Türkiyə İŞİD-ə qarşı müharibəyə hazırlaşır Dünya

Türkiyə İŞİD-ə qarşı müharibəyə hazırlaşır

Terror təşkilatı isə artıq Türkiyə sərhədlərində qərar tutub

Cavid

İŞİD terrorçu qruplaşması Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərinə yaxınlaşır.
Böyük Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, kürd döyüşçülər Ayn Əl-Arab adı ilə də tanınan şəhərin 100 metrliyində İŞİD yaraqlılarına qarşı döyüşür.
Onu da bildirək ki, sentyabrın ortalarında İŞİD-in hücumlarının Kobani ərazisində intensivləşməsindən bəri 160 mindən çox qaçqın sərhədi aşaraq Türkiyəyə keçib.
Suriyada vətəndaş müharibəsi başlayandan bəri bir milyondan çox insan Türkiyəyə pənah aparıb.
Türkiyə parlamenti isə İraq və Suriyada "İraq Şam İslam Dövləti"nə qarşı mübarizədə ordudan istifadə olunmasına razılıq verən layihəni qəbul edib.
Bundan başqa, xarici ölkə silahlı qüvvələrinin Türkiyə əırazisində yerləşdirilməsinə də razılıq verib. Bu barədə razılaşma bir il ərzində qüvvədə olacaq.
Türkiyə parlamentinin qəbul etdiyi qanuna əsasən, silahlı qüvvələr İŞİD-lə mübarizədə Suriya və İraq sərhədlərinə müdaxilə edə biləcəklər.
Türkiyə Böyük Millət Məclisində (TBMM) Suriya və İraqla bağlı qəbul edilən qərardan sonra diqqətlər atılacaq addımlara çevrilib.
Türkiyə mediasının verdiyi məlumata görə, Ankara israrla üzərində dayandığı etibarlı bölgə üçün beynəlxalq hüquqi əsas tapıb.
Məlumata görə, Ankaranın etibarlı bölgənin yaradılması ilə bağlı təklifinin həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni bir qərarına ehtiyac yoxdur. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1991-ci ildə İraqın şimalında "tampon bölgə"nin yaradılması barədə qəbul etdiyi qərar etibarlılığını saxlayır.
BMT Təhlükəsizlik Şurasının 688 saylı bu qərarı "humanitar böhran səbəbi ilə tampon bölgə" düsturunu qanuniləşdirir. Sözügedən qərarı qiymətləndirən diplomatik mənbələrdə qərarın yalnız regional olmadığını, humanitar böhranla bağlı olduğu üçün bu gün də etibarlı olduğunu bildirir.
Xatırladaq ki, TBMM-də müzakirəyə çıxarılan Suriya və İraqla bağlı qərar layihəsi qəbul olunub. Qərar İraq və Suriyadan Türkiyəyə istiqamətli terror təhdidi olacağı halda Silahlı Qüvvələrin ölkə xaricinə göndərilməsi üçün hökumətə icazə verir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diplomatların girovluqdan azad edilməsindən sonra Ankaranın mövqeyinin dəyişdiyini və bundan sonrakı müddətin daha fərqli olacağını bildirsə də ölkəsinin İŞİD-ə qarşı mübarizədə atacağı addımlarda 3 məsələ çox əhəmiyyətli olduğunu deyib.
"Bunlardan birincisi uçuşa qadağan bölgənin elan edilməsi və bu bölgənin zəmanət altına alınması, ikincisi, etibarlı bir bölgənin Suriya tərəfində yaradılması, üçüncü isə təchizat prosesinin kimlərlə və necə idarə ediləcəyinin müzakirə olunmasıdır", - deyə Türkiyə dövlət başçısı dilə gətirib.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriya ilə münasibətdə Türkiyənin qəddar davranması iddialarını səsləndirənlərə sərt cavab verib. Türkiyənin minlərlə suriyalıya qapılarını açdığını xatırladan Davudoğlu ölkəsinin müharibə deyil, sülh istədiyini dilə gətirib:
"Türkiyə sülh ölkəsi olmasaydı, minlərlə suriyalını öz ağuşuna almazdı. Ağlınızı başınıza yığın. Biz müharibə deyil, sülh istəyirik".
Türkiyə Böyük Millət Məclisinin İraq və Suriyada Türkiyə ordusunun əməliyyatlara başlaması barədə razılıq verməsini şərh edən baş nazir bunu hazırkı vəziyyətin tələb etdiyini vurğulayıb: "Bu gün buna ehtiyac var idi. 2007-ci ildən bəri İraqla bağlı, 2012-ci ildən bəri də Suriya ilə bağlı müzakirələr gedirdi. Biz bunu birləşdirdik. Bu qərarın verilməsi normaldır".
Beynəlxalq koalisiyaya daxil olan ölkələrin heç birinin Türkiyə qədər təhlükəli bölgədə yerləşmədiyini deyən Davudoğlu müharibənin ən çox Türkiyəyə təsir etdiyini açıqlayıb: "ABŞ daxil olmaqla koalisiyada olan heç bir ölkə Türkiyə kimi təhlükəli mövqedə yerləşmir. Sərhədlərimiz həm İraq, həm də Suriya terrorçuları ilə qarşı-qarşıyadır. Belə olan təqdirdə öz milli təhlükəsizliyimizi qorumaq üçün bu addımı atmağa məcburuq".
Qeyd edək ki, İŞİD silahlıları Suriya ərazisindəki Süleyman Şah türbəsini qoruyan 20 türk əsgərini girov götürüb.
Bir neçə gündür ki, qərb mətbuatında Türkiyənin Suriyanın Süleyman şah türbəsindəki hərbçilərinin İŞİD-ə girov düşdüklərini yazır.
Türbəyə gedən yollar 3 tərəfdən İŞİD-in nəzarətindədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir cümlə ilə xəbərin uydurma olduğunu dedi.
Türk ordusundan gələn açıqlama isə hər şeyə nöqtə qoydu. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl Süleyman Şah türbəsini mühafizə edən əsgərlərə məktub yazaraq bunları bildirib: "Yalnız deyilsiniz. Arxanızda 76 milyonluq xalq dayanıb. Bir kəlmə, bir işarə ilə Türk ordusu yanınzda olar".
"Amerika hökuməti Türkiyənin İŞİD-ə qarşı mübarizə qoşulmasını alqışlayır. Türkiyə terrorizmə qarşı mübarizədə vacib tərəfdaş və vacib NATO müttəfiqidir".
Bunu isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Türkiyə Böyük Millət Məclisinin İŞİD-ə müdaxiləyə dair qanun layihəsini təsdiqləməsinə münasibətində deyib. Psaki Türkiyənin bu məsələyə həssas yanaşdığını və bunun başa düşülən olduğunu bildirib.
"Türk diplomatların bir müddət əvvəl girov düşməsi ilə əlaqədar Türkiyə hökumətinin nümayiş etdiri həssaslığı anlayırıq. Bu gün isə onlar artıq anti-İŞİD əməliyyatlarında fəal tərəfdaş olmağa qərar verdilər" - deyə Psaki qeyd edib.
Bu arada bildirilib ki, Türkiyə-Suriya sərhəddində döyüşlərin yendən şiddətlənib.
İŞİD Türkiyə-Suriya sərhəddinə yaxın bir ərazidən - Kobaninin şərq hissəsində yerləşən təpəyə doğru irəliləyib. Xatırladaq ki, artıq İŞİD Kobaninin qərb hissəsinə öz bayrağını asıb. Əgər İŞİD Kobaninin şərqdə yerləşən təpəni aşarsa, o zaman onlar üçün Kobanini ələ keçirmək rahat olacaq. Çünki, təpəndən sonra ərazi düzənliklə əhatə olunub. Son olaraq Türkiyə sərhədinə məcburi köçkünlərin gəlişi davam edir. Hazırda Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi son məlumata görə, İŞİD-ə qarşı kürd qüvvələrinin müqaviməti getdikcə zəifləyir.
Avstraliya parlamenti də islamçı radikallarla mübarizəni gücləndirməyə yönəlmiş qanunlar paketini birinci oxunuşda qəbul edib. "Reuters" xəbər verir ki, hökumət tərəfindən təqdim olunmuş qanunvericilik paketi xüsusi xidmət və təhlükəsizlik strukturlarına əlavə səlahiyyətlər verir. Lakin yeni qanunlara görə, jurnalistlər də artıq istədiklərini yaza bilməyəcəklər və "çərçivədən çıxsalar", onları 10 il həbs gözləyəcək.
Qanun təklifləri Avstraliyadan Suriya və İraqda İŞİD sıralarında döyüşməyə çoxlu sayda vətəndaşın - müsəlmanların getməsindən sonra irəli sürülüb. Bu günlərdə Avstraliya xüsusi xidmət orqanları ölkədə İŞİD-ə qarşı reydlər keçirib.
Baş nazir Toni Ebbot bildirib ki, azadlıqlar və təhlükəsizlik arasında balans ikincinin xeyrinə dəyişə bilər. Onun kabinetinin irəli sürdüyü qanun layihələri məhz azadlıqların məhdudlaşdırılmasına və təhlükəsizlik məsələsinə önəm verilməsinə yönəlib.
Müxalifətdə olan Leyboristlər Partiyası da qanun layihələrini dəstəkləyir.
Yeni qanuna görə, xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatların üstünü açanları 10 ilə qədər həbs gözləyir. Belələri əsasən jurnalistlər və bloggerlər ola bilər.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi bu qanun layihəsindən narahatdır. Təşkilat bildirir ki, reportyorlar Avstraliyada milli təhlükəsizlik sferasında baş verən işlərdən yazdıqlarına görə 10 il həbslə üzləşə bilərlər.
"Bu qanun Avstraliyanın hansı tərəfə hərəkət etdiyinə dair ciddi narahatlıqlar yaradır" - deyə komitə bildirir.
Həmçinin qanunvericilik paketinə görə, Avstraliya hökumətinin icazəsi olmadan xarici münaqişə zonalarına gedən vətəndaşlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar. Həmçinin milli internet provayderləri istifadəçilərin məlumatlarını saxlamalı və tələb olunanda polisə verməlidir.