Siqaret satışını həvəsləndirmək məhdudlaşdırılır Hadisə

Siqaret satışını həvəsləndirmək məhdudlaşdırılır

Hüseynbala Mirələmov: "Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır"

Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında" və "Çayçılıq haqqında" qanunlarda dəyişiklik layihələri müzakirə edilərək plenar iclasa tövsiyyə olunub. Modern.az-ın xəbərinə görə, dəyişikliklə tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır.
Dəyişikliyə əsasən tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin tütün və tütn məmulatının və onun ləvazimatlarının o cümlədən tənbəki çubuqlarının , qəlyanların .
Elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. Qeyd edək ki, hazırda isə tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər.
"Çayçılıq haqqında" qanun da "Reklam haqqında" qanuna uyğunlaşdırılıb. Dəyişikliyə əsasən Azərbaycan qanunvericiliyi sözü "Reklam haqqında" qanun sözü ilə əvəzlənib. Belə ki, yeni redaksiyaya əsasən çay məhsulllarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı "Reklam haqqında" qanuna uyğun həyata keçirilir. Hər iki qanunda dəyişiklik onların "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Komitənin iclasında çıxış edən millət vəkili Hüseynbala Mirələmov bəzi tələbələrin dövlət və özəl ali məktəblərin dəhlizlərində siqaret çəkdiklərini və bunun başqaları üçün narahatlıq yaratdığını deyib.
Deputat bildirib ki, televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır: "Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Bu gün televiziyalarda siqaretin reklamını elə göstərirlər ki, istər-istəməz çəkməyən adamda da siqaretə maraq yaranır. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır".
Milli Məclisin üzvü universitetlərin daxilində siqaret çəkən tələbələrin cərimələnməsinin vacibliyini vurğulayıb: "Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o, ümumiyyətlə siqareti də tərgidər. Türkiyədə taksidə belə yazılıb ki, "siqaret çəkmək olmaz, əks təqdirdə 60 lirə cərimə olunacaqsan". Onlar buna əməl etməyəni cərimə edirlər. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir. Belə ki, bununla bağlı cərimələr yazılmır".