Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus Bakıya gəlir Hadisə

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus Bakıya gəlir

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus iyunun 18-dən 21-dək Bakıda səfərdə olacaq. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, ADA və İqtisad Universitetlərinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində nüfuzlu ictimai xadim, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunusun ölkəmizdə bir sıra görüşləri nəzərdə tutulur.
BAMF-dan bildirilib ki, Nobel Sülh Mükafatı Laureatının ilk olaraq ADA Universitetində "Biznesin sosial məsuliyyəti" mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur. Professor Məhəmməd Yunusun burada xarici ölkə səfirliklərinin və diplomatik nümayəndəliklərinin qarşısında sosial bizneslə bağlı bir sıra maraqlı mesajlar verməsi planlaşdırılır. Daha sonra Məhəmməd Yunusun İqtisad Universitetində Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan nümayəndə heyətləri, o cümlədən Azərbaycanın bir sıra nazirlik və komitələrinin, rəsmi şəxslərinin qarşısında "Sosial biznes – inkişaf üçün əsas yol" mövzusunda mühazirə oxuması gözlənilir.
İyunun 20-də isə məşhur alim, Qramen Bankının və dünyanın 41 ölkəsində fəaliyyət göstərən 50-dən çox iqtisadi qurumun təsisçisi Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında özünün müəllifi olduğu, Azərbaycan dilinə tərcümə edilmiş "Kasıbların bankiri" (The Banker to the Poor) kitabının təqdimat mərasimində iştirak edəcək. Mərasimdə professor Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim olunacaq. Bu ali mükafat indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub. Həmin mükafat dünya miqyasında vətəndaş cəmiyyətinin inkişafına töhfə verən, beynəlxalq səviyyədə sosial və iqtisadi sahələrdə nailiyyətlər əldə edən, dünya elminin inkişafında əvəzsiz rol oynayan və münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim olunur.
Xatırladaq ki, 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen Bankı Nobel Sülh Mükafatına layiq görülüb. Professor Məhəmməd Yunus "Wharton" Biznes Məktəbinin "Son 25 ilin ən nüfuzlu biznes adamları" siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə "Fortune" jurnalı Məhəmməd Yunusu 2012-ci ilin mart ayında "Dövrümüzün 12 dahi sahibkarları" siyahısında 12-ci yerə layiq görüb. "AsiaWeek" (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri kimi seçib. 2008-ci ildə Böyük Britaniyanın "Prospect" jurnalı və ABŞ-ın "Foreign Policy" jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, "Top 100 intellektual şəxslər" siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir.