Tramp hökuməti yenidən təhdid edib Dünya

Tramp hökuməti  yenidən təhdid edib

Prezident miqrant böhranı səbəbiylə Meksika sərhədində inşa etməyi planlaşdırdığı divar üçün lazımı maliyyəni almayacağı halda, hökumətin işini dayandıracağını açıqlayıb. "Hökumətin fəaliyyətinin dayandırılması gündəmə gələ bilərmi? Divarın inşası da daxil olmaqla, sərhəd təhlükəsizliyi məsələsinə görə ola bilər", - Tramp deyib.
Ağ Evin başçısı həmçinin, Meksika sərhədindəki ABŞ əsgərlərinin öldürücü gücdən istifadə etməsi mövzusuna toxunub: "Əgər öldürücü gücdən istifadə etmək məcburiyyətində qalarlarsa, mən icazə verdim. Ümid edirəm ki, onlar bunu etmək məcburiyyətində olmayacaqlar".
ABŞ-ın müdafiə naziri Ceyms Mettis isə miqrantlara qarşı silah işlətmək barədə Daxili Təhlükəsizlik Nazirliyindən hələ göstəriş almadıqlarını açıqlamışdı. Nazir əlavə edib ki, belə bir göstəriş olacağı halda, ABŞ əsgərlərinə ölümcül gücdən istifadə etmək səlahiyyəti verilə bilər.
Qeyd edək ki, qanunsuz immiqrasiyanın qarşısının alınması üçün Meksika ilə sərhəddə divarın tikintisi Trampın əsas seçkiqabağı vədlərindən biri idi. Sözügedən qanun layihəsi də Meksika ilə sərhəddə divar tikintisini nəzərdə tutur. Tramp Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün bu divarın tikilməsini vacib sayır və seçki kampaniyasında da sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. Tramp Meksika ilə sərhəddə divar tikilməsi barədə fərmanı hələ andiçmə mərasimindən 5 gün sonra imzalayıb. Ancaq Konqres indiyə qədər sərhəddə divarın tikintisi üçün lazımi vəsaitin ayrılmasını dəstəkləməyib.
Prezident hesab edir ki, 12 milyona qədər qeyri-qanuni miqrant "cinayətkar"dır və onları aşkarlayaraq deportasiya etmək lazımdır. Eyni zamanda həmin miqrantları cəmiyyət və ölkənin milli təhlükəsizliyi üçün risk sayır.