İctimai Birlik gənc analar üçün növbəti təlim keçirib Hadisə

İctimai Birlik gənc analar üçün növbəti təlim keçirib

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ana südünün əhəmiyyətinin təşviqi” layihəsi çərçivəsində "Uşağın düzgün şəkildə əmizdirilməsi" mövzusunda maarifləndirici təlim keçirib.

Təşkilatın sədri Könül Quliyevanın QHT.az saytına verdiyi məlumata görə, 1 mart 2022-ci il tarixində “Şüa” İdman-Sağlamlıq Kompleksində baş tutmuş təlimdə 18 nəfər - gənc analar və subay xanımlar iştirak ediblər.
Körpələrin sağlamlığı ilə bağlı aktual mövzuya həsr olunmuş təlimdə paytaxtın Nərimanov rayonunda yerləşən 4 saylı Şəhər Poliklinikasının həkim-pediatrı Pərvanə Quliyeva gənc analara körpənin düzgün qidalandırılması barədə geniş məlumat verərək, ana südü ilə qidalandırmanın doğuşdan dərhal sonra başlanılmasının zəruriliyini vurğulayıb.

Bildirilib ki, körpənin ana südü ilə qidalandırılması doğuşdan sonrakı ilk saat ərzində başlandığı halda bu proses daha asan və faydalı olur, çünki bu müddət ərzində yeni doğulmuş körpənin refleksləri kifayət qədər güclü olur və o, döş üzərində qidalanmağa vərdiş etməkdə çətinlik çəkmir. Gənc ana köməyə ehtiyac duyduğu halda peşəkar laktasiya məsləhətçisinə və ya digər ixtisaslı mütəxəssisə müraciət edə bilər. Həkim P.Quliyeva mütəmadi olaraq təkrarlanan dəri təmasının və körpənin döşə qoyulmasının ana südü ilə qidalandırmanın davam etdirilməsi üçün mühüm şərt olduğunu qeyd edib, gənc anaların mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb.

Daha sonra təlimçi Ruhiyyə Məmmədova çıxış edərək, körpənin ana südü ilə qidalandığı dövrdə ananın düzgün və balanslı qaydada qidalanmasının, yalnız sadə yeməklərə üstünlük verilməsinin zəruriliyindən danışıb. Bildirilib ki, körpə əmizdirən ananın ümumilikdə özünün qidalanma vərdişlərini dəyişməyə ehtiyac yoxdur, çünki körpə hələ ana bətnində olduğu dövrdə anasının bu növ vərdişləri ilə artıq tanış olur. R.Məmmədova ananın qəbul etdiyi müəyyən qida məhsullarına körpənin reaksiya verdiyini hiss edərkən, mütəxəssislə məsləhətləşmənin vacib olduğunu qeyd edib.

İctimai Birliyin sədri Könül Quliyeva gənc analar və subay xanımların təlimdə fəal iştirakını bu mövzuda davamlı təlimlərə və maarifləndirici tədbirlərə böyük ehtiyacın göstəricisi kimi qiymətləndirib.
Cavid