KİVDF müsabiqənin nəticələrini açıqlayıb Hadisə

KİVDF müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Fond jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq fərdi jurnalist yazıları müsabiqələri keçirir. Milli Mətbuatın yaranmasının 141 illiyi ilə bağlı keçirilən fərdi yazı müsabiqəsi mayın 26-dan iyulun 12-dək davam edib. Müsabiqəyə 70 kütləvi informasiya vasitəsindən 167 yazı daxil olub, yazıların hər biri 3 ekspert tərəfindən qiymətləndirilib: "Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 19 sahənin hər biri üzrə 6 jurnalistə mükafatların verilməsi qərara alınmışdı. Müsabiqənin nəticələrinəı görə 114 jurnalist qalib elan edilib". KİVDF-nin Müşahidə Şurasını üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, Fond tərəfindən elan edilən fərdi yazı müsabiqəsi heç şübhəsiz ki, jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir: "Təəssüf ki, müsabiqəyə təqdim olunan yazıların bir çoxunda oxşarlıq müşahidə olunur, istinad edilən mənbələr eynilik təşkil edir. Yaxşı olardı ki, jurnalistlər yazılarında belə hallara diqqət yetirsinlər və daha çox fərdi yaradıcılağa üstünlük versinlər". Bakı Dövlət Unuversitetinin professoru Cahangir Məmmədli bildirib ki, müsabiqəyə təqdim olunan yazılarda janr məsələsinə xüsusi diqqət yetirilməlidir: "Hesab edirəm ki, yazılarda mövzulara dair fəqrli yanaşmalar olmalıdır. Araşdırma, reportaj tipli yazılara üstünlük verilməlidir. Şəxsən mən reportaj tipli yazılara üstünlük verirəm. Jurnalistlər bu məsələyə diqqət yetirməlidirlər". Mətbuat Şurasının sədr müavini, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli qeyd edib ki, müsabiqəyə təqdim olunan yazıların bir qismi eynilik təşkil edib. Yazılarda ən çox internet məlumatlarından istifadə edilir. Elə yazılar da olub ki, əvvəlki illərdə müsabiqəyə təqdim edilib: "Yaxşı olar ki, jurnalistlər yazılarında statistik məlumatlara deyil, yaradıcılığa üstünlük versinlər. Onsuz da həmin statistik məlumatlar internetdə yerləşdirilib və hamının onunla tanış olmaq imkanı var. Lakin hansısa problemin qabardılması ilə həmin sahədə mövcud olan boşluğun aradan qaldırılmasına diqqəti cəlb etmək mümkündür. Odur ki, jurnalistlərin yazılarında problemlərin qabardılması daha məqsədəmüvafiq olardı". Sonda qalib jurnalistlər mükafatlandırılıb.