İranı ağır sınaq gözləyir Dünya

İranı ağır sınaq gözləyir

ABŞ prezidenti Trampla Rusiya prezidenti Putin arasında Helsinkidə baş tutan görüşdə "qara xət"lə keçən mövzulardan biri də İran məsələsi idi.
Amma ABŞ prezindeti görüşə müəyyən ümidlərlə gəlsə də V.Putin onu məyus etdi – Rusiya prezidenti ölkəsinin İranla bağlanmış nüvə sazişinə sadiq qaldığını bildirdi.
Ekspert Hüseynbala Səlimovun fikrincə, ola bilsin, V.Putin nə vaxtsa siyasi "hərrac"da İranın da "qiyməti"ni açıqlayacaq. Amma o, geçikmirmi? Məsələ bundadır ki, ABŞ hətta Avropa kompaniyaları üçün avqustun 6-dək vaxt təyin edib və bu tarixə qədər bütün kompaniyalar İran şirkətlərilə dollar əməlliyatlarını tam dayandırmalıdır. Noyabrın 4-dən isə sanksiyalar bütün gücü ilə işləməyə başlayacaq: "Yumşaq şəkildə desək, İranı ağır sınaq gözləyir. Hakimiyyətə D.Trampın gəlməsi "kart"ları bir az qarışdırdı. Demokrat Barak Obama əsas təzyiq vektorunu Rusiyaya tərəf yönəltmək istədiyindən Tehranla bir az əvvəldə qeyd etdiyimiz sazişi imzaladı. Amma Trampın hakimiyyətə gəlişi digər məsələlərdə olduğu kimi, İran paroblemində də istiqaməti dəyişdi. Tramp əksinə hərəkət etməyə çalışır: o, Rusiya ilə dil taparaq İran problemini həll etməyi düşünür.
Etiraf etmək lazım gəlir ki, İran üçün ağır durumdur. Amma maraqlısı budur ki, qonşu ölkənin hakimiyyətinin davranışında geri çəkilmək, nəsə bir kompromis axtarmaq meyli duyulmur. H.Ruhani hakimiyyəti əksinə, öz cəmiyyətini ABŞ-a qarşı durmağa və hətta dünya siyasətinin nəhəng vektorunu "diz çökdürməyə" çağırır".
Ekspert bildirib ki, amma ötən ilin dekabr hadisələrini, eləcə də bu yaxın vaxtlardakı etirazları yada salsaq, cəmiyyətin dözüm və itəat resurslarının yetərincə sarsıldığını demək olar. Fəqət, "Sanksiyalar 1978-ci ildən davam edir" – deyib İranın bu dəfə də duruş gətirəcəyini söyləyənlər də az deyildir.
Kimin haqlı olduğunu zaman göstərəcək. Lakin bizə elə gəlir ki, bu prosesdən İran üçün qurtuluş yalnız D.Trampın siyasi karyerasında yarana biləcək hansısa fors-major hallar nəticəsində mümkün ola bilər: "ABŞ-ın özündə də bunu istisna etməyənlər var. Amma Trampın prezidentliyi gərgin və ağır keçsə də, güman ki, o, özünün bir müddətlik dövrünü başa vuracaq.
Ən əsası budur ki, Tramp çox tərs adamdır. Bir çox məsələlərlə bağlı onunla ölkənin "siyasi maşını" arasında əsl vuruş gedir – nəticədə Tramp ölkədə bir bəyanat verir, kənara çıxanda isə başqa...
Amma Yerusəlimlə bağlı qərar, NATO-nun Brüssel sammitində onun yenidən avropalı həmkarlarını müdafiə xərclərini artırmağa çağırması və Helsinkidə V.Putinlə ondan tələb olunan və gözlənilən kimi yox, bildiyi kimi davranması bir daha göstərdi ki, bu adam, necə deyər, "tutduğunu buraxan deyil".
Əlbəttə ki, İranla münasibətlərin yenidən kəskin fazaya daxil olması Azərbaycan üçün də narahatlıq yaradır. Azərbaycan ABŞ-la, xüsusən də İsraillə yaxın münasibətlər saxlasa da heç vaxt onların İrana qarşı siyasi kursunu dəstəkləməyib və indi də dəstəkləmir. Hətta bu ilin əvvəlində də bir daha aydın oldu ki, Bakı yetərincə müstəqil siyasət yürüdür: BMT-də Yerusəlimlə bağlı keçirilən müzakirələrdə o, Trampın qərarının əleyhinə səs verdi. Müqayisə üçün deyək ki, məsələn, qonşu Gürcüstan Trampın qərarına dəstək vermişdi. Eləcə də İranla aparılan müştərək layihələr və xüsusən də Cənub-Şimal tranzit dəhlizinin reallaşması ilə bağlı görülən işlər Bakının İrana qarşı siyasətində hansısa "oyun"un, qərəzin olmaması anlamına gəlir".
Amma kimə deyirsən? Bütün bunlara rəğmən, çox təəssüf ki, Azərbaycan İran üçün yenə də "sionizm yuvası" kimi qalmaqda davam edir.
İrana münasibətdə iki yol ola bilər: dialoqu davam etdirərək genişləndirmək və yaxud da Tehrana qarşı təzyiq imkanları axtarmaq. Söz yox ki, biz birinci yolu tutmalıyıq. Amma ən son hadisələr göstərdi ki, ehtiyatı da əldən vermək olmaz və həyat, eləcə də böyük siyasətin acı təcrübəsi göstərir ki, "bir əlində gül, digərində dəyənək" tutanların siyasəti daha təsirli və ya effektli olur, çünki böyük siyasətdə hamı güclə hesablaşır: "Əlbəttə, çox böyük narahatlığa da əsas yoxdur. İllərin təcrübəsi, eləcə də bu yaxınlarda baş verən hadisələr İranın Azərbaycana mümkün müdaxiləsinin istiqamətlərini bir daha aşkar etdi. Ona görə də zərbənin haradan daxil ola biləcəyini artıq bilirik. Deməli, qalır sayıqlıq və tədbirlilik.
Təbii ki, biz daha səmimi münasibətlərin bərqərar olmasını istərdik. Amma tək bizdən asılıdırmı bu? Təəssüf ki, yox. Həm də siyasət budur və bizim onu beş-on ildə kardinal şəkildə dəyişmək imkanımız yoxdur. Deməli, qalır, daha çevik və "axımlı" olmaq – bunu bir daha qeyd etmək zorundayıq..."