Fazil Mustafa sui-qəsdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı, yeni kitabını təqdim etdi - FOTO Hadisə

Fazil Mustafa sui-qəsdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı, yeni kitabını təqdim etdi - FOTO

"Kitabı ilk başlayan dövrdə sui-qəsdə məruz qaldım və ayılanda bəlkə də ilk fikirləşdiyim bu oldu ki, şükürlər olsun, kitabım yarımçıq qalmadı"

Milli məclisin deputatı Fazil Mustafa "Dirilən adamın düşüncələri" adlı yeni kitabını ictimaiyyətə təqdim edib.

Musavat.com bildirir ki, İçərişəhərdə təşkil olunan V Milli Kitab Sərgisində keçirilən təqdimatda millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, kitabsevərlər iştirak edib.

icma.jpeg (208 KB)

Millət vəkili Fazil Mustafa çıxış edərək bildirib ki, "Dirilən adamın düşüncələri" düşüncələrin yenidən çək-çevir edilməsinə yardım edəcək bir kitabdır. Onun sözlərinə görə, kitabı xəstəxanada və evdə müalicə prosesində işləyib tamamlayıb:

"Artıq kitab sərgisi keçirmək bir ənənəyə, vərdişə çevrilib. Bu, çox yaxşıdır, bəlkə də ən vacib işlərdən biridir. Çünki başımıza gələnlərin hər birinin arxasında irəliləyiş, tərəqqi varsa, bu, mütləq kitab oxuyan zümrə ilə bağlıdır. Harada cəhalət varsa, bu da insanların mütaliə etməməsi ilə bağlıdır.

Bu gün uzun müddətdən sonra ilk dəfədir geniş auditoriya qarşısındayam. Təqdimatda iştirak edən hər kəsə təşəkkür edirəm.

Yeni kitabımın adı "Dirilən adamın düşüncələri"dir. Bəziləri elə düşünür ki, onu özümü nəzərdə tutaraq yazmışam, amma belə deyil, mən Azərbaycan cəmiyyətini nəzərdə tutaraq yazmışam.

Kitabı ilk başlayan dövrdə sui-qəsdə məruz qaldım və ayılanda bəlkə də ilk fikirləşdiyim bu oldu ki, şükürlər olsun, kitabım yarımçıq qalmadı. Bəlkə də ömür, hansısa vəsiyyət yarımçıq qala bilər, amma hansısa kitab yarımçıq qalanda sən gələcək nəslə heç nə ötürməmiş sayılırsan. Bu kitabda da bizim nəzərdə tutduğumuz düşüncə istiqamətləri bəlkə də bir çoxu üçün yeni, bir çoxu üçün isə qəbuledilməz olacaq".

Çıxışdan sonra Fazil Mustafa mərasim iştirakçıları üçün kitab imzalayıb.

fazil.jpeg (177 KB)

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, millət vəkili Fazil Mustafa İran terrorundan sağ çıxmış fədakar bir ziyalıdır və terrordan sonra ilk dəfə olaraq geniş ictimaiyyət qarşısına çıxır:

"Çox simvolikdir ki, Fazil Mustafa ictimaiyyət qarşısına "Dirilən adamın düşüncələri" adlı kitabının imza törəni ilə çıxır. Məmnuniyyətlə bu törəndə iştirak edirik. Fazil Mustafadan rəy aldım, kitabı hələ oxumamışam. Çox böyük məmnuniyyətlə kitabı oxumağa zaman ayıracam".

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı həmkarının yeni kitab təqdimatı ilə bağlı təəssüratlarını Musavat.com-la bölüşüb:

"Fazil Mustafanın bu kitabı millətin gələcəyi, var olması, taleyimizə münasibət ilə bağlıdır. Fazil Mustafa sui-qəsdən sonra ilk dəfədir ki, ictimaiyyət qarşısındadır və ona olan böyük sevginin şahidi olduq. Mən çox sevinirəm ki, Fazil Mustafa ona olan sui-qəsdə bu kitabla cavab verdi".

kitab.jpeg (168 KB)

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə bunları qeyd edib:

"Çox arzulayırdıq ki, Fazil Mustafa sui-qəsdən sonra ilk dəfə ictimaiyyət içərisinə çıxaraq kitabını təqdim etsin. Ona təşəkkür edirik ki, bu istəyimizi yerinə yetirdi və bu gün ona qarşı olan böyük oxucu marağının şahidi olduq".

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com