Ermənilər yeni terror təşkilatı yaradır Dünya

Ermənilər yeni terror təşkilatı yaradır

ABŞ-da yaradacaqları terror təşkilatı 62 olacaq

Cavid

Xaricdə türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının "dublikatı" yaradılıb. Bu barədə Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy açıqlama verib. O bildirib ki, ABŞ-dakı erməni diasporası artıq təşkilatı yaratmaq üçün fəaliyyətə keçib.
Gülbəy qeyd edib ki, Suriyanın Kəsəb qəsəbəsində yaşayan erməniləri qorumaq üçün bu təşkilatın xüsusi təlim görmüş dəstələrindən istifadə olunur: "Ermənistan mətbuatı sözdə Dağlıq Qarabağ parlamentinin millət vəkili, Qarabağ müharibəsində komandir kimi iştirak edən Vahan Badasyanın Suriyanın Kəsəb qəsəbəsinə yüzlərlə erməni könüllüsünün göndərdiyini yazır. Amerikada fəaliyyət göstərən erməni diasporu ASALA-nın yerinə yaradılan NeoASALA-ya Suriyada erməniləri qorumaq adı ilə xüsusi təlim keçirlər.
Erməni NeoASALA-sı Suriyadakı düşərgələrdə silahdan istifadə qaydalarını, snayper, yollara mina yerləşdirmək və uzaqdan idarə olunan minaların istifadəsi qaydalarını öyrənirlər".
Göksəl Gülbəy bir neçə il bundan öncə Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliklərinə ünvalanan ASALA imzalı təhdid məktublarının NeoASALA tərəfindən göndərildiyini iddia edib.
Onu da qeyd edək ki, elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, "Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış "Armenakan", sonradan "Hnçak" və "Daşnaksütyun" partiyaları bu planı həyata keçirmək üçün terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutulub.
Erməni terror təşkilatları arasında "Birləşmiş Ştatların şərq erməniləri" terror qruplaşması da fəaliyyət göstərir. Ermənilərin yaratdıqları 61 terror təşkilatı arasında ASALA beynəlxalq aləmdə ən çox "səs salan" və türk diplomatlarına qarşı sui-qəsdlər təşkil edən erməni-daşnak faşistləri tərəfindən yaradılan, SSRİ DTK-dən xeyir-dua alan və müdafiə edilən terror təşkilatıdır. "Demokratik cəbhə" terror təşkilatı da ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi Türkiyəni parçalamaqdan ibarətdir.
Tədqiqatlar göstərir ki, indiyə qədər ermənilər türklərə və azərbaycanlılara qarşı terror hadisələri törətmək məqsədilə 20-yə yaxın terrorçu təşkilat daxilində qruplaşmış və fəaliyyət göstəriblər. Bu təşkilatları qısaca olaraq belə sinifləndirmək olar:

Partiya daxilində təşkilatlanma

Ermənilərin partiya daxilində terror təşkilatlanmasının 3 nümunəsi mövcuddur. Bunlar "Armenakan", "Hnçak" və "Daşnaksütyun" - erməni federativ inqilab partiyalarıdır.
1885-ci ildə yaradılan "Armenakan" partiyası İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edərək, Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədiblər.
1887-ci ildə Cenevrədə yaradılan "Hnçak" partiyasının əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rusiya Ermənistanı" və "İran Ermənistanı" adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramına əsasən, qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilə bilər.
1890-cı ildə Tiflisdə yaradılan "Daşnaksütyun" - erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarıb. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini verib. Partiyanın məxfi terror qrupu DRO və onun bölmələri olan DRO-8, DRO-88, DRO-888, DRO-8888 bu məqsədlə yaradılıb.

Paramilitar şəkildə təşkilatlanma

Erməni terrorçularının paramilitar şəkildə qruplaşmasının iki nümunəsi mövcuddur: "Erməni gizli azadlıq ordusu" olan ASOA və "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" olan ASALA.
1975-ci ildə Beyrutda yaradılan "Erməni gizli azadlıq ordusu" olan ASOA-nın mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. 1981-ci ilə qədər təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
1975-ci ildə yaradılan "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" olan ASALA-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. ASALA 1980-ci ilin aprelində Livanda birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişdir.

Hərəkat şəklində təşkilatlanma

Erməni terrorçularının hərəkat şəklində təşkilatlanmasının 4 növü məlumdur: "Geqaron", "Erməni azadlıq hərəkatı" (AOD), "Erməni azadlıq cəbhəsi" və "Demokratik cəbhə".
2001-ci ilin fevralında ASALA tərəfindən yaradılan "Geqaron" hərəkatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
1991-ci ildə Fransada yaradılan "Erməni azadlıq hərəkatı" (AOD) terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
1979-cu ildə yaradılan "Erməni azadlıq cəbhəsi" ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən "Demokratik cəbhə"nin başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.

Qrup şəklində təşkilatlanma

Erməni terrorunun ən geniş yayılmış təşkilatlanma forması qrup şəklində təşkilatlanmadır. Bu təşkilatlanmanın 8 nümunəsi mövcud olmuşdur: "Orli qrupu", "Erməni soyqırım ədalət komandosları", "Erməni birliyi", "9 iyun qrupu", "Gənc ermənilər ittifaqı", "İsveçrə qrupu", "İntiharçılar eskadronu" və "Apostol".
1988-ci ildə Moskvada yaradılan "Erməni birliyi"nin ASALA ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edib. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edib.
1991-ci ildə İsveçrədə yaradılan "9 iyun qrupu" həbsdə olan erməni terrorçularının azad olunmasına çalışıb.
1990-cı ildə Fransada yaradılan "Gənc ermənilər ittifaqı" diplomatların oğurlanması ilə məşğul olub.
Avropanın bir çox ölkəsində fəaliyyət göstərən "İsveçrə qrupu" Fransa, İtaliya və Yunanıstanda 4 terror aktı həyata keçirib.
1981-ci ildə Parisdə yaradılan "İntiharçılar eskadronu" Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak edib.
2001-ci ildə Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılan "Apostol" qrupunun məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktlarının keçirilməsi olub.
Bu təşkilatların fəaliyyət şəklinə nəzər saldıqda, aydın şəkildə görmək olar ki, onlarla Ermənistan dövləti arasında sıx əlaqələr mövcuddur: əgər bir zamanlar onlar Ermənistan dövlətinin qurulması üçün çalışırdılarsa, indi Ermənistan dövləti onlara himayədarlıq edir.
Bir müddət əvvəl isə Erməni diasporunun yeni terror təşkilatı - "NOR ASALA" (erməni dilində "Yeni ASALA") özünün yaradılması haqqında bəyannamə yaymışdır. Bəyannamədə deyilir: "NOR ASALA"nı yaratmaqla əsas məqsədimiz olan bir çox siyasi əməlləri və qurmaq istədiyimiz Yeni Ermənistanı diplomatiya və silahlı mübarizə yolu ilə reallaşdırmağı qərara aldıq. Aramızda Ermənistan, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, Livan, İran, Suriya, ABŞ, Belçika kimi müxtəlif ölkələrdən erməni diasporunun gəncləri vardır.
Bəyannamədə "NOR ASALA"nın siyasi istəkləri arasında Türkiyəyə ərazi iddiaları və bu ölkədən təzminat tələbi, qondarma "erməni soyqırımı"nın tanınması, Ukraynanın Bucak bölgəsində "Şimal-qərbi Ermənistan" dövlətinin yaradılması və s. göstərilir.
"NOR ASALA"nın silahlı və siyasi məqsədlərinə aşağıdakılar daxildir:
- Azərbaycanın dünyada səfirlik və attaşelərini hədəfə almaq;
- Xarici ölkə vətəndaşlığı altında Azərbaycana daxil olub Bakıda və digər şəhərlərdə hakimiyyət əleyhinə qüvvələrlə birlikdə irqçi və erməni düşməni olan siyasətçiləri hədəf almaq, uzaq məsafədən idarə olunan və lazım gələrsə, intiharçı-terrorçu partlayışlar törətmək;
- Azərbaycanın xaricdə şah damarı olan azərbaycanlı iş adamlarını və iqtisadi qurumlarını hədəf almaq;
Qurgen Markaryanı öldürən Ramil Səfərovu, Hrant Dinki öldürən Yasin Hayalı, Sevag Balıkçıyı öldürən Kıvanc Ağaoğlunu ölümlə cəzalandırmaq;
- Azərbaycanın Zaqatala bölgəsindən çəkilməsi, buranın Gürcüstana daxil edilməsi, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana daxil edilməsi, ləzgilərə "müstəqillik verilməsi";
- "Ermənilərə qarşı irqçilik, faşizm, militarizm nifrəti yayan" media qurumlarını, alim tarixçi, publisist, siyasətçi təşkilat və qurumlarını hədəfə almaq;
- Türkiyə və Azərbaycan ordularının "təhdidləri" barədə erməni gənclərini məlumatlandırmaq və təşkilatlandırmaq, yunan və kürd gənclərilə müştərək silahlı və siyasi hərəkatlar qurmaq.