Satışda saxta və keyfiyyətsiz “kərə yağları” var Hadisə

Satışda saxta və keyfiyyətsiz “kərə yağları” var

Eyyub Hüseynov: "Onun tərkibinə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır"

Sağlamlıq həm də yediyimiz qidadan çox asılıdır. Son zamanlar tüğyan edən xəstəliklər yeyib içdiyimizə diqqət yetirməyin vacib olduğunu göstərir. Ölkənin ticarət mərkəzlərində satılan ərzaqların çoxunun mənşəyi, tərkibi, istifadə müddəti haqda sənədləri yoxdur. Qidadan zəhərlənmə və xəstəliyə yoluxma haları artır. Kulinariyamızda əksər yeməklərin hazırlanmasında yağın istifadəsi xüsusi yer tutur.
Qidalanma üzrə mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Bu şərtlə ki, həmin yağ keyfiyyətli olsun. Standartlara görə, kərə yağı 3 dərəcədən aşağı tempraturda maksimum 1 ay saxlana bilər. Amma mağazalarda aylarla satışda olan açıq kərə yağları var. Qutu yağların üzərində isə bir neçə ay saxlanma müddəti göstərilir.
Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı 33 min tondur. Bunun 21 min tonu ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarusiya, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur.
1988-ci ilin rəsmi statistikasına görə, respublikada 40 min ton təbii kərə yağı istehsal edilirdisə, 2011-ci ilin rəsmi statistikasına görə ölkədə 25 il əvvəlki dövrlə müqayisədə 2 dəfə az, cəmi 21 min ton kərə yağı istehsal olunub. Əgər nəzərə alsaq ki, Sovet dövründə əhalinin sayı 7 milyon nəfər olduğu halda, hazırda ölkə əhalisinin sayı 9,5 milyon nəfəri ötüb, amma kərə yağı istehsalı 2 dəfə azalıb, onda əminliklə demək olar ki, adambaşına düşən kərə yağı istehsalı və istehlakı Sovet dövrü ilə müqaisədə 3 dəfədən çox azalıb. Halbuki, iribuynuzlu heyvanların sayı artıb. Hazırda, ölkədə 1,2 milyon baş qaramal var. Bu həcmdə iribuynuzlu və sayı 8 milyondan artıq olan xirdabuynuzlu heyvanlar ölkənin keyfiyyətli kərə yağına olan tələbatını ödəyə bilər. Amma ticarət sektorunda xarici və yerli istehsal olan saxta yağlar meydan sulayır.
1 kq kərə yağının istehsalı üçün azı 20-22 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 40-50 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, 15 manatdan az ola bilməz. Təkcə bu təkzibedilməz fakt Azərbaycanda satışda olan istisnasız olaraq, bütün kərə yağlarının saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir.
Yeni Zellandiya yağı adı altında satılan tünd sarı rəngli yağın keyfiyyətsiz və şübhəli tərkibə malik olmasını sübut etməyə ehtiyac belə yoxdur. Çünki nə heyvani yağlar, nə də bitki yağları heç vaxt tünd sarı rəngdə olmur. Bəzən mağazalarda qiyməti 2 manat göstərilən "kərə" yağları satılır və bu yağın üzərinə "Moskva" və ya "Rusiya" yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SPMDK) bildirir ki, ucuz qiymətə (kq-ı 2-3 manata) satılan yağlar kombinə edilmiş yağlardır: "Bitki tərkibli qarışıq yağlar satışda az deyil. İstehlak bazarında bu cür yağlar çoxdur. Üzərində təmiz kərə yağı yazılmasına baxmayaraq, araşdırmamız nəticəsində müəyyən olunub ki, bu məlumatlar alıcını aldatmaq məqsədilə yazılıb. Həqiqətdə isə vəziyyət başqadır.
Komitə yanında fəaliyyət göstərən Təcrübə-Sınaq Mərkəzində kərə yağlarının təhlükəsizlik parametrləri yoxlanılır, mikrobiologiyası, fiziki-kimyəvi göstəriciləri laboratoriyada analizlər nəticəsində müəyyən olunur. Ticarət şəbəkələrində tərəfimizdən verilmiş uyğunluq sertifikatı olmayan yağlar şübhəlidir, mənşəyi məlum deyil. Alıcılar da sertifikatsız yağları almaqdan çəkinməlidir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir:
"Satışda "kərə yağı" adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır. Satışda olan yağların 85 faizi təmiz yağlar deyil. Onların tərkibində bitki, heyvan, marqarin tərkibləri mövcuddur. Təəssüflər olsun ki, Azərbaycanda bu cür məhsulları analiz edəcək və müəyyənləşdirəcək bir qurum mövcud deyil".
AİB sədrinin sözlərinə görə, kərə yağının ərimə temperaturu insan orqanizminin temperaturundan daha aşağı olduğundan, o mədədə və ya bağırsaqlarda qalmamalı, əriməlidir. Yağın necə həzm olunmasından asılı olaraq, onun təmiz olub-olmamasını müəyyən etmək olar: "Azərbaycanda kərə yağları ilə bağlı çox böyük problemlər var. Market və bazarlarda kərə yağı adı altında satılan yağlara müxtəlif qatqılar əlavə edilir. Xarici ölkələrdən Azərbaycana gətirilən kərə yağları burada saxtalaşdırılır, bükülmə zamanı onlara piy, marqarin və digər yağlar qatışdırılır".
Onun sözlərinə görə, Azərbaycanda kərə yağı istehsalı az olduğundan ölkənin tələbatı xarici ölkələrdən idxal hesabına ödənilir: "Lakin bəzi işbazlar daha artıq qazanmaq məqsədilə həmin yağların tərkibinə əlavələr edərək, çəkilərini artırırlar. Bunu yağları kəsən zaman görmək mümkündür. Belə yağlarda qatlar və rəng dəyişiklikləri müşahidə edilir. Bundan başqa camış yağı adı ilə rayonlardan gətirilərək Bakı bazarlarında satılan yağların da tərkibində problem var. Ağ nehrə yağı kimi təqdim edilən yağlarda piy, marqarin yağları qarışığı var. Bizdə olan məlumata görə, bərk olması üçün həmin yağlara, hətta sellofan əridib qarışdırırlar. Yağın yalnız üst hissəsində nehrə yağı olur ki, alıcı tamına baxan zaman kərə yağı dadı alsın".
Eyyub Hüseynovun bildirdiyinə görə, əsl kərə yağı əslində tez xarab olmalıdır. Amma xaricdən gətirilən kərə yağlarına onların uzunmüddətliliyi üçün müxtəlif kimyəvi maddələr qarışdırılır.
Saxta və təhlükəli yağlar təkcə xaricdən idxal olunmur, həm də ölkədə istehsal olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədri Ramiz Həsənovun bildirdiyinə görə, idxal edilən kərə yağları gizli sexlərdə bitki yağları ilə qarışdırılır: "Azərbaycanda gizli sexlər var. Ölkədə çox az miqdarda kərə yağları istehsal olunur. Kərə yağları əsasən, Azərbaycana idxal edilir. Gömrükdən idxal olunan kərə yağları keyfiyyətlidir. Amma sonra həmin kərə yağlarını aparıb gizli sexlərdə bitki yağları ilə qarışdırır, əsasən kiçik, 250 qramlıq qutularda qablaşdıraraq satırlar. Üzərinə də yazırlar ki, bu, 82 faiz kərə yağlarıdır. Ticarət şəbəkəsindən alırsan, baxırsan ki, yağlılıq yazıldığı kimi 82 faiz deyil. Belə qutularda yağ satışı aşkarlananda biz onları cəzalandırırıq".
Ölkəyə marqarin Türkiyədən idxal olunur. Satışda olan marqarin yağlarının qiyməti təbii məhsulun maya dəyərinə adekvat deyil. Yəni, mütəxəssislərin fikrincə, 2-3 manata 1 litr bitki yağı almaq mümkün deyil. Bu, konkret olaraq hansısa şübhəli materialdan hazırlanan məhsuldur.
"Təməl" Hüquq Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Abbasov deyir ki, bu gün marqarin firmalarından pul almış bəzi həkimlər insanlara təlqin edirlər ki, guya bitki yağı daha xeyirlidir: "Bu təbliğatı aparanlardan bir neçəsini tanıyıram, özləri xaricdən gətirilən bahalı təbii kərə yağlarının daimi müştəriləridilər. Onda haqlı sual yaranır, əgər kərə yağı ziyandırsa siz nə üçün yeyirsiniz, yox xeyirlidirsə, onda nə ücün əhaliyə məsləhət deyil?
Bitki yağının olmadığı min illər boyu insanlar təbii kərə yağı yeyiblər və bizim də orqanizmimiz bu qidaya uyğunlaşıb, bitki yağı isə qida rasionumuza təzəlikcə daxil olub. Marqarinə adət etməmiş orqanizmə böyük həcmdə marqarin dağıdıcı təsir göstərir".
Rəsmi statistikaya görə, Sovet dövründə il ərzində 1 vətəndaş orta hesabla cəmi 200 qram bitki yağı istifadə edirdisə, bu gün bu göstərici illik adambaşına 8 kq təşkil edir. Marqarin istifadəsi isə düz 40 dəfə artıb! Hələ bu rəsmi rəqəmdir, reallıqda daha çox olduğu güman edilir. Üstəlik, bu bitki yağlarının keyfiyyəti o vaxtkından xeyli aşağıdır.
Keyfiyyətsiz və tərkibi zərərli maddələrlə zəngin yağlar orqanizmdə bir sıra problemlərin yaranmasına səbəb olur. Qastroenteroloq Eldar Sultanovun dediyinə görə, keyfiyyətsiz yağdan istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın və digər təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Həkimin sözlərinə görə, bu cür yağdan istifadə edəndə orqanizmdə olan xolesterinin və ağır kimyəvi maddələrin miqdarı artmağa başlayır ki, bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirir ki, standartdan kənar yağlar daha çox topdansatış mərkəzlərində satılır: "Kərə yağının istehsalı və idxalı ilə bağlı standartlar mövcuddur. Təəssüflər olsun ki, bəzən kərə yağı adı altında tərkibində bitki qatışığı olan yağlar satılır. Bu cür hallar aşkarlananda müvafiq ölçülər götürülür. Standartdan kənar yağlar topdansatış mərkəzlərində daha çox satılır. Mirəli Qaşqay küçəsindəki mərkəzlərdə bir müddət əvvəl bu cür faktlar qeydə alnıb". Komitə sözçüsünün dediyinə görə, qatışıq yağların satılması qadağan deyil, sadəcə məhsulun tərkibi onun üzərindəki göstəricilərə uyğun olmalıdır. Onun sözlərinə görə, son illər yerli yağ istehsalı müəssisələrinin sayının artması müşahidə edilir ki, bu da sevindirici haldır.
Azərbaycan Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov da bu gün bazarlarda satılan kərə yağların tərkibinin tam təmiz olmasına şübhə edir. Onun sözlərinə görə, həmin kərə yağlarının tərkibi naməlumdur. Ona görə də belə yağların qəbulu heç də məsləhətli deyil: "İndi bazarlarda satışa çıxarılan kərə yağları əvvəlkilərlə müqayisə edilə bilməz. Məsələn, 2000 il bundan əvvəl hazırlanan kərə yağı indi İsmayıllıda muzeydə saxlanılır. Uzun illər saxlanılsa da, ilk gündə olduğu kimi qalır. Amma indi zavodlarda istehsal olunan kərə yağının tərkibini demək çətindir. Həmin yağları heç soyuducuda bir ay saxlamaq olmur. Onların keyfiyyəti ilə bağlı şübhələri kərə yağlarının qiymətləri də təsdiqləyir. Ona görə də ondan yalnız qızardıcı mühitdə istifadə etmək olar".

Ülviyyə Tahirqızı