ABŞ-dan Menbiçdə həyəcan təbili Dünya

ABŞ-dan  Menbiçdə həyəcan təbili

ABŞ Türkiyənin Afrindən sonra əməliyyat keçirəcəyi Menbiçdə həyəcan təbili çalıb. PKK-çı terrorçularla yanaşı keşik çəkən amerikalı əsgərlərin skandal fotoları ortaya çıxıb. ABŞ əsgərlərinin türk ordusundan 1,5 kilometr aralıda yerləşdiyi bildirilib. Məlumatlara görə, Səyyadə, Aseliyyə, Muhsin, əl-Fərat, Um-Meadis, Şeyx Yəhya və Cübbəl Arus kəndlərində amerikalı əsgərlər, Dandaniyə və Səyyadə kəndlərində isə PKK-çı terrorçular 24 saat keşik çəkib.
Onu da bildirək ki, Türkiyə Silahlı Qüvvələrinə aid döyüş təyyarələri və helikopterlər 4-5 fevral tarixindən etibarən Afrin hava sahəsindən istifadə edə bilmir. "Hürriyət"in yaydığı məlumata görə, hava sahəsinin bağlanmasına səbəb Rusiyanın öz aviasiyasına yerdən atılan raketlərin qarşısını almaq üçün yeni bir elektron hava hücumundan müdafiə sistemi qurmağa başlaması olub. Rusiyanın bu istiqamətdə işləri yekunlaşdıqdan sonra hava sahəsinin yenidən açılacağı gözlənilir.
Afrin səmasında Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-ların uçuşunda isə hər hansı bir problem müşahidə olunmayub.
"Tayms" nəşrinin yazdığı məlumata görə isə, Türkiyə İblibə və Hələbin cənub-qərbindəki əraziyə son günlərdə çox sayda əsgər və hərbi texnika göndərib. Riçard Spenser adlı müəllif yazır ki, Türkiyə ordusunun Əsəd qüvvələrinin atəşkəsi yararaq İdlib əyalətinin içərisinə doğru irəlilədiyi bir vaxtda Əl-Eis kəndinə girməsinə diqqət çəkib. "Türk qüvvələri Əsəd və Əl Qaidə ilə bağlantıları olan Heyət Təhrir Şam (HTŞ) və ASO arasındakı cəbhə xəttindən ən çoxu 2 mil (3.2 kilometr) uzaqlıqdakı Əl-Eis kəndində mövqe tutub. Türk ordusu indi rejimin qarşısına çıxır", - yazıda bildirilib.

Beynəlxalq mövqe

Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sıromolotov Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Afrində keçirdiyi əməliyyatları dəyərləndirib. O, əməliyyatların bölgədə yeni gərginlik nöqtəsi yaratdığını bildirib: "Təəssüflə qeyd etməliyəm ki, ABŞ və Türkiyə NATO müttəfiqi olmalarına baxmayaraq, bu məsələdə əks tərəflərdədir. Ona görə də, bölgədə yeni gərginlik nöqtəsinin yaranması qaçılmazdır. Ankara Afrin əməliyyatlarının Suriyadakı siyasi prosesə yönəlik fəaliyyətə zidd olmadığı və bu istiqamətdə hərəkətinə davam edəcəyi ilə bağlı bizə zəmanət verib". Sıromolotov qeyd edib ki, Rusiya və ABŞ kəşfiyyatı terrorçuluqla mübarizə sahəsində yeni təmaslar qurmağı planlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Putinlə telefon vasitəsilə əlaqə saxlayıb. Telefon danışığında Soçi Zirvəsinin davamını İstanbulda keçirmək barədə razılıq əldə edilib. Prezidentlər Afrin və İdlibdə baş verən hadisələri dəyərləndiriblər. İki lider İdlibdəki gərginliyi azaltma bölgəsində yeni müşahidə nöqtələrinin yaradılması mövzusunda razılığa gəliblər. Astana prosesi ilə bağlı fikir mübadiləsi aparan liderlər Suriyadakı Şərqi Qutadakı humanitar vəziyyətə də toxunublar.
Ərdoğan həmçinin keçirdiyi tolantı zamanı əməliyyatdan sonrakı dövrdə suriyalı qaçqınların taleyi barədə danışıb: Qaçqınların bir qismi Türkiyədə qala bilər. "Türkiyəni məşğul etmək üçün tələ qurdular, dəf etdik. Hədəflərimizdən dönmədik. Fərat qalxanı əməliyyatı ilə 3000-ə yaxın İŞİD terrorçusunu məhv etdik. 2 min kvadrat kilometrlik ərazini terrorçulardan azad etdik. 135 min qaçqının torpaqlarımıza qayıtmasına yardım etdik. İndi də eynisini Afrində gerçəkləşdirmək istəyirik. Afrin məsələsini həll edəcəyik. Qaçqın qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını istəyirik. 3.5 milyon qaçqını həmişə burada saxlayacaq deyilik. Onlar da tezliklə öz torpaqlarına qayıtmaq istəyirlər. Qaçqınların bir qismi Türkiyədə qala bilər, bu başqa mövzudur".
Xatırladaq ki, hazırda Türkiyənin Afrin əməliyyatı davam edir. ABŞ hələlik terrorçulara gizli dəstək verir. Bundan başqa silah yardımından əlavə olaraq verdiyi bəyanatlarla terrorçulara dəstəyini nümayiş etdirir. Təbii ki, bu dəstək hələ ki, verilən bəyanatlarla yekunlaşır. Türkiyəyə qarşı əməliyyatların dayandırılması üçün rəsmi olaraq müraciət edən və buna etiraz edən dövlət yoxdur. Belə olan halda əməliyyatın gedişini necə proqnozlaşdırmaq olar? Hazırda Afrinlə bağlı beynəlxalq siyasi durum Türkiyənin lehinədrmi və yaxın perspektivdə nə baş verə bilər? İran isə bir neçə dəfə narahatlığını ifadə edib. Təbii ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Tehran səfəri də ciddi xarakter daşıyır. Ümumiyyətlə rəsmi Tehranın narahatlığı nədən qaynaqlanır?
Analitik Azər Rəşidoğlu "Xalq Cəbhəsi"nə bildirdi ki, İran Bəşər Əsədi müdafiə edir. Tehran və rəsmi Dəməşq Ankaranın Suriya siyasətinə qarşı "PYD kartı"ndan istifadə edirlər. Onun sözlərinə görə, Tehran həmçinin ABŞ-ın bu prosesə öncə İŞİD, indi də Nusra Cəbhəsi ilə qatılmasından narahatdır: "Tehran iki ölkə arasında təhlükəsizliyin və terrorizmlə əlaqəli mexanizmin təsiri altında inkişaf etdiyini bilir. Şərtlər dəyişdirildikdə, İran hələ açılmayan kartları açacaq. Tehran üçün Əsədin varlığını mühüm amildir. İran qəti şəkildə Əsədin getməsini istəmir, çünki Suriyada yeni sistem onun bölgəyə dair strategiyasının əleyhinədir, həmçinin, uzun illər ərzində bölgədə qurduğu strateji planlara təhlükə yarada bilər. Hərçənd, Azad Suriya Ordusunun (ASO) mövqeyinin güclənməsi bu planı pozur".
Analitik həmçinin diqqətə çatdırdı ki, Türkiyənin Afrin əməliyyatı ilə Suriya masasında güclənməsi məhz bu təhlükəni gündəmə gətirdi: "Onu da nəzərə alaq ki, İran ABŞ-ın dəstəklədiyi kürd qruplarının Suriyanın şimal hissəsində müstəqil bir dövlət yaratmasını istəmir. Lakin İran hesab edir ki, Suriyanın bölünməsi bölgədə "domino effekti" yarada və bu effekt onun da ərazi bütövlüyünə təhlükə ola bilər. Digər tərəfdən, ortada regional maraqların toqquşması və Suriya masasında kimin əlindəki kartın daha güclü olması amili də mövcuddur. İran Türkiyənin bölgədə Hələbi mühasirəyə ala biləcəyindən narahatdır. Çünki Ankara buna nail olarsa, Əsəd rejimi üzərində, dolayısı ilə İranın Suriyadakı təsirləri üzərində üstünlük əldə edə bilər. Bu məsələdə Türkiyənin önə çıxması İranın maraqlarına uyğun deyil. Vaşinqton isə manevr edir. Həm Afrin əməliyyatını dəstəkləyir, həm də kürdlərə dəstəyini davam etdirir. Ancaq bu durumun nə qədər davam edəcəyi bəlli deyil. ABŞ kürdləri fakt qarşısında qalaraq Afrindən vaz keçməyə razı sala və bununla da müəyyən müddətə Türkiyənin də maraqlarını təmin edə bilər. Vaşinqton kürdlərin mövqelərinin əsas Raqqa bölgəsində qorunub saxlanmasına nail olmaq istəyir. Münaqişə isə dərinləşir və hələ çox qan töküləcəyini ehtimal edə bilərik".

Əli