“Rusiya məsələsi Vaşinqtonu dağıdır” Dünya

“Rusiya məsələsi Vaşinqtonu dağıdır”

Rusiya məsələsi, ittihamlar, getdikcə daha çox adamın ruslarla bağlılığı haqda yazılanlar Vaşinqtonda təhlükəli durum yaradıb. CNN-in şərhçisi Stephen Kollinson bu məsələnin "aşındırıcı", "yeyici" rol oynadığını, Donald Trampın prezidentliyini, həm də ona etimadı təhlükə altında qoyduğunu, hazırkı isteriyanın Ağ evi də dağıtmaq həddinə çata biləcəyini yazır.
Müəllifin sözlərinə görə, artıq elə bir durum yaranıb ki, Vaşinqtonda yalanla doğrunu, şayiəylə faktı ayırmaq müşkül məsələyə çevrilib. Daha Ağ ev də ittihamlara son verə bilmir, bəzənsə prezident özü başının üstünü alan buluddan xəbərsizmiş kimi, mübahisələri bir az da qızışdırır.
Bu gün bütün ABŞ qəzetləri, eləcə də Avropanın nüfuzlu saytları D.Trampın çıxışından – Barak Obamaya qarşı ittihamlarından yazır. D.Tramp özündən öncəki prezident Obamanın onun telefon danışıqlarını lentə aldırdığını deyib və Konqresin bu məsələni müzakirə etməsini istəyib.
Konqres isə bu aralar, müəllifin diliylə desək, şayiələr və söz-söhbətlərdən təngə gəlib, D.Trampın ruslarla bağlılığı haqda damla-damla yazıların onu dağıdacaq gölə çevrilməsini gözləyir.
"Rusiyanın seçkiyə müdaxiləsi, yeni administrasiya haqda intriqaların getdikcə dərinləşəcəyi, Ağ evi də, ABŞ-ın idarə sistemini də hələ bir neçə ay məşğul edəcəyi aydın görünür", – yazan müəllif Moskvanın istədiyindən çox şeyə nail olduğunu vurğulayır. "Əgər Rusiya kəşfiyyatının məqsədi Vaşinqtondakı qüvvələri qarşı-qarşıya qoymaq, siyasi hərc-mərclik yaratmaq və ABŞ demokratiyasına etimadı azaltmaq idisə, Moskvadakılar arzuladıqlarından da çox şey əldə ediblər", – yazıda qeyd olunur.
Müəllif respublikaçı senator Ben Sassenin dediklərini xatırladır: "Biz sivilizasiyanı korlayan ictimai etimad böhranı dövrünü yaşayırıq".
Keçən həftə baş verənlər – rusların seçkiyə müdaxiləsini araşdırmaqla məşğul olan prokurorluğun rəhbərinin – Cef Sessionsun özünün ruslarla görüşləri haqda yazılanlar, sonra da prokurorun araşdırmadan kənarlaşması ipi xeyli dolaşdırıb. Bütün bunlar bir yana, müşahidəçilərin fikrincə, bəzən rəsmilər "ittihamlara əsas yoxdur" dediyi halda, prezident özü "əsas var" deyən addımlar atır. Elə Trampın Obama haqda son çıxışı da, müəllifin fikrincə, belə addımlardan biridir. Onun sözlərinə görə, Ağ evin səsyazıları barədə araşdırma tələb etməsi günahkarın diqqəti özündən yayındırmaq cəhdinə bənzəyir.
Üstəlik, ötən həftənin yazılarında D.Trampın təhlükəsizlik müşaviri Mikael Flynnlə yanaşı, kürəkəni Jared Kushner-in də, həmçinin digər kampaniya rəsmiləri J.D.Gordon, Valid Pares və Karter Pagein də ruslarla görüşdüyü ortaya çıxıb. "Bu görüşləri keçirmək, əlbəttə, kiminsə səhv iş tutduğuna dəlalət etmir. Amma D.Trampın ətrafındakıların rusların casusluğuyla bağlı şayiələr gəzdiyi halda, belə görüşlərə getməsi onların kimliyi haqda suallar yaradır". CNN belə yazır.
Müəllifin sözlərinə görə, Ağ ev Rusiya məsələsinə tezliklə son qoya bilməyəcək və bunun bir neçə səbəbi var.
Birinci səbəb odur ki, bəzi şayiələrin həqiqət olduğu, Ağ evin Rusiyanın əməliyyatlarının hədəfinə çevrildiyi təsdiqlənə bilər. Müəllifin fikrincə, bu, kimsəni təəccübləndirməz, çünki bu haqda yetərincə deyilib, indi də Rusiyanın Fransa və Almaniyada seçkilərə təsir göstərməyə çalışdığını yazırlar.
İkincisi, müşahidəçilərin dediyinə görə, D.Trampın ruslarla bağlı çıxışları – onları da, onların lideri Vladimir Putini də əsla tənqid etməməsi daim suallar yaradır və elə bu suallar da Rusiya məsələsini bir az da uzadır.
Müəllif prezidentin şəxsi xüsusiyyətlərinin də duruma təsir etdiyini, vergi hesablarını açıqlamaqdan imtina etməklə ruslarla biznes əlaqələrinin hələ də mövcudluğuyla bağlı şübhələr yaratdığını vurğulayır.
Bundan başqa, D.Trampın yardımçılarının ölkənin xarici siyasətiylə bağlı prioritetlərinin Moskvadakıların prioritetləriylə üst-üstə düşməsi də, müəllifin fikrincə, məsələni uzada bilər. Məsələn, Trampın Stepan Bannon kimi millətçi müşavirləri var ki, Rusiyanın AB-yə düşmən münasibətinə "güzgüdürlər".
Bütün bunlar bir yana, müəllif Ağ evdə koordinasiyanın gərəkən səviyyədə olmadığını da qeyd edir. Məsələn, keçən həftə D.Tramp da, Ağ evin sözçüsü Sean Spiker də C.Sessionsun araşdırmadan kənarlaşmasına ehtiyac olmadığını deyirdi. Cəmi bir neçə saatdan sonra C.Sessions araşdırmadan uzaq duracağını elan etməklə administrasiyaiçi koordinasiyaya şübhə yaratdı.
Digər tərəfdən, Ağ evin ruslarla görüşləri olan rəsmilərin siyahısını, sadəcə, açıqlamaması, durub mətbuatın kimisə ifşa edəcəyini gözləməsi də müşahidəçiləri şübhələndirir.
Məsələnin uzanmasının daha bir səbəbi demokratların bu yerdə əl-ələ verməsi və D.Trampı prezidentliyə layiq olmayan şəxs kimi göstərməyə çalışmasıdır.
Tərəfdarları hesab edirlər ki, D.Tramp, sadəcə, ona qarşı kampaniyanın qurbanına çevrilib. Prezident özü də təqibə məruz qaldığını deyir.
"Ancaq prezidentin kəşfiyyat agentlikləriylə ədavətini nəzərə alsaq, kəşfiyyatdakı mənbələrin mətbuatla əlaqəyə girərək ona xələl gətirməyə çalışdığını düşünməyə əsas olar". CNN belə yazır.