Şimali Koreya dünyaya meydan oxuyur Dünya

Şimali Koreya dünyaya meydan oxuyur

ABŞ şəhərləri raketlərin hədəfindədir...
Şimalı Koreyanın fəaliyyətlərinə qarşı beynəlxalq koalisiyanın mövcudluğuna baxmayaraq, Pxenyan nüvə raketləri hazırlamaqda davam edir. Demək olar ki, son zamanlar bu niyyət daha aydın formada özünü göstərir. Şimalı Koreyanın təhlükəli və eqoist hərəkətlərini durdurmaq üçün, bu məsələdə maraqlı olan ölkələrin sıx əməkdaşlığı və səyləri lazımdır. Bilindiyi kimi Şimalı Koreya (Koreya Xalq Demokratik Respublikası) Qitələrarası Ballistik Raket (QBR) buraxıb.
"İomiuru Simbun"(Yaponiya) yazır ki, KXDR-in buraxdığı raket əvvəlkinə nisbətən daha yuxarı trayektoriya üzrə uçub və yüksəklik dörd min kilometrə çatıb. KXDR-in raketi 53 dəqiqə ərzində təxminən min kilometr məsafə qət edərək, Yaponiyanın iqtisadi zonası olan Aomori prefekturasına yaxın yerdə suya düşüb. KXDR üçüncü dəfədir ki,Qitələrarası Ballistik Raket buraxır. Öncəki iki buraxılış ilyulda olub. Bəzi ekspertlər hesab edirlər ki, əgər raket adi trayektoriya üzrə buraxılarsa, onda onun hərəkət radiusu 13 min kilometri keçər. Bu isə o deməkdir ki, həmin raketlər Amerika şəhərlərinə qədər gedib çata bilər.
Yaponiyanın baş naziri Sindze Abe jurnalistlərə deyib: "Dünya ictimaiyyətinin problemi sülh yolu ilə həll etmək istəyini Şimalı Koreyanın tapdalaması və təcavüzə baş vurması qətiyyən yolverilməzdir". Pxenyan bəyan edib ki, indi ABŞ-ın bütün ərazisi onun raketlərinin hədəf radiusundadır. Onlar daha sonra əlavə ediblər ki, böyük nüvə başlığı quraşdırılması mümkün olan "Xvanson-15" Qitələrarası Ballistik Raket buraxılışını uğurla başa çatdırıblar. Kim Çen In deyib: "Ümumi yekunda biz nüvə gücü əldə olunması ilə bağlı tarixi tapşırığı yerinə yetirdik".
Qeyd etmək lazımdır ki, öz hərbi gücü ilə öyünmək Şimali Koreya üçün adi haldır. Ola bilər ki, raketin uçuş hündürlüyünü artırmaq üçün döyüş başlığının çəkisi azaldılıb. Həm də ki, raketin atmosferin sıx təbəqələrinə təkrar girməsi texnologiyasının Şimalı Koreyada olmasını təsdiq edən heç nə yoxdur. KXDR-ın imkanlarını ayıq başla və daha dərindən analız etmək lazımdır.
Son iki ay yarım ərzində Şimalı Koreya tərəfindən heç bir təxribat olmayıb. Bəlkə də onlar ABŞ-ın reaksiyasını izləyiblər. Özünün Asiya səfəri zamanı prezident Tramp iqtisadi və hərbi istiqamətdə Şimalı Koreyaya qarşı təzyiqi gücləndirmək fikrində olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, dialoq üçün şərt – nüvə silahından imtina edilməsidir. Bundan başqa, ABŞ yenidən Şimalı Koreyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil edib.
Göründüyü kimi, KXDR raket buraxmaqla ABŞ qarşısında əyilməyəcəyini nümayiş etdirib. Belə demək olar ki, böhran vəziyyəti yaratmaqla Pxenyan yenidən Vaşinqtonu kompromisə getməyə məcbur etməyə cəhd göstərir. ABŞ və KXDR arasında gərginliyin yüksəlməsi qaçılmazdır. Tramp deyib: "Bizim KXDR-ə qarşı yanaşmamızda heç bir dəyişiklik yoxdur". Beləliklə o, Şimalı Koreyaya qarşı mövcud kursun davam etdirilməsi niyyətində olduğunu vurğulayıb. Bəlkə də, sanksiyalar müəyyən effekt göstərir. Yaponiyanın xarici işlər naziri Tapo Kono bildirib: "Məlumat var ki, tətbiq olunan iqtisadi sanksiyalar işləyir".
Şimalı Koreyanın balıqçı gəmiləri bir-birının ardınca Yaponiya sahillərinə gəlirlər. Ekspertlərin fikrinə görə, bunun səbəbi çox bərbad vəziyyətdə olan gəmilərin keyfiyyətsiz yanacaqla işləməsidir. Pxanmuncom rayonundakı sərhəddən qaçan KXDR əsgərləri vərəm və digər xəstəliklərdən əziyyət çəkirlər. Çünki vətəndə onlara çox pis münasibət bəslənilir.
Tramp ilə telefon danışığı zamanı baş nazir Abe KXDR-a qarşı təzyiqi maksimuma çatdırmağı təklif edib. Mümkün tədbirlərin görülməsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurası təcili yığıncaq keçirib. Sanksiya qətnaməsinin sərt şəkildə yerinə yetirlməsinə gəldikdə isə, bu məsələdə Rusiya və Çinlə əməkdaşlığa nail olunması çox mühümdür. Yaponiya baş naziri məsələ ilə əlaqədar deyib: "Bizim yanaşmamızda bəzi fikir ayrılıqları var, lakin mən Rusiya və Çinin siyasətini diqqətlə öyrənmək və lazımı anda onlara təsir göstərmək niyyətindəyəm".
Çin Xarici İşlər Nazirliyi də KXDR raketinin buraxılışı ilə əlaqədar ciddi narahatlığını bildirib. Tərəddüd göstərmədən KXDR-ə neft məhsulları ixrac olunmasına daha çox məhdudiyyətlər qoyulması və bu kimi əlavə sanksiyalar tətiq edilməlidir. Gözlənilməz hadisələrə reaksiya vermək üçün Yaponiya raket əleyhinə müdafiəni möhkəmləndirməlidir. Gələn ilin büdcəsində "Aegis Ashore" sisteminin və yeni raketlərin alınması üçün xərclər nəzərdə tutulmalıdır. Narahatedici hal Yaponiya, ABŞ və Cənubi Koreya silahlı qüvvələrinin müştərək təlimlər və məşqlər keçirməməsidir. Bu yaxınlarda Yapon dənizinə "Ronald Reyqan" və daha iki aviadaşıyan gəlmişdi. Amma hərbi təlimlər yalnız Yaponiya-ABŞ və ABŞ-Cənubi Koreya formatında keçirildi.
Ekspertlər düşünürlər ki, bunun səbəbi Cənubi Koreya tərəfinin Yaponiya gücləri ilə əməkdaşlıq etməyi arzulamaması ilə bağlıdır. Həm də faktlar ondan xəbər verir ki, Çin ABŞ, Yaponiya və Cənubi Koreya arasındakı təhlükəsizlik sferasında aktivlikdən ehtiyatlanır və ona görə də, Pekin Seulu özünü diqqətli aparmağa məcbur edir. Şimalı Koreya raket buraxandan dərhal sonra Cənubi Koreya Yapon dənizində raket təlimləri keçirməklə özünün döyüş hazırlığını nümayiş etdirib. Şimalı Koreyaya qarşı sülhpərvər əhval-ruhiyyədə olan Cənubi Koreya prezidenti Mun Çje İn hərbi tədbirlər görmək məcburiyyətində qalıb.