Zəfər Bayramın kutlu olsun, Türkiyə! Dünya

Zəfər Bayramın kutlu olsun, Türkiyə!

1922-ci il avqustun 30-da Atatürkün başçılığı ilə Türkiyə yadelli işğalçılardan azad edilib

30 avqust Türkiyə tarixində möştəşəm gündür. 1922-ci il avqustun 30-da Türkiyə Atatürkün başçılığı ilə yadelli işğalçılardan azad edildi. Bu, tarixə Zəfər Bayramı kimi daxil oldu. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə bayram edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin mayında elan olunub.
İndi dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir zamanda Atatürkü hər an yaşatmaq gərəkdir. Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Atatürk az qala yox yerdən Türkiyə yaratdı, onu var elədi.
İndi Türk xalqı o dərəcədə milli ölçüyə əsaslanmalı və özgəliklərdən imtina etməlidir ki, varlığını daim qoruyub saxlaya bilsin. Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın vəhdəti idi. O zaman Atatürk daha çox Qərbə meylləndi. Baxmayaraq ki, Türkiyə vəhşi Qərbin caynağından qurtulmuşdu, bu yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalı idi. Atatürkdən sonra tədricən onun xətti inkişaf etmək əvəzinə səngidi. O, siyasi gedişlərdən çox üstün idi. Ölkədə dinin hegemonluğuna son qoydu.
Mustafa Kamal Atatürk (1881-1938) 1881-ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulub. 7 yaşında atasını itirib. 1893-cü ildə hərbi məktəbə daxil olur, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına "Kamal"ı əlavə edir. 1896-1899-cu illərdə Manastır hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlayır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olur, Hərbi Akademiyada təhsilinə davam edir. 1905-ci ildə kapitan rütbəsi ilə Akademiyanı bitirir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət edir, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi alır. Sonra Manastıra 3-cü Orduya təyin olunur. 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət edir. 1910-cu ildə Fransaya göndərilir, Pikardi manevrlərində iştirak edir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlayır. Türk-İtalyan müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla Tobruk və Dərnə bölgəsində xidmət edir, 1911-ci ilin dekabrında italyanlara qarşı Tobruk döyüşündə qalib gəlir.
1912-ci ilin martında Dərnə komendantı təyin olunur. 1912-ci ilin oktyabrında Balkan müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak edir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunur, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlir. Hərbi ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatır. Bu müddət ərzində I Dünya Müharibəsi başlayır, Osmanlı imperatorluğu müharibəyə girmək məcburiyyətində qalır. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərilir, Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkirdə vəzifə alır, general-mayor rütbəsinə yüksəlir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin edir. 15 avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilir, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafiə təşkil edir. Mondros müqaviləsinin imzalanmasından bir gün sonra - 31 oktyabr 1918-ci ildə İldırım Orduları qrupuna komandir təyin edilir, bu ordunun ləğv edilməsindən sonra isə 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayır. Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna gəlir. 23 iyul-7 avqust 1919-cu il tarixində Ərzurum, 4-11 Sentyabr 1919-cu ildə Sivas Konqresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edir. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanır. 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılır. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün gərəkli qanunları qəbul edib tətbiqinə başlanmasını təmin edir.
Atatürkün rəhbərlik etdiyi Türk Qurtuluş mübarizəsinin əsas mərhələləri: Sarıqamış (20 Sentyabr 1920), Qars (30 Oktyabr 1920) və Gümrünün (7 Noyabr 1920) azad edilməsi; Çukurova, Qaziantep, Maraş və Urfa müdafiələri (1919-1921); I İnönü zəfəri (6-10 Yanvar 1921); II İnönü zəfəri (23 Mart-1 Aprel 1921); Kütahya-Eskişehir döyüşləri; Sakarya zəfəri (23 Avqust-13 Sentyabr 1921); Böyük Hücum, Başkomandanlıq döyüşü və Böyük Zəfər (26 Avqust-9 Sentyabr 1922). Sakarya zəfərindən sonra 19 Sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu verib. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatıb.
"Sevr" müqaviləsilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə varlığını Atatürkün hünəriylə təsdiq etdi. 1922-ci il noyabrın 1-də xilafət və monarxiya bir-birindən ayrılır, monarxiya ləğv edilir. 29 Oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilir, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti qurulur. Türkiyə Cümhuriyyəti "Hakimiyyət qeydsiz-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulur. Atatürk 1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilir. Türkün böyüklüyünü, xarakterini, bəşəri siqlətini, insansevərliyini çağdaş dünya gözəl tanıyır, bilir, tanıdığı, bildiyi dərəcədə də görmək, etiraf etmək istəmir.
Çanaqqala savaşı türkün varlığını sübut etməsi baxımından böyük önəm daşıyırdı. Bu savaş türkün Vətənində onu yox etmək istəyənlərə qarşı hünərli və ləyaqətli dirənişi idi. İnsani xislətə malik türklərin mövcudluğu zaman-zaman onu sevməyənlərin kinlərini, amansızlıqlarını qabardıb. Onlar heç bir halda türkün varlığını yox edə bilməyiblər. 1915-1916-cı illərdə Çanaqqala uğrunda savaşlar zamanı türkün düşmənlərinin istəyi çökməkdə olan Osmanlı imperiyasınının örnəyində türklük duyğusunu silmək, türkləri bütünlüklə dövlətsizləşdirmək idi. Bu savaşda türklərin dünyanı heyrətə gətirən döyüşkənliyi artıq 100 ildir söz konusudur. Bir xalqın özünü ən qorxulu, ölümcül məqamda belə ayaqda saxlaması, ümidsizləşməməsi, təhlükəyə qarşı durmaq gücü, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir.
Atatürk doğrudan da bütün türklərin sevgisinə layiqdir.
O, elə bir gərgin, çətin, təhlükəli dönəmdə meydana atıldı ki, bütövlükdə Türkiyə yox olmaq gerçəkliyilə üz-üzə idi. Yalnız onun böyük sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti quruldu. Əgər Türkiyə Atatürkdən gələn özümlüyünü saxlayarsa, onda böyük öndərin istədiyi yenilməz Türkiyə əbədi var olar. 30 avqust - Türkiyənin özünə dönüşünün başlanğıcıdır.

Uğur