Moskvanın Vaşinqtona səfir revanşı Dünya

Moskvanın Vaşinqtona səfir revanşı

Elçin Mirzəbəyli: "Antonovun səfir təyin edilməsi o deməkdir ki, bundan sonra Rusiya-ABŞ münasibətləri əsasən hərbi-siyasi müstəvidə olacaq"

Elxan Şahinoğlu: "Amerikalı rəsmilər və konqresmenlər Rusiya səfiri ilə yaxınlığa can atmayacaqlar"

Azər Həsrət: "Daha təcrübəli birinin münasibətlərin istiləşməsi üçün cəlb edilməsinə gərək var"

Məhəmməd Əsədullazadə: "Antonov Rusiyanın hərbi və xarici siyasət prioritetlərini bilir"

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir təyin edib. Antonov həmçinin Amerika Dövlətləri Təşkilatında Rusiyanın daimi nümayəndəsi təyin edilib. Rusiyanın ABŞ-dakı səfiri postunu daha əvvəl Sergey Kislyak tuturdu. Anatoli Antonov 1955-ci ildə doğulub, 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2011-2016-cı illərdə müdafiə nazirinin müavini olub, 2016-cı ilin dekabrında xarici işlər nazirinin müavini təyin edilib.
Göründüyü kimi Antonov sıradan bir diplomat deyil. Bu səbəbdən də məhz onun ABŞ-səfir təyin edilməsi təsadüfi sayıla bilməz.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirdi ki, Anatoli Antonov SSRI dönəmindən yüksək diplomatik vəzifələrdə təmsil olunub. Onun sözlərinə görə, SSRİ-nin süqutundan sonra 7 il ərzində Rusiya XİN-nin təhlükəsizlik və silahsızlanma departamentinə rəhbərlik edib: "Hərbi-siyasi problemlərlə bağlı məsələlərin beynəlxalq səviyyədə müzakirəsində Rusiya nümayəndə heyətinə rəhbərlik edib. ABŞ-la strateji hücum və raket hücumundan müdafiə sistemlərinin məhdudlaşdırılması ilə bağlı danışıqlarda da Rusiya nümayəndə heyətinə o başçılıq edib. 2011-2016-cı illərdə müdafiə nazirinin müavini olub, beynəlxalq hərbi əməkdaşlıq və müqavilələrin icrasına nəzarət sahələrinin kuratoru olub. 2016-cı ildə isə Rusiya xarici işlər nazirinin müavini olub. Bu qədər yüksək ranqlı bir diplomatın ABŞ-a səfir təyin olunması təsadüfi sayıla bilməz və bu fakt Rusiyanın ABŞ-la münasibətlərdə gələcək prioritetlərini nümayiş etdirir. Antonovun səfir təyin edilməsi o deməkdir ki, bundan sonra Rusiya-ABŞ münasibətləri əsasən hərbi-siyasi müstəvidə olacaq. Bu isə kifayət qədər ciddi mesajdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, yeni səfir üçün Amerikada işləmək çətin olacaq: "Çünki iki dövlət arasındakı münasibətlər yaxın tarixinin ən bərbad dövrünü yaşayır. İkincisi, bir neçə amerikalı rəsmi Rusiyanın keçmiş səfiri ilə yaxınlığıa görə iş yerlərini itirdilər. Bu hadisədən sonra amerikalı rəsmilər və konqresmenlər Rusiya səfiri ilə yaxınlığa can atmayacaqlar".
Siyasi şərhçi Azər Həsrət isə vurğuladı ki, Rusiya-ABŞ münasibətlərinin gərginliyi fonunda bu başadüşüləndir: "ABŞ Administrasiyası günü-gündən Rusiyanı küncə sıxır. Rusiya mümkün qədər təmkinli davranıb münasibətləri düzəltməyə çalışsa da istəyinə nail ola bilmir. Ona görə də daha təcrübəli birinin münasibətlərin istiləşməsi üçün cəlb edilməsinə gərək var. Bu baxımdan birbaşa XİN-in yüksək rütbəli təmsilçisinin səfir təyin edilməsi təəccüblü gəlməməlidir".
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırdı ki, Putinin ABŞ-la gərgin bir situasiyada bu ölkəyə yüksək ranqlı şəxsi səfir təyin etməsi sıradan təyinat deyil: "Görünür, hərbi-diplomatik təcrübəyə malik olan Antonov iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda daha uğurlu fəaliyyət göstərə bilər. Qeyd edim ki, sıradan bur diplomat olmayan Antonov Rusiyanın hərbi və xarici siyasət prioritetlərini bilir və idarəetmədə təmsil olunmuş şəxs kimi iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində çevik çalışacaq. Putinin Yaxın Şərqdə və Şərqi Avropada apardığı müharibə həmçinin ABŞ-la soyuq müharibə şəraitində diplomatik fəaliyyət mütləqdir. Hazırda Rusiya iqtisadiyyatı sanksiyalarla üzləşib. Ölkənin maliyyə sistemində vəziyyət daha kəskinləşib. Ona görədə Rusiya artıq ABŞ-la diplomatik danışıqlara üstünlük vermək niyyətindədir. Hesab edirəm ki, Antonovun təyinatı iki ölkə arasında diplomatik münasibətlərin və danışıqların aparılmasında mühüm rol oynayacaq".

Əli