Rusiya Türkiyəni Suriyada vura bilər Dünya

Rusiya Türkiyəni Suriyada vura bilər

Tofiq Abbasov : "Xəzərdəki hərbi təlimlər Moskvanın rəqiblərinə qarşı bir eyhamıdır"

Cavid

Rusiya Suriya böhranında öz sözünü ciddi şəkildə deyir və əməlləri ilə göstərir ki, geri çəkilməyəcək. Bu barədə politoloq Tofiq Abbasov açıqlama verib. O bildirib ki, Suriya əməliyyatlarına da Xəzərdəki gəmilər təsadüfən cəlb edilməmişdi: "Əslində Moskva Xəzərdə yenidən hərbi təlimlərə başlamaqla bir növ bildiriş etdi ki, istənilən an geniş miqyaslı kampaniyalara müdaxilə edə bilər. Suriya böhranında Rusiya öz sözünü ciddi şəkildə deyir və əməlləri ilə göstərir ki, geri çəkilməyəcək. Digər tərəfdən isə Kreml həm də postsovet məkanında maraqlarının cəmləşməsini ciddi bir amil kimi təsdiqlədi".
T.Abbasov Rusiyanın Xəzərdəki təlimlərinin Səudiyyə Ərəbistanı və Türkiyənin Suriyaya quru müdaxiləsinə hazırlıq olması məsələsinə də aydınlıq gətirib: "Türkiyə və Səudiyyənin Suriyaya desant yeritməsi ilə bağlı bir neçə müəmma var. Səudiyyə Yəmən kampaniyasında hərbi-siyasi cəhətdən geriləyir. Ər-Riyad ikinci qanlı cəbhə açmaqla yalnız öz durumunu ağırlaşıdracaq. O ki qaldı Türkiyəyə, bu ölkə də təkbaşına hərəkət etdikdə xeyli çətinliklərlə üzləşəcək. Ankaranın bölgədə söz sahibinə çevrilməsi hələ ki, reallaşmır. Əgər Türkiyə və Səudiyyə birgə əməliyyatlara qol qoysa, onda Suriya münaqişəsi ətrafında qızğın kolliziya qaçılmaz olacaq. Bu baş verdikdə isə Rusiya həmin qaynar nöqtəyə qoşun və ya desant salmadan hərəkətə keçəcək. Bundan istifadə edən aero-kosmik qüvvələr bombardmanların coğrafiyasını genişləndirməklə vəziyyətə müdaxilə edəcəklər. Bir sözlə, Xəzərdəki hərbi təlimlər Moskvanın rəqiblərinə qarşı bir eyhamıdır".
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Cənub Hərbi Dairəsinin və Xəzər donanmasının genişmiqyaslı təlimləri başlayıb. Bəzi analitiklər isə hesab edir ki, bu təlimlər Səudiyyə Ərəbistanı, Türkiyə və müttəfiqlərinin Suriyaya mümkün quru müdaxiləsinə hazırlıqdır.