Bir ayda Təhsil Nazirliyinə 24 minə yaxın müraciət daxil olub Hadisə

Bir ayda Təhsil Nazirliyinə 24 minə yaxın müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 23 891 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18746 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,2 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1587 sənəd (1 013 ərizə, 491 məktub, 83 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (4233 zəng) və çərşənbə axşamı (4002 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1335 müraciət) və çərşənbə axşamı (1126 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.