“Milli-mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu” Hadisə

“Milli-mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu”

Lənkəranda bu mövzuda konfrans keçirilib


Oktyabrın 3-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində "Milli-mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu" mövzusunda regional konfrans keçirilib.
Qafqaz Müsəlmanları İdarəsi(QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bölgənin din xadimləri, ziyalılar, gənclər, habelə hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasif Məmmədəliyev, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Milli Məclisin deputatları Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə və Nəriman Əliyev çıxış ediblər. Çıxışlar zamanı qeyd olunub ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir məqsəd, bir amal uğrunda vətənə xidmət edirlər. Tədbirdə dini ayinlərin məscidlərin daxilində və həyətlərində keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Çıxışlarda həmçinin dinimizdə fanatizmin olmadığı və onun qəbuledilməzliyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Aşura günü inanclı insanların Lənkəranın pir və ocaqlarını ziyarət etmələri üçün təmənnasız olaraq xüsusi nəqliyyat vasitələri ayrılacaq, Rayonun məscidlərində qanvermə aksiyaları keçiriləcək. Həmçinin qeyd olunub ki, Azərbaycanda sabitliyi pozmağa cəhd göstərən qüvvələrə qarşı hüquq müstəvisində tədbirlər tətbiq ediləcək.