Baş Dövlət Yol Polisi İdarəsi Zəfər Günü ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib Hadisə

Baş Dövlət Yol Polisi İdarəsi Zəfər Günü ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin Zəfər Günü ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib.

Trend müraciəti təqdim edir: “Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir və bu əziz günlərdə yollarda xoşagəlməz halların yaşanmaması üçün hər bir yol hərəkəti iştirakçısını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

“Bayramla əlaqədar qeyri-iş günlərində avtomobillə səfərə çıxmağa hazırlaşan sürücü və sərnişinlərdən isə aşağıdakı tövsiyələrə biganə qalmamağı xahiş edirik.

Hazırda havaların yağmurlu olmasını da nəzərə alaraq, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməli, yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirməli, sürəti hava şəraitinə uyğun seçməli, qəfil manevr və ya kəskin tormozlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar. Mövsümlə əlaqədar mümkün qədər günün işıqlı vaxtında yola çıxmağa üstünlük verilməli, nəqliyyat vasitəsini yuxusuz, yorğun halda idarə etməkdən çəkinməli və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin vacib olduğunu unutmamalıyıq. Təhlükəsizlik kəmərinin təkcə sürücü deyil, sərnişinlərin də bağlaması mütləqdir.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün gücləndirilmiş iş rejimində xidmət aparan Dövlət Yol Polisi bir daha qeyd edir ki, hər bir yol hərəkət iştirakçısı qaydalara əməl etməklə bayram günlərinin yalnız sevincli anlarla yadda qalmasına töhfə vermiş olar”.