“Rusiya problemlərlə üzləşəcək” Dünya

“Rusiya problemlərlə üzləşəcək”

İqtisadi layihələrdən imtinanın fəsadları ağır olacaq

Cavid

"Hazırkı vəziyyətdə Rusiya hökumətinin daha çılğın davranışlar nümayiş etdirməsi, "Türk axını" kimi iri iqtisadi layihələri dayandırması və radikal addımlar atması əslində daha çox Rusiya dövləti üçün zərərlər gətirəcək". Bunu açıqlamasında iqtisadçi-ekspert Rəşad Həsənov Rusiyanın "Türk axını" qaz kəmərinin tikintisinin dayandırmasına münasibətində deyib. Onun sözlərinə görə, 2014-cü ilin əvvəlindən Avropa Birliyində münasibətlərin korlanması fonunda "Türk axını" layihəsi mühüm əhəmiyyət kəsb edib: "Bu növbəti dövrlərdə gözlənilən Rusiya və qaz hasilatının dünya bazarlarına çıxarılması üçün alternativ və eyni zamanda mümkün alternativlərin ən yaxşılarından hesab edilirdi. Növbəti dövrlərdə Ukrayna ilə münasibətlərin yaxşılaşması ehtimalının daha aşağı olması onu deməyə əsas verir ki, Rusiya xüsusi ilə Cənubi Avropa ölkələrinə enerji çıxışında müəyyən problemlərlə üzləşəcək".
R.Həsənov qeyd edib ki, Azərbaycan qazı, xüsusi ilə TANAP və onun davamı olan TAP-ın layihəsində Cənubi Avropa ölkələrinə qaz çıxarılmasını nəzərdə tutmuşdur: "Bu layihənin reallaşma ehtimalı daha da arta bilər. Bunu ona görə vurğulayıram ki, son dövrlərdə TAP-ın taleyi ilə bağlı müəyyən şübhələr ortaya çıxıb. Avropa ölkələri bu istiqamətdə daha təmkinli davranırlar. Eyni zamanda layihənin müxtəlif aspektlərdən qiymətləndirilməsi və hansısa layihənin icrasına maneələrin ortaya çıxması halları müşahidə olunurdu. Rusiyanın atdığı bu addımdan sonra o layihənin icrası perspektivləri daha da güclənəcək. Rusiya növbəti dövrlərdə böyük ehtimalla öz qazınının Orta Asiya ölkələri vasitəsi ilə Çin və Pakistana ixracını həyata keçirməyə çalışacaq. Bu əslində uzun müddətli prosesdir. Bu proses böyük ehtimalla Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək. Eyni zamanda layihələrin icrası ilə bağlı Rusiyanın üzərinə düşən yükün artırılmasına gətirib çıxaracaq".
Ekspert xüsusi olaraq Türkiyə hökumətinin Rusiyadan enerji baxımından müəyyən qədər asılı ölkələrdən biri olduğunu qeyd edir: "Amma buna baxmayaraq, Türkiyə hökuməti, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarından çıxış yolu, o cümlədən Aralıq dənizi vasitəsi ilə Simali Afrika ölkələrinin resurslarından çıxışı imkan verir ki, qısa müddət ərzində Türkiyə öz enerji idxalını şaxələndirsin. O cümlədən, Türkiyə Azərbaycandan qaz idxalımı artırmağa üstünlük verəcək".
Qeyd edək ki, Rusiya "Türk axını" qaz kəmərinin tikintisini dayandırıb. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Bu Rusiya Federasiyasının dekabrın 1-də ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının fəaliyyətinin dayandırılması barədə qərarı ilə bağlıdır.