ABŞ-ın baş prokuroru rus səfiriylə görüşlərini gizlədirmiş? Dünya

ABŞ-ın baş prokuroru rus səfiriylə görüşlərini gizlədirmiş?

Bu gün Qərb mətbuatının əsas mövzusu ABŞ-ın prokuroru Ceff Sessionsun rus səfiriylə görüşləri, daha doğrusu, bu görüşlər haqda indiyə qədər susmasının doğurduğu səs-küydür. "The Washington Post" qəzeti yazır ki, keçən il, hələ senator olanda C.Sessions Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla 2 dəfə görüş keçirib. Ancaq prokuror vəzifəsinə təyinatıyla bağlı dinləmələrdə bu haqda heç nə deməyib. Hətta D.Trampın seçki kampaniyası müşavirlərinin ruslarla əlaqəli olub-olmaması haqda suala "xəbərim yoxdur" - deyə cavab veribmiş.
Prokurorluğun sözçüsü Sarah İsgur Flores deyib ki, C.Sessionsın cavabı kimsəni çaşdırmamalıdır: "Dinləmələr zamanı ona senator kimi keçirdiyi görüşlər haqda deyil, Trampın seçki kampaniyası müşavirləriylə ruslar arasındakı əlaqələr barədə sual veriblər". S.Flores Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü kimi C.Sessionsun keçən il 25-dən çox ölkənin səfiriylə görüşdüyünü vurğulayıb.
Amma "The Washington Post" qəzeti C.Sessionsın rus səfiriylə sentyabrda, kəşfiyyatın dediyinə görə, seçkiyə müdaxilənin ən qızğın dövründə, həm də təklikdə görüşdüyünü yazır. Yayda isə senator "Heritage" Fondunda çıxış edəndən sonra bir neçə ölkənin səfiri ona yanaşıb və Rusiyanın səfiri S.Kislyak da onların arasında olub. Prokurorluq rəsmilərindən birinin qəzetə verdiyi məlumata görə, az sonra C.Sessions bir neçə səfirlə, o cümlədən S.Kislyakla ayrılıqda görüşüb.
Maraqlıdır ki, rusların ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran əsas fiqurlardan biri elə prokuror C.Sessionsdur. İndi konqresmenlər C.Sessionsun bu araşdırmalardan təcili kənarlaşmasını istəyirlər. O bu çağırışlara, hələ ki, cavab verməyib. "The Washington Post" qəzeti Senatın Silahlı Xidmətlər Komitəsinin bütün üzvlərinə – 26 senatora müraciət edib, C.Sessionsdan başqa daha hansı komitə səlahiyyətlisinin S.Kislyakla görüşüb-görüşmədiyini öyrənmək istəyib. Qəzet martın 1-nə senatorlardan 20-sinin onlara cavab göndərdiyini, səfirlə keçən il ərzində görüşmədiklərini bildirdiklərini yazır.
Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) çalışmış və Rusiyayla bağlı əməliyyatlara rəhbərlik etmiş Steven Hall qəzetə müsahibəsində deyib ki, C.Sessionsun komitədəki rolu və D.Trampın müşavirlərindən biri olması rusları maraqlandıra, onunla əlaqə yaratmağa sövq edə bilərdi.
Keçən ay "The Washington Post" qəzeti Ağ evin təhlükəsizlik müşaviri Mixail Flynnin Rusiya səfiriylə görüşüb, sanksiyalar məsələsini müzakirə etdiyini yazmışdı. Bir həftə sonra müşavir vəzifəsindən istefa verdi. C.Sessionun isə, hələ ki, tədqiqatlardan uzaqlaşdırılmasını tələb edirlər. Senatın Kəşfiyyat Komitəsinin demokratlarından Adam Şhiff deyib ki, bu, sadəcə, çağırış deyil, C.Sessionsun raşdırmadan kənar durması şərtdir.