UEFA Zabit Səmədovu “Qarabağ“ın ulduz azarkeşi seçib İdman

UEFA Zabit Səmədovu “Qarabağ“ın ulduz azarkeşi seçib

Bəhram Bağırzadə: "Kim mənim "Qarabağ" azarkeşi olmadığımı UEFA-ya yazıbsa…"
EFA Çempionlar Liqasında çıxış edən komandalarının ulduz fanatları siyahısında dəyişiklik edib. Bununla bağlı hazırlanmış yazıda "Qarabağ"ın yeni ulduz fanatı kimi Zabit Səmədov göstərilib. Məqalədə bildirilir ki, Azərbaycanın ən güclü kikboksçularından olan Səmədov Ağdam komandasının azarkeşidir. O, hələ qrup mərhələsindən əvvəl klubu şəxsi "İnstagram"ında bu sözlərlə dəstəkləyib: "Biz sizin üçün dua edəcəyik, uşaqlar. Sən mənim qəhrəmanımsan. Allah səninlədir. Sən ən güclüsən". Qeyd edək ki, Zabit Səmədov ulduz fanat kimi Bəhram Bağırzadəni əvəzləyib.
Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadə adının Çempionlar Liqasının qrup mərhələsindəki komandaların məşhur fanatları siyahısından çıxarılmasına münasibət bildirib. "Bakılı oğlanlar" ŞHK-nın keçmiş üzvü "Report"a açıqlamasında UEFA-nın bu addımının təsadüfi olmadığını bildirib. B.Bağırzadə onun məşhur fanatlar siyahısına salınmasına etiraz edənləri günahlandırıb: "Kim mənim "Qarabağ" azarkeşi olmadığımı UEFA-ya yazıbsa, Allah canını sağ eləsin. Bu məsələdən o qədər danışdılar ki, axırda adımı da siyahıdan çıxardılar. Başqa cür necə ola bilərdi? Sanki ötən əsrin 30-cu illəridir, donos yazırlar. Bəhramın adının məşhur fanatlar siyahısından çıxarılmasına ən çox sevinənlər ermənilərdir. Onların KVN komandasını 1992-ci ildə məğlub edən "Bakılı oğlanlar"ın üzvünün məşhur fanatlar siyahısından çıxarılmasına gülürlər. Amma bunlar mənim üçün xırda şeylərdir. Sadəcə, adama qəribə gələn odur ki, niyə özümüz belə əməllərə əl atırıq?! Paxıllıq kişilərə yox, qadınlara məxsusdur".
Komediya aktyoru, bununla yanaşı bildirib ki, daxili yarışlarda "Qarabağ"ın yox, "Neftçi"nin azarkeşidir. O, Ağdam komandasını dəstəkləməsini belə əsaslandırıb: "Hazırda elə məqamdır ki, hamımız Qarabağ ətrafında - istər torpaq, istərsə də komanda anlamında sıx birləşməliyik. Bu gün nəinki Bakı Olimpiya Stadionundakı 70 min tamaşaçı, hətta Azərbaycanın 10 milyonluq əhalisi "Qarabağ" deyəcək. Erməniləri yenərək, "Əsrin çempionu" olmağımız, aprel döyüşlərindəki qələbə bizə öz torpaqlarımızı qaytarmağa hazır olduğumuza dair böyük ümidlər bəxş etmişdi. Bu gün həmin ümidləri "Qarabağ" komandası yaşadır. Mən də hamı kimi "Qarabağ" deyirəm".
Qeyd edək ki, Çempionlar Liqasındakı komandaların məşhur fanatları arasında siyasətçi və idmançılarla yanaşı, incəsənət ulduzlarından Madonna, Monika Belluççi və Luçano Pavarotti də var. UEFA Bəhram Bağırzadəni "Qarabağ"ın məşhur fanatı kimi təqdim etsə də, sonradan onun adını siyahıdan çıxarıb.