərəqqi olub eynək, kravat,
Bu sözü mən deyirəm, heç kim inanmır yenə də.
Qarğa istir yeriyə qaz kimi, amma ki, yazıq,
Yeriyənmir, atılır, yaxşı qaçanmır yenə də.
Gündə bir mod dəyişir, özgəyə təqlid eləyir,
İstir almanlı ola, leyk olanmır yenə də.
Fikri lazımdı dəyişmək, nə libası, nə dili,
Kəc gedir qafiləniz, yolda dayanmır yenə də.
Qərin-bistumdu gərək qız kimi oğlan bəzənə,
Uş ki, yoxdur, cibi pulsuzdu, qazanmır yenə də.
Adkalon, podr, ətir, ayna, darağ indi gərək,
İşi bir təhrə salır, ya ki, salanmır yenə də.

Göründüyü kimi Həddadın satirası sanki od qoyub onun təbiricə desək, qaz yerişi yerimək istəyən qarğaları yandırır. İfadə məşhur; "Ördək istədi qaz yerişi yerisin, öz yerişini də itirdi" zərbi-məsəlindən götürülüb. Lakin şair burda satira qılıncını bir az da itiləmək üçün "ördəyi", "qarğa" ilə əvəz edir. Çünki ördəyin az da olsa qaza bənzərliyi var, qarğa isə tamamilə qaza bənzəmir və onun özünü qaza bənzətmək istəməsi nə qədər gülünc alına bilər. Burda şair necə deyərlər, baltanı dibindən vu¬rur. Çünki indiki zamanda özünü fransızlara, hollandiyalılara, danimarkalılara bənzətmək istəyən cavanların necə gülünc vəziyyətə düşdüklərini gözlərimizlə görürük və Həddadın nə qədər haqlı olduğuna hər gün bir az da əmin oluruq.
Lakin kor-koranə Qərbə axıb gedən bir sıra cavanların eyiblərini ifşa edən tək qarğanın özünü qaza oxşatmaq istəməsi misrasıyla səciyyələnmir. Sabir məktəbinin ən fəal davamçılarından olan Həddadın hər misrası bizə çox şeyləri xatırladır, oxucusunu məcbur edir ki, dərin düşünsün və xalqın bəzi zümrələrinin iradəsizlik burulğanında boğulmağının qarşısını almaq üçün bütün imkanların daxilində əlindən gələni əsirgəməsin.
Bu şeir də əslində şairin o biri əsərləri kimi ürəyindən qopan fəryaddır ki, şair onu əzən problemləri öz oxucusuna daha əlvan boyalarla çatdırmaq üçün daha məqsədəuyğun hesab etdiyi satira janrını seçərək təqdim edib. Şairin bütün əsərlərində bədii fikir və ideyaların genişliyi, emosional duyğunun vüsəti və gücü, bədii ifadə vasitələrinin koloriti, inandırıcılığı onu xalqa sevdirib. Lakin bunun səbəbi təkcə bu keyfiyyətlərdə deyil, Həddadın əsərlərindən göründüyü kimi xalq həyatını doğru, olduğu kimi əks edən, xalqı ağrıdan məsələləri nəhəng bir güzgü kimi göz önündə canlandıran və hər cəhətdən xalqın zövqünü oxşayan sənətkardır. Bütün bunlardan başqa Həddad yuxarıda qeyd olunduğu kimi xalq adət-ənənələrinə sıx tellərlə bağlı bir sənətkardır ki, xalq adət-ənənələrinin içində bir ləl kimi işıq saçan atalar sözlərinə, zərbi- məsəllərə heç bir əsərində biganə qalmayıb.
Həddad da Sabir kimi mənən irfani bir şair olduğu üçün bu şeirdə də bir çox əsərləri kimi cinayətsiz, xəyanətsiz, xainsiz, rüşvətsiz, yalnız müqəddəs hisslərlə cövlan eləyən "xərabat" qurur. Bütün irfan şairlərinin xəyali aləmində billur duyğular olduğu kimi Həddaddan da bu yan keçməyib.

Vüqar Əhməd,
professor