Erməni-rus qardaşlığı sona yetir Dünya

Erməni-rus qardaşlığı sona yetir

Rus hərbçisi erməniləri hiddətləndirib, aksiyalara start verilib

Cavid

Ermənistanın Gümrü şəhərində ötən gün rus hərbçisi Valeri Permyakov tərəfindən bir ailənin 6 üzvünün güllələnərək öldürülməsi ölkə daxilində cərəyan edən mövcud olan gərginliyin daha da artmasına səbəb olub. Eyni zamanda bu hadisə Ermənistan-Rusiya münasibətləri üçün yeni təhlükəli məqamların yaranmasına yol açır.
Xatırladaq ki, Gümrü şəhərinin Myasnikyan küçəsində bir ailənin 6 üzvünün meyiti tapılıb. Onların biri uşaqdır. Onların hamısı güllələnib. Bu hadisədə Gümrüdəki Rusiya bazasının hərbçisi Valeri Pavloviç Permyakovun şübhəli bilindiyi məlum olub.
Rusiya Müdafiə Nazirliyi baş vermiş kütləvi qətlin araşdırılması üçün Ermənistana xüsusi xüsusi komissiya göndərib. Komissiyaya Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Arkadi Baxin başçılıq edir.
Ermənistna mətbuatında yayılan məlumata görə, artıq Gümrü şəhər sakinləri Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsi ilə nəticələnən insidentə etiraz olaraq kütləvi aksiyalara start veriblər. Gümrü sakinləri etiraz aksiyası üçün şəhərin əsas meydanına toplaşıb.
"Onlar daha sonra hansı addımları atacaqlarını sonra müəyyənləşdirəcəklər. Mən də onlara qoşulacağam" - deyə "Asparez" Gümrü Jurnalistlər Klubunun sədri Levon Barseqyan açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün şəhər sakinləri səhər tezdən hadisənin baş verən binanın ətrafındadır: "Hamı bir-birinə xəbər verərək etiraz aksiyasına qoşulmağa çağırır. Aksiya şəhər meriyasının binasının qarşısında olacaq".
Artıq insidentlə bağlı Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər nazirinin müavini Şavarş Koçaryan, Avetisyan ailəsinin qətli ilə bağlı dərin narahatlıq ifadə edərək Rusiya tərəfinə etirazını bildirib.
Ermənistan prezidenti Serj Sarkisyan insidentlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərilə fövqəladə iclas keçirərək Gümrüdəki ailənin qətlilə bağlı işi şəxsi nəzarətinə götürüb. Hələ ki, insidentin səbəbləri barədə məlumat verilmir.
Rusiyanın Ermənistandakı səfirliyi, Gümrüdəki hadisəylə bağlı erməni xalqına başsağlığı verib. Ermənistan müdafiə naziri Seyran Ohanyan Gümrüdəki insidentlə bağlı Rusiyalı həmkarı Serqey Şoyqu ilə telefon danışığı aparıb.
Son məlumata görə, Ermənistanın Gümrü şəhərində aralarında iki yaşlı uşaq da olmaqla bir ailənin 6 üzüvünü güllələyərək öldürən rus hərbçisi saxlanılıb.
Bu ölkədəki Rusiya hərbi bazasının hərbçisi olan Valeri Permyakov Ermənistan-Türkiyə sərhədində, Bayandur kəndində ələ keçirilib.
O da bildirilib ki, rus hərbçisi bu hadisəni törətməzdən əvvəl Rusiya Müdafiə Nazirliyinin Gümrü hərbi bazasından qaçıbmış.
Politoloqlar və hərbi ekspertlər baş verən hadisənin iki ölkə arasındakı əlaqələrdə ciddi problemlərin baş verəcəyini ehtimal edirlər.

Politoloq Qabil Hüseynli deyib ki, bu hadisənin uzağa gedən nəticələri olacaq. Ermənilər kinli xalqdır, həmişə belə şeyləri yaddaşında saxlayır və bunu mənfi enerjiyə çevirir: "Bu, oradakı rus əsgərlərinin birinci hərəkəti deyil. Rus əsgərləri tərəfindən orada soyğunçuluq, qarət, yerli əhaliyə sataşmaq və s. neqativ hallar dəfələrlə baş verib. Amma indi 6 nəfərin güllələnməsi rus ordusu əsgərinin mahiyyətini və erməni xalqına olan nifrətini əks etdirir.
Onun sözlərinə görə, bu, öz ərazisində yad bir dövlətin hərbi bazasını saxlamaq və ona güvənmək nə qədər təhlükəli olduğunu göstərir. Yəni, dostluqdan, qardaşlıqdan, tarixi keçmişdən dəm vurmalarına baxmayaraq, rus militarist təfəkkürü istənilən an hər hansı xalqın suverenliyinə, onun əhalisinin dincliyinə qarşı çıxa bilər: "Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ermənistan prezidentinin Təhlükəsizlik Şurasının təcili iclasını çağırması, orada baş vermiş hadisəni müzakirə etməsi və sonra Rusiyaya nota göndərilməsi - bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlər kəskinləşəcək, ən azından Rusiyanın Ermənistandakı bazalarının statusunun daha dəqiq müəyyənləşdirilməsi və onların daxili asayiş qaydalarına riayət etməsinin prinsipləri, bəlkə də həmin bazaların Ermənistana tabe etdirilməsi kimi müxtəlif məsələlər gündəmə gələ bilər".
Q.Hüseynli bildirib: "Bir sözlə, bu məsələ hələ çox uzanacaq və Ermənistan ilə Rusiya arasındakı münasibətlərin daha aydın səmtə istiqamətlənməsi üçün hələ çoxlu danışıqlar və ziddiyətlər olacaq".
Hərbi ekspert Üzeyir Cəfərov bu hadisənin məqsədyönlü şəkildə baş vermədiyini düşünür: "Ermənistanda yerləşən 102-ci hərbi bazanın əsgərlərinin seçimində müəyyən problemlər var. Bu hadisə Rusiya hərbi rəhbərliyi tərəfindən ciddi araşdırılacaq. Çünki Ermənistandakı narazılıqlar ikitərəfli münbasibətlərə xələl gətirəcək səviyyəyə qalxa bilər. Dünən, böyük narazılıqlar olub. Əsgər artıq saxlanılıb və indi araşdırma aparılır ki, bu nədən baş verib".
O diqqətə çatdırıb ki, sadəcə, ora seçilən hərbçilərin keyfiyyət baxımından problemləri var. Erməniləri güllələyən rus əsgəri Valeri Permyakovun, ola bilsin, psixi problemi olub. İstənilən halda, o, 6 nəgfəri öldürüb və yəqin bununla bağlı ciddi tədbirlər görüləcək.
Digər tərəfdən, zənnimcə, bu, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin sonu deməkdir. Çünki, o, bundan əvvəl də ciddi xətalara yol vermişdi. O, həmin xətalara görə prezident Vladimir Putinin Ermənistana səfəri zamanı Ali Baş Komandana təqdim olunmamışdı. Onun yerinə başqa şəxslər təqdim olunmuşdu. İndi rus əsgəri Permyakovun bir ailənin 6 nəfər üzvünün qətlə yetirməsi 102-ci hərbi bazada ciddi kadr dəyişikliyinə gətirib çıxaracaq.
"Ermənistanda bu hadisə ilə bağlı keçirilən kütləvi etiraz aksiyalarının nə ilə nəticələnə bilər" sualına Ü.Cəfərovun cavabı belə oldu: "İkitərəfli müqaviləyə əsasən, 102-ci hərbi baza 2049-cu ilədək Ermənistan ərazisində qalacaq. Bilirsiniz ki, Rusiya Gümrüdəki 102-ci bazanın yerləşdiyi ərazini uzunmüddətli icarəyə götürüb.
Ermənistanda cinayətkar Sarkisyan rejimi nə olur-olsun bütün qüvvəsini iğtişaşların yatızdırılmasına sərf edəcək. Çünki, bu iğtişaşlar yatırılmasa, onsuz da pis vəziyyətdə olan ölkə iqtisadiyyatı, ümumiyyətlə, bərbad vəziyyətə düşəcək. Yəqin ki, Rusiya narazılıqları səngitmək üçün Ermənistana xoş ola biləcək hansısa addımlar atsın".
Hərbi ekspert xəbərdarlıq da edib: "Biz cəbhə xəttində diqqətli olmalıyıq. Ermənistan rəhbərliyi istənilən halda ölkə daxilində etiraz dalğasını yatırmaq üçün təxribata əl ata bilər. Ola bilər ki, cəbhədə yaratdıqları gərginlikdən istifadə edib sonra da deyəcək ki, cəbhədə vəziyyət gərgindir, amma siz burada etiraz aksiyaları keçirirsiniz. Yenə deyirəm, istənilən halda rus əsgərinin törətdiyi hadisə sakit ötüşməyəcək, bir müddət də olsa, gərginlik qalacaq."
Politoloq Arzu Nağıyev isə bildirib: "Məlumdur ki, hadisəni törədən əsgər hərbi bazaya təhvil verilib. Yəqin ki, hərbçi olduğu üçün istintaqı hərbi prokuroluq aparacaqdır. Hazırda cinayət işi qaldırılıb və onun sorğusu ilə bağlı heç bir məlumat yoxdur. RF Müdafiə Nazirliyi müavinlərdən birinin rəhbərliyi ilə xüsusi bir komissiyya yaradıb.
Belə reaksiya əlbəttə ki, Rusiya tərəfini daha narahat edir. Çünki, demək olar ki, xarici bir dövlətin ərazisində yerləşən hərbi bazanın nümayəndəsi qəddarcasına qətl hadisəsi törədir. Bu isə yerli vətəndaşların iradına və hərbçilərə qarşı hər cürə neqativ hərəkətlər gətirib çıxara bilər.
Müxtəlif bəhanələrə əl atan hərbçilıər Permyakovun psixi xəstəlikdən müalicə olunduğunu gündəmə gətirir və onun qanunsuz olaraq hərbi komissayadan keçdiyini bildirilər. Maraqlı haldan biri də odur ki, törədilmiş cinayətin birbaşa şahidləri yoxdur.
Yəqin ki, Permyakov erməni tərəfə təhvil verilməcəkdir. Bu olay ermənilər və rus hərbçiləri arasında gərginliyə səbəb ola bilər. Düşünürəm ki, erməni rəhbərlər bundan sığortalanmaq üçün əllərindən gələni edib istintaqın məhz hərbiçilər tərəfindən aparılmasına razılıq verəcəklər. Çünki hər cür iğtişaş baş verə bilər, bu isə ermənilərin xeyrinə deyil. Məlumdur ki, həmin baza bu gün demək olar ki, ermənilər üçün bir müdafiə və az da oolsa işci qüvvə ilə təminat yeridir".
Politoloq Vasif Əfəndinin fikrincə isə Rusiya ordusunun əsgərinin Ermənistanda törətdiyi kütləvi qırğın hərəkəti ilk növbədə deməyə əsas verir ki, rus əsgərləri özgə torpaqlarda özlərini əsl işğalçı kimi aparırlar. Bu hadisə adi məişət hadisəsi və ya hərbi münaqişə deyil. Təbii ki, hadisənin baş verməsi üçün müəyyən bəhanə və yaxud səbəb olmalıdır. Səbəb isə ondan qaynaqlanır ki, bugünki şovinist Rusiya hakimiyyəti hətta öz müttəfiqlərinə belə yuxarıdan aşağı baxır.Təbii ki, baş vermiş hadisənin əsasında ideoloji faktorlar mühüm əhəmiyyət kəsb edir. Hadisə gənc və ideoloiji baxımdan beyninin içi doldurulmuş şovinist rus əsgərinin hərəkətinin nəticəsidir. Təbii ki, erməni xalqının böyük çoxluğu rus qoşunlarının Ermənistan torpağında olmasını istəmirlər. Hətta onu da xüssusi olaraq qeyd etmək istəyirəm ki, tez- tez erməni əsgər anaları Qarabağda həlak olan oğullarının mənasız yerə öldüyünü qeyd etməklə gec- tez bu torpaqlardan çıxacaqlarını dilə gətirirlər. Baş vermiş bu hadisə isə təbii ki, bu narazılıqları daha da artıracaq. Lakin nə qədər ki, Ermənistan hakimiyyətinin başında "Qarabağ klanı" durur, mövcud siyasi situasiyanın dəyişəcəyi gözlənilmir. Erməni xalqı korrupsioner və quldur Sarkisyan hakimiyyətindən qurtularaq Azərbaycana üz tutmalıdır. Biz isə erməni xalqına əmin-amanlıq və rifah verməyə qadirik".