Britaniya ordusunun rəhbəri: “Rusiya İŞİD-dən daha çox təhlükəlidir” Dünya

Britaniya ordusunun rəhbəri: “Rusiya İŞİD-dən daha çox təhlükəlidir”

Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri, general Mark Carleton-Smith bildirib ki, özünü İslam Dövləti (İŞİD) adlandıran və ya "Əl-Qaidə" kimi islamçı qruplarla müqayisədə Rusiya Britaniya və onun müttəfiqlərinin təhlükəsizliyinə daha böyük təhlükə kəsb edir. BBC Azərbaycanca xəbər verir ki, general Carlton-Smith, Birləşmiş Krallığın rus təhdidi ilə əlaqədar qürur duymağı qadağan etmədiyini söyləyib. "Ruslar aşkar etdikləri hər bir zəiflikdən istifadəyə çalışırlar", - general Carleton-Smith "Daily Telegraph qəzetinə" verdiyi müsahibədə deyib. O qeyd edib ki, Rusiya təhlükəsilə bağlı olan məsələlərdə Britaniya arxayınçılıq hissinin üstün gəlməsinə yol verə bilməz.
Rəsmi London Rusiyanı Britaniyada yaşayan keçmiş Rusiya kəşfiyyatının zabiti Sergey Skripal və onun qızı Juliya Skripalı Salisbury şəhərində kimyəvi silah vasitəsilə qətlə yetirməyə cəhd göstərməkdə və bir sıra kiber hücumlarda ittiham edir. Bu ilin əvvəlində Britaniyanın müdafiə naziri Gavin Villiamson Rusiyanın Britaniya üçün təhlükə mənbəyi olduğunu bildirmişdi.
Rusiya Skripalların zəhərlənməsində hər hansı bir iştirakı barədə ittihamları rədd edir, kiber hücumların təşkil olunması barədə iddiaları isə uydurma adlandırıb. Rusiyanın Londondakı səfirliyinin general Carleton-Smith-in sözlərinə Twitter vasitəsilə istehza ilə dolu bir cavab verib: "Ordu komandanını İŞİD narahat etmir? Dahiyana bir strateji yanaşmadır!". Eyni zamanda Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin bəyan edib ki, Britaniya Rusiyaya qarşı informasiya müharibəsi aparır.