“Trampın axmaq həmləsi Rusiyaya meydan verdi” Dünya

“Trampın axmaq həmləsi Rusiyaya meydan verdi”

Putinin Suriyadakı hərbi hərəkatın bitdiyini göstərməsi çox önəmli addımdır.
Bu sözlər rusiyalı ideoloq və filosof Aleksandr Duqininin "Aydınlıq" qəzetində dərc olunan məqaləsində yer alıb.
"Putinin bu addımı hərbi bazamızın bağlanacağı, məsləhətçilərimizin geri dönəcəyi və ya Suriyaya yardımlarımızın sona gələcəyi anlamına gəlmir. Rusiya işğalçı deyil. Suriya üzərində hərbi hökmranlıq qurmağa çalışmırıq. Biz Suriyaya dəvət edildik və burada dostlarımıza yardım etdik. Hərbi hərəkat bitəndə isə Rusiyaya geri dönürük, amma Dəməşqə geosiyasi yardım məqsədi ilə burada varlığımızı davam etdirib, bazamızı saxlayacağıq.
Rus hərbçilərinin geri çəkilməsi həmləsi Amerikanın da eyni addımı atmasına dəvətdir. Əgər hərbi hərəkat bitibsə, artıq burada qalmanın anlamı yoxdur. Amerikalılar Suriyada qalmağa davam etsə, biz də geri dönə bilərik. Bizim üçün bu, sadə bir şey olacaq", – deyə o bildirib.
Onun sözlərinə görə, Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınması fövqəladə hal deyil:
"Trampdan əvvəl Obama, Klinton və Buş da daxil olmaqla, Qüdsü paytaxt kimi qəbul edəcəkləri ilə bağlı İsrailə söz verdilər. Ancaq məncə, bu, islam dünyasında ABŞ nüfuzunun azaldığı, heç kimin artıq ABŞ-a inanmadığı, Amerikanın verdiyi sözləri tutmadığı, nizamı pozduğu, siyasətçiləri öldürdüyü və yerlərinə başqa liderlər qoymadığı, sadəcə Səudiyyə Ərəbistanının siyasi dəstəyinin olduğu bir dönəmdə Tramp tərəfindən gerçəkləşdirilən axmaq həmlədir. Bir çox ərəb ölkəsi artıq Rusiyaya diqqət edir. Tramp tezliklə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də dəstəyini itirəcək. Qüdsü İsrailin paytaxtı kimi tanımaq amerikalıların bölgədə yalan söyləmələrinin sübutudur.
İndi onlar qəribə vəziyyətdədirlər. Səudiyyə Ərəbistanı MOSSAD və İsrail ilə bir olub, İŞİD-i dəstəklədi. Bu radikal həmlə ilə İsraillə ABŞ arasındakı əlaqəyə Ər-Riyadın nə dərəcədə daxil olmasını açıqlamaq çətin olacaq. Müsəlman ölkələri yeni birlik qurmaq üçün yeni anlayışa yönəlməli olacaqlar. Müttəfiqi İsrail üçün istənilən müsəlman müttəfiqini fəda edəcək Amerikanın əvəzinə siyasəti daha balanslı olan Rusiya ilə işbirliyi qurmaq məcburiyyətində qalacaqlar. İçində olduğumuz situasiya bölgəni ABŞ olmadan inşa etmək və Rusiya-İran-Türkiyə arasındakı əlaqələri gücləndirmək üçün çox əlverişlidir".