“Reallıq odur ki, sürətli çözüm yolu yoxdur” Dünya

“Reallıq odur ki, sürətli çözüm yolu yoxdur”

"Bakı prosesi 2008-ci ildə bir arzu olsa da, bu gün reallığa çevrilib".
Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Dragoni deyib. O bildirib ki, Avropa Şurası üçün demokratik təhlükəsizlik mühüm bir məfhumdur: "Avropa ölkələri bir neçə amilə xüsusi diqqət yetirir. Müstəqil məhkəmələrin mövcudluğu vacibdir. İkincisi, ifadə azadlığı önəmlidir. Üçüncüsü, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Eyni zamanda, inklüziv cəmiyyət önəmlidir. Birgə yaşayış günümüzdə böyük bir problemə çevrilib. Artan ksenofobiya və islamofobiyanın fonunda parçalanma yaranır. Xof və ədavət mühiti də buna şərait yaradır. Münaqişələrdən qaçan insanlar da cəmiyyətlərdə parçalanmaya səbəb olur. Biz parçalanmış cəmiyyətləri necə bir araya gətirə bilərik? Reallıq odur ki, heç bir sürətli çözüm yolu yoxdur".
Qonaq qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər ayrı-seçkiliyə qarşı qanunlar qəbul etməli və qanunlar düzgün icra olunmalıdır: "Dövlət sosial hüquqların müdafiəsini də təmin etməlidir. Qəzəb və ksenofobiya getdikcə daha geniş təzahür edir. Bir çox ailələr keyfiyyətli təhsil, səhiyyə imkanlarından, layiqli yaşayışdan məhrum olurlar. Sosial hüquqlar ailədən, ailə üzvlərindən başlayır. Yaxşı idarə olunan mədəni müxtəliflik vacibdir".
AŞ baş katibinin müavini hesab edir ki, gənc insanların maarifləndirilməsi prioritet olmalıdır: "Biz mədəniyyətlərarası dialoq bacarıqlarının məktəblərdə erkən siniflərdə dərsliklərə daxil edilməsinin tərəfdarıyıq. Dövlət inklüzivlik məsələsini uğurla həyata keçirməlidir. Daha inklüziv cəmiyyətlərin formalaşmasına təkan verməliyik. Bu, BMT-nin 2030-cu il üçün məqsədlərində də əksini tapıb. Mən Forumun nəticələrinə böyük ümidlər bəsləyirəm".