Türkiyə və İranın ortaq mübarizə strategiyası Dünya

Türkiyə və İranın ortaq mübarizə strategiyası

Hər iki ölkə oxşar durumda və eyni problemlərdən şikayətçidir
Son iki ildə türk lirəsinin dəyəri dollara nisbətdə bir sıra hadisələr, o cümlədən Ankaranın ABŞ vətəndaşı Endrü Bransonun 2016-cı ilin oktyabr ayında həbsi, Rusiyadan "S-400" raket sisteminin satın alınması və "F-35" təyyarələrinin Türkiyəyə satışına ABŞ Konqresinin qadağası ilə bərabər, 3,1-dən 6,3 qədər azalıb.
Türk səlahiyyətliləri iqtisadi böhranı idarə etmək üçün müxtəlif tədbirlər həyata keçiriblər:
– Rusiya və Uzaq Şərqlə iqtisadi əlaqələrin genişləndirilməsi, bu ölkələrə ixracı artırma cəhdləri və Türkiyəyə sərmayə qoymağa təşviq;
– 2017-ci ilin ortalarında BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və s. iştirakı ilə Qətərə qarşı iqtisadi blokadanın yarılması;
– Ərdoğan və digər hökumət rəsmilərinin vətəndaşlara qızıllarını daxıllardan çıxarıb iqtisadiyyata yatırma çağırışı;
– Türkiyədə bütün iqtisadi əməliyyatları yalnız milli valyuta ilə aparmaq göstərişi;
– Çin, İran, Hindistan, Rusiya və bir sıra digər ölkələrlə milli valyutalarının istifadəsi vasitəsilə ikitərəfli ticarət;
– Bank faiz dərəcələrinin 18%-dən 24%-dək artırılması.
Digər tərəfdən, Trampın iqtidara gəlişi ilə, İran da ABŞ-ın iqtisadi və maliyyə müharibəsindən ziyan çəkir. Aprel ayından etibarən bazarlardakı çalxalanma valyuta qiymətinə ciddi təsir göstərib və iqtisadiyyatı çətin bir vəziyyətdə qoyub.
"Jam Online" (İran) yazır ki, ABŞ-ın qərarları, iki rejim istisna olmaqla, qlobal müxalifətlə üzləşib və bütün ölkələrlə İslam Respublikası əleyhinə qadağalar təəssüflə qarşılanıb, amma hər halda, onların çoxu, daxili intriqalara baxmayaraq, İrana qarşı ABŞ sanksiyalarına tabe olub, nəticələrlə razılaşmaq məcburiyyətindədir.
Bu baxımdan, Tehranın ən yaxın müttəfiqi olan Türkiyə bu hərəkətləri qınamaqla bərabər, İranla ticarətdə dolların istifadəsindən əl çəkmək qərarına gəlib və iqtisadi münasibətlərdə daha çox ehtiyatlı davranaraq, sanksiyalara qoşulmayacaq.
İran və Türkiyənin iqtisadi şərtlərinə baxdıqda, hər iki ölkənin oxşar durumda olduğu və ümumi böhrandan şikayətləndiyini görürük.
İslam Respublikası əvvəlki sanksiyalar dövründə, nüvə müqaviləsini imzalanmasından qabaq artan təzyiqə görə ticarətdə milli valyutadan istifadə edib və əmtəə mübadiləsi aparıb. Sanksiyaların ağır yükündən qurtulmaq üçün qadağalardan yan keçmələr də olub.
Ötən dövrdə bu nisbi müvəffəqiyyətli təcrübə Ankara hökuməti tərəfindən yenidən nəzərdən keçirilir və hər hansı bir ölkəyə səfərində Ərdoğan daim milli valyuta ilə ticarət mexanizminin formalaşdırılmasının vacibliyini vurğulayır.
2017-ci ilin oktyabr ayından, Türkiyədəki iqtisadi böhranının başlanğıcından, İran və Türkiyənin mərkəzi bankları arasında iki ölkə arasında milli valyuta ilə birbaşa ticarət, ABŞ dolları və avro mübadiləsinin reverans valyutası kimi aradan qaldırılmasına dair anlaşma memorandumu imzalanıb.
Ərdoğanın bu siyasəti son aylarda sürətlə davam etdirilir və iki həftə əvvəl Qırğızıstanda, Türkdilli Şuranın zirvə toplantısı da daxil olmaqla, hər bir görüşdə o, memorandumu inkişaf modeli kimi xatırladır. Çin və Rusiya da bu modeli dəstəkləyir.
İranla Türkiyə arasındakı ticarət dövriyyəsi hazırda 13 milyard dollardır və önümüzdəki illərdə onun 30 milyard dollara çatacağı gözlənilir. Türkiyə ilə İran arasında, ən az Tramp dövründə, ABŞ-la siyasi və iqtisadi əlaqələrin perspektivi müsbət deyil. Hər iki ölkə üçün bu çətin dövrü adlamaqda ən yaxşı yol iqtisadi münasibətlərin milli valyuta əsasında artırılmasıdır. İkitərəfli və çoxtərəfli razılaşmalar ABŞ-ın birtərəfli fəaliyyətini pozacaq, beynəlxalq arenada iki ölkənin iradəsi onları hədəflərə çatdıracaq.
Fikrimcə, İran və Türkiyə iqtisadiyyatlarını mükəmməlləşdirmək üçün tamamlayıcı amillərə diqqət yetirməli və bu halda, onlar hər iki tərəfə fayda verə biləcək ticarət dövriyyəsini 30 milyard dollardan 50 milyard dollaradək artırmalıdırlar.