“Hizbullah” İsraili qəzəbləndirib Dünya

“Hizbullah” İsraili qəzəbləndirib

İsrail qoşunları sərhəddə yerləşən ordu bazası və hərbi texnikanın tank əleyhinə raketlə vurulmasına cavab olaraq Livanın cənubuna zərbələr endirib. “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti bildirib. Öz növbəsində, Livan ordusunun açıqlamasına görə, İsrail ölkənin cənubunda yerləşən qəsəbələrə 40-dan çox raket buraxıb. Qeyd edilir ki, bombardman davam edir.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb. “Hizbullah” qruplaşmasının açıqlamasında isə İsrailə məxsus hərbi maşının vurulduğu və hadisə zamanı ölənlərin olduğu bildirilib. Benyamin Netanyahu hökumətinin rəsmi nümayəndəsi Ofir Qendelman isə İsrail tərəfdən ölən və yaralananların olmadığını söyləyib.
İsrail müdafiə ordusunun saytında dərc olunan bəyanatda deyilir ki, İsrail ordusu Livandan ölkənin şimalına tank əleyhinə raketin atılmasına cavab olaraq qarşı tərəfə 100-dən çox mərmi atıb. KİV yazır ki, daha əvvəl "Hizbullah" hərəkatının döyüşçüləri Livanla sərhəddə İsrailə məxsus zirehli texnikanı məhv ediblər. Nəticədə yəhudi hərbçilər arasında ölən və yaralananlar olub. Ardınca İsrailin baş naziri Binyamin Netanyahu Livandan açılan atəş nəticəsində ölkəsinin heç bir itki vermədiyini bəyan edib.
"Reuters" yazır ki, son bir həftə ərzində iki ölkə sərhədində artmaqda olan gərginliyin ardından yeni müharibənin başlanması ehtimalı da yüksəlib.
Məsələyə İran, ABŞ və Ərəb Dövlətləri Liqası da münasibət bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, "Hizbullah" hərəkatı tərəfdarları Qüdsün təcavüzkar hərəkətlərinə cavab olaraq, İsrail ərazisində hərbi obyektlər də daxil olmaqla, bir neçə hədəfi atəşə tutublar.
"Hizbullah" cavab zərbəsi endirib", - deyə IRNA onun sözlərini sitat gətirib.
İran rəsmisi qeyd edib ki, İsrailin hərəkətləri ABŞ-ın bölgədə bədniyyət davranışları ilə eyniyyət təşkil edir.
Amerikanın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi və prezident Donald Trampın köməkçisi Ceyson Qrinblatt sentyabrın 1-i "Twitter"də bəyan edib ki, İsrailin Livan ərazisindən gələn hücumdan müdafiə olunmaq hüququ tam legitimdir. Onun sözlərinə görə, "Hizbullah" döyüşçülərinin Livandən İsrailə tank əleyhinə raketlə hücumu "İran kuklaları" tərəfindən təşviq edilib. Buna görə İsrailin müdafiə olunmaq haqqı var. Qrinblattın sözlərinə görə, İran öz növbəsində bütün regionda sülhün bərqərar olmasına maneəçilik törədir və həm israillilərin, həm də fələstinlilərin gələcəklərinə zərbə vurur. Ərəb Dövlətləri Liqası (ƏDL) öz növbəsində iki ölkə arasında artan gərginliklə bağlı bazar günü bəyanatla çıxışb edib.
Təşkilat bildirib ki, İsrailin Livanla sərhəddə vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərinin qarşısının alınmasına görə məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür: "Dünya ictimaiyyəti İsrailin öz seçkiqabağı məqsədləri üçün vəziyyətin daha da gərginləşməsinə təkan verə biləcək hərəkətlərini dayandırmalıdır. Baş katib Əhməd Əbu əl-Qeyt sərhədyanı ərazilərin atəşə tutulmasını narahatçılıqla izləyir və istənilən hücumların fonunda Livan dövləti ilə tam həmrəy olduğunu ifadə edir".
Onu da qeyd edək ki, Bəhreyn İsrail-Livan sərhədində yaşanan gərginlikdən sonra vətəndaşlarına çağırış edib. Bəhreyn Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb. "Livanda olan vətəndaşlarımız təcili şəkildə oranı tərk etməlidirlər. Yaşanan olaylara görə tədbir görmək zəruridir", - bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb. “Hizbullah” qruplaşması İsrailə məxsus hərbi maşını vurduqlarını və hadisə zamanı ölənlərin olduğunu iddia etsə də, İsrail ordusu insan tələfatı olmadığını bildirib.