Özbəkistan hakimiyyətində gərginlikdir Dünya

Özbəkistan hakimiyyətində gərginlikdir

İslam Kərimovu baş nazir əvəz etdi

Özbəkistanın baş naziri Şövkət Mirziyayev Özbəkistanın Müstəqillik Günü münasibətilə Müstəqillik və humanizm abidəsinin önünə gül dəstəsi qoyub.
Sözügedən mərasimdə baş nazir, eləcə də parlamentin hər iki palatasının spikerləri iştirak edib.
Hər zaman bu rəsmi mərasimi Prezident İslam Kərimovun icra etdiyini vurğulayan media isə hadisəni baş nazirin prezidenti əvəz etməsi kimi təqdim edib.
Xatırladaq ki, avqustun 27-də beyin insultu ilə xəstəxanaya yerləşdirilən İslam Kərimovun avqustun 29-da öldüyü barədə xəbər yayılıb. "İsvestiya" nəşri ölüm xəbərini yayan mənbənin prezidentin qızı Lola Kərimova ola biləcəyi ehtimalını irəli sürüb. "Fərqanə" agentliyinin baş redaktoru Daniil Kislov da Kərimovun öldüyünü, bunun hələlik açıqlanmadığını bildirib.
Bu arada isə Özbəkistan dövlət başçısının mətbuat xidməti müxtəlif dövlət və hökumət başçılarının Prezident İslam Kərimovu Müstəqillik Gününun 25-ci ildönümü münasibətilə təbrik etdiyini açıqlayıb. İ.Kərimovu təbrik edənlər arasında ABŞ, Çin, Almaniya, Polşa, MDB ölkələri, o cümlədən, beynəlxalq təşkilatların məktubları yer alır.
Məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə təntənəli proqramlar bir qədər azaldılacaq. Daşkənddə ənənəvi bayram konserti ləğv olunacaq.
Başqa bir məlumata görə, baş nazir Şövkət Mirziyoyev dövlət başçısı postuna gələcəyi ən çox ehtimal olunan şəxsdir. Belə olan halda Kərimovlar ailəsi siyasi həyatdan kənarlaşdırılacaq.
Bu barədə Özbəkistan hökumətinə yaxın mənbə Rusiyanın "İzvestia" nəşrinə məlumat verib.
Mənbə bildirib ki, İslam Kərimov süni nəfəs aparatına qoşulub: "Ehtimal ki, bu, bir neçə gün üçün lazımdır. Ölkədə hakimiyyət yenidən qurulana qədər onun ailəsinin üzvləri buraxılmayacaq. Böyük qız Gülnarə Kərimova Londonda ev dustaqlığındadır. Lola Kərimovanı isə güclü qruplar hakimiyyətə qoymazlar. Şövkət Mirziyoyev əsas namizəddir. Onu ölkə daxilində və hüdudlarından kənarda da dəstəkləyirlər".
Ən maraqlı məlumat isə İslam Kərimovun ölüm xəbərinin kimin tərəfindən yayılmasıdır. Mənbə bu şəxsin Lola Kərimova olduğunu deyib.
"Yüksək dairələrdə belə bir fikir var ki, avqustun 29-da Kərimovun ölüm xəbərini qızı Lola yayıb", - yüksəkvəzifəli mənbə deyib. Lakin o, bunun səbəbini dəqiq açıqlamayıb.