İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər Hadisə

İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Uşaqkən radiomuzu kəndə aparardıq ki, nənəmgil başımızı qatsın, valideynlərimiz üçün darıxıb ağlamayaq. Ancaq fasilələrlə verilən elektrik enerjisi ilə nəinki radionun batareyasını doldurmaq, cihazın maqnitofonuna belə qulaq asmaq müşkül idi. 1 saatlıq enerji ilə kəndlərdə görüləsi iş o qədər idi ki, radionun batareyası doldurmaq ən axırıncı sırada gəlirdi.
Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun açıqlaması diqqətimi çəkdi. Tağı Əhmədov deyir ki, 1991-92-ci illərdə ölkədə işıq fasilərlə verilirdi, indi isə nəinki evlərimizə işıq verilir, bütün küçələrdə işıq dirəkləri quraşdırılıb, eyni zamanda binaların fasadını işıqlandırırıq ki, şəhərlərimiz gözəl olsun.

Bu kəndin sakinləri 35 ildən sonra aydınlığa çıxdılar

Doğrudan da bu gün elektrik enerjisi ilə tam təminat təkcə paytaxtı deyil, Azərbaycanın digər regionlarını, ucqar kəndləri də əhatə edir. Qayğıları daha çox işıq, su, qaz, hətta hava şəraitinə bağlı olan kənd sakinləri üçün əsas xoşbəxtlik onların rahatlığını təmin etməkdir. Həyat yoldaşlarının üst-başının səliqəli olmasına çalışan kənd qadınlarının kömürlə qızan ütü istifadə etməsi uzaq keçmişə aid deyil.
Rəsmi məlumatlara görə, 35 il idi ki, işıqsız qalan ucqar kənd də var. Belə ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər nəticəsində Zaqatala rayonunun Qalal kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. İnternet əsrində elektrik enerjisinin olmamasına görə insanlar üçün radio-televiziyanın əlçatmazlığı absurd görünə bilər. Reallıq budur ki, Qalal kəndinin sakinləri bu zülmətlə barışıbmış, ta ki "Azərişıq" onların imdadına çatana qədər.

"Azərişıq" qışa tam hazırdır

"Azərişıq" ASC harada olmasından asılı olmayaraq, hər bir abonenti keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin etməyi əsas məqsəd sayır. Fəaliyyət devizi də bundan ibarətdir. "Azərişıq"ın üzərinə düşən əsas missiya qış mövsümündə, eləcə də ölkə əhəmiyyətli tədbirlərdə özünü daha çox büruzə verir. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, qış mövsümünə hazırlıqla bağlı "Azərişıq" bütün rayon anbarlarında mal-material ehtiyatları yığıb, istər kabel xətləri, istərsə də dayaqlar olsun, dağ rayonlarının yollarına uyğun olaraq maşın mexanizmləri və ehtiyatları ilə təchiz edilib. Sözçü bildirir ki, "Azərişıq" ASC öz işini mövsümi olaraq görmür: "Məqsədimiz istehlakçıları 24 saat fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını təmin etməkdir".

Seçki məntəqələri, beynəlxalq tədbirlərin salonlarında fasiləsiz enerji

Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi günü seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchizatı da "Azərişıq" ASC-nin üzərində idi. Hələ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilən Referendumdan öncə "Azərişıq" ASC açıqlama yaydı ki, Bakı şəhəri və digər şəhər və rayon ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Əlbəttə, nəinki seçkilər, Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu tədbirlərdə elektrik enerjisi təchizatının dayanıqlılığı və yüksək keyfiyyətli təminatı "Azərişıq"ın məsuliyyətində olur. Bakıda keçirilən beynəlxalq səviyyəli mərasimlərdə digər xidmət sahələri kimi istehlakçılara beynəlxalq standarta uyğun səviyyədə xidmət göstərilir. Keçən il Azərbaycanda keçirilən I Avropa Oyunları zamanı "Azərişıq" ASC-nin fəaliyyəti göstərdi ki, elektrik enerjisi təchizatı ilə nəinki öz daxili ehtiyaclarımızı ödəyə bilirik, hətta qonşu dövlətlərə də elektrik enerjisi ixrac etməyə qadirik. Energetiklərimiz 24 saatlıq növbətçilik rejimində çalışaraq bu işin öhdəsindən məharətlə gəldi.

Texniki itkilər minimuma endirilib

Bu il Azərbaycanda paylayıcı elektrik şəbəkələrində islahatlara başlanmasının 10 ili tamam olur. Yada salaq ki, prezident İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə"ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verildi. Ötən müddətdə dövlət rəhbərinin müvafiq tapşırıqlarına əsasən sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq irimiqyaslı yenidənqurma işləri həyata keçirilib. Elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə"ASC-nin adı dəyişdirilərək "Azərişıq"ASC adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi "Azərişıq"ASC-yə həvalə edildi. Bakı şəhərində, eləcə də bütün ölkə ərazisində ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq"ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-ci ilin I yarımilliyinə 11. 111 MVA-ya qaldırılıb. 2016-cı ilin sonuna 12 561 MVA təşkil edəcək. Ötən 10 il ərzində Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ilə görə 3048 MVA-dan 2016-cı ilə 6200 MVA-ya qaldırılıb. Bakı şəhəri üzrə texniki itkilər 16,9%-dən 7,8%-ə endirilib.

"Azərişıq" işini "ASAN"laşdırdı

Bir ildən artıqdır ki, "Azərişıq" ASC "ASAN xidmət" mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda abunəçilər "ASAN xidmət" mərkəzlərində bir çox xidmətlərdən yararlana bilir. Abonentlərə yüksək səviyyəli xidmətin göstərilməsi üçün müştərək fəaliyyət qurulub, bir sözlə, işlər daha da asanlaşdırılıb. Müraciət edən abonentlərin keyfiyyətli və sürətli xidmətlərdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alan "Azərişıq" göstərilən xidmətin əhatəsini daha da genişləndirir. "Azərişıq" ASC "ASAN xidmət" mərkəzləri ilə birgə 2016-cı ilin artıq 9 ayında 32 min 861 nəfərə xidmət göstərib.
Bundan başqa 2011-ci ildən tətbiqinə start verilmiş SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə, müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. 2011-2016-cı illər ərzində 70 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılıb və uğurla istismar edilir.

Cəbhə bölgəsinə xüsusi diqqət

"Azərişıq" ASC müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət göstərir. "Azərişıq" ASC-nin sədri Baba Rzayevin sözlərinə görə, düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilib, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılıb. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir.

Düşmənə göz dağı verən Mingəçevir SES

Təsadüfi deyil ki, Mingəçevir Su Elektrik Stansiyası (SES) ermənilərin ölkəmizə qarşı təhdid obyektlərindən biridir. Bu ilin aprelində aparılan döyüşlər fonunda məsələ yenidən gündəmə gəlmişdi. Qeyd edək ki, iki il öncə də düşmən ölkənin rəhbərliyi tərəfindən Azərbaycana qarşı bu cür təhdidlər vardı. Sabiq müdafiə naziri Seyran Ohanyan Mingəçevir SES-ə qarşı diversiya törədiləcəyi barədə fikirlər səsləndirmişdi. Azərbaycan tərəfinin tutarlı cavabından sonra ermənilər susma mövqeyi tutmuşdu. Son hadisələr göstərdi ki, ermənilərin Azərbaycana qarşı məkrli planının içərisində Mingəçevir SES ilk sıralarda dayanır. Müharibə başlayarsa, düşmən ölkə ilk növbədə Azərbaycanın strateji obyektlərini hədəf ala bilər ki, bu sırada Mingəçevir SES-də var.

Aydın Mirzəzadə: "Ermənilərin təhdidinin heç bir qorxusu yoxdur"

Mingəçevir şəhərindən deputat seçilən Aydın Mirzəzadə hesab edir ki, Mingəçevir SES möhkəm mühəndis qurğusudur və ona Ermənistan kimi zəif bir ölkənin təhlükə törətməsi mümkünsüzdür: "İkincisi, Azərbaycan bu gün Mingəçevir SES və su anbarını kifayət qədər ciddi şəkildə qoruyur. Bizim hava hücumundan müdafiə kompleksimiz var. Mən həmin Mingəçevir şəhərindənəm və bütün yayı o dənizdə keçirirəm. Atam o stansiyanı tikib, vaxtilə özüm o stansiyada işləmişəm. Ermənilərin təhdidinin heç bir qorxusu yoxdur".
Onu da qeyd etmək yerinə düşər ki, Bakı şəhərinin elektrik enerjisinə olan tələbatının dayanıqlı olmasını təminatı və paytaxtın Mingəçevir SES-dən asılılığını minimuma endirmək üçün 4000-5000 generasiya gücünə ehtiyac proqnozlaşdırılır.

2025-ci ilədək görüləcək tədbirlər planı

"Azərişıq" tərəfindən 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb. "Azərişıq" ASC sədri Baba Rzayevin sözlərinə görə, qarşıdakı 10 il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 min meqavatdan 10 min MVt-a qədər artacaq. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb. Qurum sədri bildirib ki, hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə yenidənqurma işləri aparılır: "Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji nailiyyətlərlə təchiz olunur".
Evimizin işığı hansı mərhələlərdən keçib? - virtual səyahət
"Azərişıq" ASC-nin kollektivi paytaxtın elektrik təsərrüfatının inkişaf tarixinə də həssaslıqla yanaşır. 1914-cü ildə Bakının Binəqədi rayonunda neft sənayesi ilə əlaqədar tikilmiş 20 kv-luq qapalı tipli yarımstansiya ilkin vəziyyətində bərpa olunaraq yarımstansiya-muzey yaradılıb. Qurumun rəsmi səhifəsində sözügedən muzeyə virtual səyahət etmək olar. Ölkəmizdə ilk dəfə olaraq yaradılan yarımstansiya-muzeydə evimizin işığının tarixi mərhələləri, hansı texniki proseslərdən sonra mənzillərimizi işıqlandırması prosesi ilə tanışlıq mümkündür.

Nərgiz Cavadzadə
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün