Amnesty Internationaldan İraq və koalisiya qüvvələrinə qarşı ittiham Dünya

Amnesty Internationaldan İraq və koalisiya qüvvələrinə qarşı ittiham

İraq və koalisiya qüvvələri Mosul şəhərində özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşmanın yaraqlıları ilə mübarizədə "gərəksiz yerə güclü silahlar istifadə edib". Bu barədə Amnesty International təşkilatının hesabatında deyilir. Onlar əhalinin sıx yaşadığı ərazilərdə ağır silah yerləşdiriblər. Koalisiya rəsmiləri iddialara indiyədək şərh verməyib, lakin əvvəllər təkid ediblər ki, dinc əhalini qorumaq üçün əllərindən gələni ediblər.
Amnesty İŞİD döyüşçülərini də ciddi pozuntuların törədilməsində ittiham edir. Yaraqlılar koalisiya hücumları zamanı insan sipərlərindən istifadə etməkdə və yüzlərlə, bəlkə də minlərlə dinc sakinin öldürülüb, cəsədlərinin xəbərdarlıq əlaməti olaraq elektrik enerjisi dirəklərindən asmaqda ittiham olunur. Amnesty İnternational təşkilatının "Qərbi Mosulda Mülki Fəlakət" adlı hesabatında hadisə şahidinə istinadən yazılır ki, İraq və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən bombardıman nəticəsində "çox böyük sayda" mülki şəxs həlak olub.
Hesabatda mülki ölümlərin sayının araşdırılması üçün müstəqil komissiyanın formalaşmasına çağırış edilir. Hesabat üçün bu ilin yanvar ayından may ayının ortalarına qədər şəhərin qərbində baş tutan hərbi əməliyyatlar nəzərdən keçirilib. Təşkilat koalisiya qüvvələrini İD yaraqlılarının dinc əhalini ən çox atəş açılan sahələrə getməyə məcbur etdikləri aydın olmasına baxmayaraq öz taktikalarını uyğunlaşdıra bilməməkdə günahlandırır.
Amnesty təşkilatının İraq və koalisiya qüvvələrinə qarşı ittihamları bunalrdır: onlar hücumları zamanı nəzərdə tutulan hərbi hədəflər əvəzinə dinc sakinlərin ölümünə və ya xəsarət almasına səbəb olublar, bəzi mülki şəxslərin ölümü və ya xəsarət alması uyğunsuz silah seçiminə görə, yaxud hədəfi müəyyənləşdirmək üçün lazımi ehtiyat tədbirlərinin görülməməsinə görə baş verib, martın 17-də Mosulun al-Jadida rayonunda ABŞ iki İD snayperinin öldürülməsi üçün hava hücumu həyata keçirib, bu zaman 100-dən çox mülki şəxs həlak olub, Böyük Britaniya hökumətinin "Mosul ətrafında yüzlərlə RAF hava zərbələri nəticəsində mülki tələfata yol verilməyib" iddiası "ən yaxşı halda inandırıcı deyil".
Amnesty təşkilatının özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı belə ittihamlar səsləndirib: onlar Mosul ərazisində sakinlərin məcburi köçürülməsini sistemli olaraq həyata keçirib, həmçinin qonşu kəndlərdən minlərlə dinc sakin canlı qalaxan kimi istifadə edilmək üçün gətirilib. Habelə onlar sakinləri öz evlərinin içində həbs edərək qapıları qaynaqlayıb, çıxışlarda tələlər hazırlayıb və qaçmağa çalışan yüzlərlə, bəlkə də minlərlə sakini qətlə yetirib, bir şahid yaraqlıların qaçmağa çalışan mülki şəxslərin cəsədlərini xəbərdarlıq əlaməti olaraq elektrik enerjisi dirəklərdən kəndirlə asdığını deyir. "Əgər siz qalsaydınız, döyüşlərin nəticəsində elə evinizdə ölərdiniz"-, şahid bildirib, " əgər qaçmağa cəhd göstərsəydiniz, onlar səni tutub öldürərdilər".