Kremlin erməni adamı Ohanyanı maliyyələşdirir Dünya

Kremlin erməni adamı Ohanyanı maliyyələşdirir

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlament seçkisinə yeni siyasi blokun tərkibində qatılacaq.
Bu barədə informasiyanı "Past" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Bu blokun maliyyələşdirilməsini Ermənilərin Rusiyadakı İttifaqının rəhbəri Ara Abramyan həyata keçirəcək. Abramyanı blokda Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan təmsil edəcək. Blokun seçkidə əsas namizədi Ohanyan olacaq.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Seyran Ohanyanı istefaya göndərəndən sonra o, müxalifətə keçib. Ermənistan mətbuatının iddiasına görə, eks-nazirlə prezident arasında inciklik yaşanıb. Üstəlik, Ohanyan Viktor Dəlləkyanın yaratdığı yeni partiyada rəhbər vəzifələrdən birinə gətirilib. Bu partiya isə özünün bütün maliyyəsini Rusiyadan alır.
Demək olar ki, cəmiyyət daxilində bütün sütunlarını itirən Sərkisyanın hazırda əsas rəqibi Köçəryan sayılır. Köçəryan artıq bir neçə ildir ki, həm Qarabağda (həm Köçəryan, həm də Sərkisyan Qarabağ klanının üzvləri sayılır. – red.), həm də Ermənistanın hakim dairələrində aktiv fəaliyyət aparır. Eks-prezident həmçinin bir neçə dəfə Moskvaya səfər edib. Erməni KİV-i Köçəryana qarşı dayanmaq üçün Sərkisyanın Erməni Milli Konqresi Partiyasının rəhbəri Levon Ter-Petrosyanla birləşməyə çalışdığını iddia edib.
Ara Abramyan da Sərkisyanı sevməyənlər sırasında yer alıb. Moskvada Köçəryanla məhz Abramyan görüşlər keçirib. Rusiyadakı ermənilərin lideri həmçinin Kremlə yaxınlığı ilə seçilir və birbaşa onun diktələri əsasında hərəkət edir.