Azərbaycanda "TikTok"un fəaliyyətinə qoyulmuş məhdudiyyət aradan qaldırıldı Hadisə

Azərbaycanda "TikTok"un fəaliyyətinə qoyulmuş məhdudiyyət aradan qaldırıldı

5 noyabr 2022-ci il tarixində saat 18:00-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Xidmət vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.

Xatırladaq ki, sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görüldüyü bildirilib. Qeyd olunub ki, həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanıb. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.