Ərəbsayağı “koalisiya” Dünya

Ərəbsayağı “koalisiya”

Pakistan və Malaziyanın adlarının islam ölkələri koalisiyasının siyahısına necə düşməsindən xəbərləri yoxdur, Türkiyə isə "koalisiya"ya dəstək verməyəcəyini bəyan edib


Səudiyyə Ərəbistanı tərəfindən terrorçuluğa qarşı mübarizə üçün yaradılan islam ölkələri koalisiyası ilə bağlı bəzi narazılıqlar ortaya çıxıb. İlk narazılıq Pakistan hökumətindən gəlib. Pakistanın xarici işlər naziri Ayzaz Çaudri bildirib ki, ölkəsinin adını bu koalisiyanın tərkibində görəndə təəccübünü gizlədə bilməyib: "Çox təəccüblü oldu. Məlumatda deyilir ki, 34 ölkənin nümayəndələri görüşüb və koalisiyaya razılıq verib. Mənim bu məsələdən xəbərim yoxdur. Səudiyyədəki səfirimizə məsələni araşdırmaq üçün tapşırıq vermişik". Daha bir narazılıq Malaziya hökumətindən gəlib. Malaziya müdafiə naziri Datuk Seri Hişamuddin Hüseyn də bu xəbəri təkzib edib: "Malaziya İŞİD-ə qarşı təkbaşına mübarizə aparır. Heç bir islam koalisiyasına qoşulmağa razılıq verməmişik. Bu məlumatlar həqiqətə uyğun deyil".
Türkiyə isə "Min bir gecə" nağıllarını xatırladan "İslam İttifaqı" antiterror koalisiyası ilə bağlı mövqeyini nisbətən yumşaq şəkildə ifadə edib. Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə İslam İttifaqı üçün hərbi qüvvə ayırmayacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, hökumətin belə bir planı yoxdur.
"Səudiyyə Ərəbistanının liderliyi ilə qurulan İslam İttifaqı üçün hərbi qüvvə ayırmaq planımız yoxdur. Lakin bu ittifaq terrorla mübarizə mövzusunda canlı qüvvə, kəşfiyyat və ideoloji əlaqələrin koordinasiya edilməsi baxımından önəmli olacaq", - Ankara rəsmisi qeyd edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr əməliyyatlara başlamağın bir qədər tez olduğunu açıqlamışdı: "Bütün seçimlər masadadır. Hərbi əməliyyatların başlanılması ehtiyaca və ölkələrin lazımi dəstəyi verməsi ilə birbaşa bağlıdır".